ABŞ 2018-ci il üçün neft proqnozlarına dəyişiklik edib

Cəmiyyət 13-09-2017 23:00
ABŞ 2018-ci il üçün neft proqnozlarına dəyişiklik edib
Tələb azaldılıb, hasilat isə artırılıb.

ABŞ-da neft hasilatı üzrə artım tempinin 2018-ci ildə yavaşlayacağı və 9,84 mln. barel/gün təşkil edəcəyi proqnozlaşdırılır. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu məlumat ABŞ Energetika Nazirliyinin 2018-ci il üçün neft bazarı proqnozları ilə bağlı sentyabr hesabatında yer alıb. Qeyd edək ki, avqust ayında açıqlanan proqnozda 2018-ci ildə hasilatın 9,91 mln. barel/gün olacağı ehtimal edilirdi.

Həmçinin, 2018-ci ildə neftə tələbatın proqnozu avqust hesabatı ilə müqayisədə 70 min barel/gün azaldılaraq 99,95 mln. barel/gün təşkil edib. Dünya neft hasilatı proqnozu isə 100,21 mln. barel/gündən 100,28 mln. barel/günə yüksəldilib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı son 4 həftədən 3-ündə azalma göstərib. Neft hasilatı isə fevral ayından bugünədək ilk dəfə 9 mln. barel/gün səviyyəsindən aşağı düşüb. Buna səbəb, ABŞ-da tüğyan edən qasırğalar olub. ABŞ Energetika Nazirliyi bu səbəbdən 2017-ci il üçün ölkə üzrə orta gündəlik neft hasilatı üzrə proqnozunu 9,35 mln. bareldən 9,25 mln. barelə endirib.

Nazirlik avqust proqnozu ilə müqayisədə 2018-ci il üçün "WTI" markalı neftin qiymət proqnozunu 48,88 dollar/bareldən 48,83 dollar/barelə qədər azaldıb, "Brent" neftinin qiymət proqnozunu isə 51,58 dollar/bareldə saxlayıb.
www.anews.az