Avropadan Rusiyaya inanılmaz təklif: ABŞ təklənir

12:24 | 23.05.2018
Avropadan Rusiyaya inanılmaz təklif: ABŞ təklənir

Avropadan Rusiyaya inanılmaz təklif: ABŞ təklənir

Avropa Rusiyaya tətbiq edilmiş ABŞ sanksiyaları fonunda Moskva ilə iqtisadi əlaqələri bərpa edir. Almaniya kansleri Angela Merkel Putinlə Soçidə görüşüb. Britaniya "Rusal”la alüminium ticarətinə qoyulan qadağanı aradan götürməyə çalışır. Bolqarıstan prezidenti isə Qara dəniz vasitəsilə birbaşa qaz kəmərinin çəkilməsini təklif edir.

Axar.az Rusiyanın ətrafında ABŞ-ın iqtisadi rəqiblərinin formalaşması prosesi barədə yazını təqdim edir.
Soyuqlaşma ləğv edilir.

Soçidə Brüsselin də maraqla izlədiyi Vladimir Putinlə Angela Merkel arasında görüş xüsusi dostluq xarakteri ilə seçildi: ağ gül dəstəsi, gülümsəyən kansler və onun yeni rus hökumətinə rus dilində uğur arzu etməsi. Müşahidəçilərin sözlərinə görə, ölkələr 2014-cü ildən bu yana əməkdaşlığa maneə törədən ziddiyyətləri düzəltməyə müvəffəq olublar.

Hazırda Moskva ilə Berlinin yaxınlaşmaq üçün daha çox səbəbi var. Ən əsası isə biznesin normal fəaliyyətinə əngəl yaradan bitməyən sanksiyalardır. Məhz buna görə də ikitərəfli iqtisadi əlaqələr ilk plana çıxıb. Putin Rusiya və Almaniyada minlərlə iş yerinin taleyinin iki ölkənin əməkdaşlığından asılı olduğunu qeyd edib. Merkel isə Moskva ilə xoş münasibətlərə ehtiyac olduğunu və bunun Berlinin strateji maraqlarına cavab verdiyini bildirib.

Almaniya Rusiyanın Çindən sonra ikinci ən böyük ticari-iqtisadi tərəfdaşı sayılır. Rusiya Almaniyanın təbii qaz və neftə olan tələbatının üçdə birini ödəyir. 2014-cü ildən sonra ötən il ilk dəfə ölkələr arasında ticarət dövriyyəsi 25 faiz artıb.

Dağıdıcı təsir
ABŞ-ın yeni sanksiyaları yalnız alman deyil, eyni zamanda bütün Avropa biznesinə ağır zərbə vurdu. ABŞ-ın "Rusal”a qarşı sanksiyaları və dünya bazarına alüminium tədarükündəki kəsintilər nəhəng kompaniyaların işini demək olar ki, iflic hala salıb. Bəzi şirkətlər hətta iflasın eşiyində dayanıb və bağlanmaq təhlükəsi ilə üzə-üzədir.
"Der Şpigel”in yazdığına görə, alman metallurqlar siyasətçilərdən mümkün qədər tez bir zamanda razılıq əldə olunmasını və xammalın normal tədarükünü təmin etməsini istəyiblər.

"Yoxsa Almaniyanın bütün sənaye istehsalı ziyan görəcək”, - nəşr xəbərdarlıq edib.
Bundestaqda da Rusiyaya qarşı sanksiyaların Avropa üçün bəla olduğu etiraf edilib və "buzlaşma dövrü”nə son qoyulmasının zəruri olduğu qeyd olunub.
"Sanksiyalar başlıca olaraq Avropa və alman şirkətlərinə zərər vurur. Ona görə də sanksiyaları ləğv etmək bizim maraqlarımızdadır”, - Almaniyanın sol partiyasının həmsədri Sara Vaqenkneht deyib.

Bolqarıstan "Bolqar axını”nın yaradılmasını istədi
Rusiya ilə Almaniya arasında əməkdaşlığın təkanverici gücü "Şimal axını-2” olacaq. Merkel Putinlə bu kommersiya layihəsinin siyasiləşdirilməməsi barədə razılıq əldə edib. Putin isə öz növbəsində kansleri əmin edib ki, boru kəmərinin işə salınması Ukrayna vasitəsilə qaz tranzitinin dayandırılmasını nəzərdə tutmur.

Burada Merkelin "Ukraynaya zəmanət”lə bağlı sözlərinə baxmayaraq, yenidən iqtisadi maraqlar ön plana çıxır. Çünki "Şimal axını-2” vasitəsilə Berlinə qaz təchizatı Ukrayna marşrutundan çox daha ucuz başa gələcək.
Təbii qazın nəqlinə görə Bolqarıstan da əziyyət çəkmək istəmir. 2019-cu ildən sonra bu Balkan ölkəsinə təbii qazın nəqlinin "Türk axını” vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bolqarıstan prezidenti isə Rusiya ilə ölkəsi arasında birbaşa qaz kəmərinin çəkilməsini istəyir.
Britaniya
Kontinental Avropa rus qazını tez bir zamanda və ucuz şəkildə almağı düşündüyü bir vaxtda, "Rusal”la alüminium ticarətini qadağan edən London qərarını yenidən nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Bu arada isə geosiyasi vəziyyət istiləşməyə davam edir. May ayının əvvəlində ABŞ İranla nüvə proqramı ilə bağlı tarixi müqaviləni tərk edib, Tehrana misilsiz təzyiq göstərməyə söz verdi. Vaşinqtonun yeni müqavilə bağlamaq üçün irəli sürdüyü on iki şərt tarixin ən ağır sanksiyası ola bilər. Ağ Ev onlara qoşulmaq üçün Avropa İttifaqına çağırış edib.

Ancaq görünür, Avropa (ABŞ-ın rus şirkətlərinə qarşı sanksiyalarına görə təkcə Almaniyanın 1.5 milyard avro itirmək təhlükəsi var) başqalarının məqsədlərinə görə özünün iqtisadi aktivliyini qurban vermək niyyətində deyil.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM