ABŞ-da çıxan antologiyada hansı Azərbaycan yazarları var?

19:24 | 18.02.2014

Amerikanın nüfuzlu Trafford nəşriyyatında «Müasir Azərbaycan qadın nəsri» (Modern Azerbaijani Women’s Prose. Bloomington, Trafford Publishing, 2014, 698 page) antologiyası nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr. İrəc İsmaeli nəşrə hazırlayıb. Yazıçılardan Əzizə Cəfərzadə, Sara Oğuz, Mənzər Nigarlı, Afaq Məsud, Nüşabə Məmmədli, Mehriban Vəzir, Günel Anarqızı, Zümrüd Yağmur, Natəvan Dəmirçioğlu, Aygün Həsənoğlu, Gülşən Lətifxan, Eluca Atalı, Xumar Ələkbərli, Xuraman İsmayıl, Sevinc Nuruqızı, Təranə Vahid, Afaq Şıxlı, Cavidan, Şəlalə Əbil, Şahnaz Kamal, Ruqiyyə Səfəri və başqalarının əsərlərini özündə birləşdirən antologiya Azərbaycan qadın nəsrinin son illərdə yaranmış ən yaxşı nümunələrini ehtiva etməkdədir. "Axar.az" xəbər verir ki, tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş qadın nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdiriblər: “Azərbaycanın qadın yazıçılarının əsərlərindən ibarət bu səpkili toplu ingilisdilli auditoriyaya, ümumən dünya oxucularına ilk dəfədir ki, təqdim olunur. Lakin qeyd etmək lazımdır ki, hər hansı bir xalqın ədəbiyyatının qadın yazıçılar müstəvisində oxuculara təqdim olunması müəyyən mənada şərti səciyyə daşıyır. Çünki məntiqi baxımdan bədii ədəbiyyatın cinsi müstəvidə fərqləndirilməsi uyğunsuz görünə bilər və burada gender amili ilə yanaşı, ekzotik baxış bucağının mövcudluğu da diqqəti çəkir”. Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınıb.  Antologiyada diqqəti cəlb edən faktlardan biri də odur ki, orada Quzey Azərbaycanla yanaşı, Vətənimizin Güneyində və mühacirətdə yaşayan qadın yazarların əsərlərindən də örnəklər verilib. Kitabı www.trafford.com, www.amazon.com,  www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.

ANN.Az