ABŞ-dan Azərbaycan sərhədlərində sensasiyalı addım

13:30 | 23.10.2018
ABŞ-dan Azərbaycan sərhədlərində sensasiyalı addım

ABŞ-dan Azərbaycan sərhədlərində sensasiyalı addım

ABŞ-ın Orta və Uzaq Mənzilli raketlərin məhv edilməsi anlaşmasından çıxmaq istəyi anlaşılandır. Anlaşma keçmiş SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanıb. O zaman "soyuq müharibə” hələ bitməmişdi, iki fövqəlgüc xeyli raketlərə malik idi və hərbi toqquşma ehtimalını azaltmaq üçün həmin sazişi imzalamağa ehtiyac var idi.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq 30 il keçdiyini, SSRİ-nin artıq olmadığını, Çin, İran, Pakistan və Hindistan kimi ölkələrin də orta və uzaq mənzilli raketlərə malik olduğunu qeyd edib.

"Onlar vaxtilə nə SSRİ, nə də ABŞ-la oxşar saziş imzalayıblar. Ona görə də istədikləri qədər raket istehsal edə bilərlər. Bu isə ABŞ-ı narahat edir. ABŞ anlaşmaya riayət edərək rəqib hesab etdiyi ölkələrin Avrasiya bölgəsində hegemonluğuna göz yummaq istəmir və ona görə anlaşmadan çıxır. Bundan başqa Vaşinqton hesab edir ki, SSRİ-nin varisi olan Rusiya yeni növ raketlər istehsal etməklə anlaşmanın şərtlərini illərdir pozur. Buna görə də 30 il əvvəl imzalanan sazişini əhəmiyyəti qalmayıb”.



Bundan sonra nə baş verə biləcəyinə gəlincə, E.Şahinoğlu hesab edir ki, ABŞ sazişdən çıxdıqdan sonra Avropa Rusiya ilə üz-üzə qalacaq:

"Çünki ABŞ anlaşmadan çıxırsa Rusiya da anlaşmadan çıxacaq və orta - uzaq mənzilli raketlərin istehsalını gücləndirəcək. Bu isə ilk növbədə Avropa üçün təhlükə mənbəyinə çevriləcək. Belə olan halda bəzi Avropa ölkələri ABŞ-dan onları Rusiya təhlükəsindən qorumalarını istəyəcəklər. ABŞ öz raketlərini Avropa qitəsində yerləşdirməyə başlayacaq. 1980-ci illərin əvvəllərində də ABŞ "Perşinq” raketlərini köhnə qitədə yerləöşdirmişdi. Tarixin təkrarlanması ehtimalı böyükdür”.

Bundan başqa, politoloqun sözlərinə görə, ABŞ Avropa ölkələri ilə yanaşı raketlərini qonşu Gürcüstanda da yerləşdirə bilər.



"Əlbəttə, bu Rusiyanı ciddi narahat edəcək. Ancaq Rusiya orta və uzaq mənzilli raketlərin yenidən istehsalına başladıqdan sonra qonşuluqda Moskva ilə problemləri olan ölkələr – Litva, Latviya, Estoniya, Ukrayna və Gürcüstan ABŞ-dan dəstək istəyəcəklər. ABŞ-ın Gürcüstandakı hərbi bazalarını rəsmiləşdirməsi Azərbaycanın maraqlarına uyğundur. Rusiyanın Ermənistandakı hərbi bazaları Azərbaycan üçün təhdiddir. ABŞ-ın Gürcüstandakı hərbi bazaları isə bölgədə qüvvələr nisbətində balans yaradacaq. Digər tərəfdən ABŞ-ın Gürcüstanda hərbi varlığı Azərbaycanın enerji layihələrinin təhlükəsizliyini də təmin edəcək. Onsuz da Vaşinqton Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Elə bütün bu mövzuları müzakirə etmək üçün ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bölgədədir”, - o əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb