Dekabrın 16-da Müdafiə Nazirliyində
general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin
iştirakı ilə 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara
dair geniş tərkibdə iclas keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin
Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad
Ələsgərov iştirak edib.
İclasda ümummilli lider Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
İclasda hesabat dövründə ordu quruculuğu
sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən
tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən
islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər
məsələlər müzakirə olunub.
Müdafiə naziri 2017-ci ildə xidməti döyüş
hazırlığının yekunları və 2018-ci tədris ilində qarşıda duran vəzifələr
haqqında geniş məruzə ilə çıxış edib.
Azərbaycan prezidenti İlham Əliyevin
Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi
qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər
ərzində əldə edilən nailiyyətlərdən danışıb.
General-polkovnik Z.Həsənov cari ildə
görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və
mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı
məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin
artırılması məqsədilə 2018-ci tədris ilində qarşıda duran əsas
vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyəti qarşısında
tapşırıqlar qoyub.
Müdafiə nazirinin əmrinə əsasən, 2017-ci
tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən
hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !