Azərbaycan: Avropa məsləhəti sayəsində böhrandan xilas olub böyüyən şirkət

18:50 | 23.08.2018
Sermar MMC - Bakıda Avropanın aparıcı şirkətlərinin istehsal etdiyi keramik plitə və aksesuarların satıldığı mağazadır. 2000-ci ilin əvvəllərində tikinti materiallarının  satıldığı kiçik bir dükan kimi fəaliiyətə başlayan  şirkət o vaxtdan uzun bir yol qət edib.


"Həmin dövrdə bu 15-20 kvadrat metr sahəni əhatə edən kiçik bir mağaza idi” , şirkətin sahiblərindən biri Aydın Əliyev xatırlayır. "12-13 il bu formada çalışıb. Daha sonra mən  başqa bir partnyorla bura qoşulduq və yeni investisiyalar yatırdıq. Həmin vaxt bu şourumu biz icarəyə götürdük. Yeni ad qoyduq. 2013-cü ildən şirkət Sermar adlanır”.

Şirkətin işi  öz axarınca gedirdi və  satışlar yüksəlirdi.  Lakin dünya bazarında neftin qiymətinin ucuzlaşması nəticəsində ölkənin milli valyutası olan manat dəyərdən düşdü.  Ölkə iqtisadiyyatının neftdən asılılığı səbəbindən baş verən iki devalvasiya manatı ABŞ dollarına qarşı  kəskin  ucuzlaşdırdı. Nəticədə ölkəyə gətirilən  mallar  bahalaşdı və bu inflyasiyaya gətirib çıxardı. Bütün bunların fonunda əhalinin alıcılıq qabiliyyəti kəskin aşağı düşdü. Həmin vaxt inşaat sektorunda işlər  yavaşladığı üçün tikinti materiallarına olan tələbat da  qəfil azaldı. Belə çətin bir dönəmdə  Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi və Avropa İttifaqının "EU4Business” təşəbbüsü  altında maliyyələşdirdiyi layihə çərçivəsində  beynəlxalq konsultantlar köməyə gəldilər.

Büdcəsi 60,000 avro təşkil edən layihənin xərclərinin 15%-i "Sermar” MMC tərəfindən qarşılanıb. İki mərhələdən ibarət layihənin birinci etapında, keramika sektorunda 30 il təcrübəyə malik italiyalı sahibkar və biznesin inkişaf etdirilməsi üzrə təlimçi Korrado Ferfoqlia şirkətə konsultasiya xidməti göstərib.
 "2016-cı  ildə böhran səbəbindən bir çox mağazalar bağlandı. Tələb azaldı.Borcları ödəmək lazım idi.O, bizə böhranın idarəolunması ilə bağlı hərtərəfli plan hazırladı. Onun təklifi ilə biz ambarın yerini dəyişdik.O bizə ambar qalıqlarının idarəolunmasını öyrətdi. Həmin vaxt bu bir çox bizneslərin  problemi oldu.  Birdən-birə tələb azaldı və ambar qalıqları yatmağa başladı. Təchizatçılara borclarımız var idi”,- deyə A.Əliyev xatırlayır.

Bir çox biznes subyektləri vəziyyətin tezliklə yaxşılaşacağına ümüd edərək gözləmə mövqeyi seçməyə üstünlük verdi.

"Korrado Ferfoqlia bildirdi ki, hansısa tədbirlər görülməsə vəziyyət daha da pisləşə bilər çünki ambarda mallar qalacaq öhdəliklərin isə vaxtı çatacaq. Mallar nisyə alınmışdır. Baxmayaraq ki, biz malları devalvasiyadan əvəl aldığımız üçün köhnə qiymətlə təklif edirdik tələbat yenə də aşağı idi. Dövriyyə dəfələrlə düşmüşdür. Korrado bildirdi ki, köhnədən qalan malı əritmək üçün mütləq endirim kampaniyaları  keçirmək lazımdır.Bunun uçün yaxşı plan hazırladı” – deyə Aydın Əliyev bildirir.

Atılan addımın nəticəsi özünü çox gözlətmədi. Lakin rəqib şirkətlər bu sahədə böyük çətinliklər yaşadılar.

"Onun konsultasiyası nəticəsində biz ambarda qalan malların idarə olunmasını çox yaxşı təşkil elədik, bütün borc öhdəliklərimizi vaxtında yerinə yetirdik. Heç bir təchizatcı qarşısında öhdəliyimiz qalmadı. Ona görə də onlar bizim uzunmüddətli tərəfdaşlarımıza çevrildilər və onlarla bugünə kimi əməkdaşlığımız davam edir. Lakin rəqib şirkətlərin bu sahədə çox sayda çətinlikləri oldu. Çünki onlar  heç bir tədbir görmədilər və əvvəlki dövriyyələrin bir neçə ay sonra dönəcəyinə ümid etdilər və bu baş vermədi”-Aydın Əliyev bildirir.

Ferfoqlia, Sermer şirkətinin rəhbərliyi ilə yanaşı işçi heyyətinə  biznesin xüsusiyyətləri haqqında  təlim keçib.Şirkətdə baş satış məsləhətçi  işləyən Dadaş Ələkbərov təlimdə iştirak edən əməkdaşlardan biri olub.


"Cənab Korrado mənə və personalımıza keramik plitələrin bütün texniki xüsusiyyətlərini, Avropa standartlarına uyğun texniki göstəricilərin təyin edilməsi, testlərin aparılma metodlarını və ən əsası müxtəlif istifadə təyinatlarına görə, tələbata uyğun olaraq keramik plitələri texniki xüsusiyyətlərinə görə təsnifatlaşdırmağı öyrətdi. Həmçinin müxtəlif müştəri kateqoriyalarına yönəlik düzgün satış taktiklərini və komanda işinin effektiv təşkili yollarını da izah etdi”- Dadaş Ələkbərov  bildirir.


Təlim proqramından həmçinin şirkətin satış məsləhətçisi Sadıq Nəsibov  faydalanıb.


"Cənab Korrado mənə tikinti şirkətləri, memarlar, dizayn studiyalar və digər  potensial sifarişçilərlə görüşlərin təşkil olunması üçün hədəf qruplarının təyin olunması və səmərəli təsnifatlaşdırılmasını  və görüşlərin  planlama metodlarını öyrətdi”.-S.Nəsibov  təlim haqqında fikirlərini bölüşür.


"Bu adam  çox yaxşı mütəxəssis idi. Bizim əməkdaşlarımızın həm işçi heyyətin, həm də müdirlərin  biznes  sahəsində bilikləri lazımi səviyyədə deyil idi. Onun köməkliyi ilə  əməkdaşlarımızda bilik bazası yarandı hansı ki müştərilərə çox vacibdir. Çünki müştəri gəlib sual verəndə, hansısa satış məsləhətçisi sualına cavab verə bilməyəndə  satış itirilmiş hesab olunur. Korrado bizim bütün mövcud malları interyer, eksteryer, isti və soyuğa davamlılığına görə qruplaşdırmağı bizə izah etdi. Bütün nəzəri bilikləri əldə etdik ondan”- deyə -A.Əliyev  bildirir.
 
Layihə çərçivəsində şirkətin əməkdaşları üçün İtaliyaya səfər təşkil olunub. Onlar keramika məhsulları istehsal edən bir sıra zavodlarda olaraq istehsalat prosesi ilə yerində tanış olmaq imkanı qazanıblar.
 
"Onlar şourumlarda oldular, məhsulların orada necə təşkil olunmasını əyani gördülər. Bu fərqli bir təcrübə idi. AYİB-in köməkliyi ilə sərhədlərdən kənar  çıxıb bu sahədəki təcrübəni öyrənə bildik. Bu həm də birbaşa müştəri ilə çalışan işçilər üçün yaxşı motivasiya oldu. Biz onunla hələ də  dostuq, danışırıq, yazışırıq,ünsiyyət saxlayırıq”- A.Əliyev deyir.


Layihənin ikinci mərhələsi Bosniya və Herseqovinadan olan  marketinq mütəxəssisi Alma Nefiçin dəstəyi ilə 2017-ci ilin əvvəlində həyata keçirilib.


"Xanım Alma Nefiç bizim üçün yaxşı plan qurdu və bu günə kimi biz bu planı hissə-hissə tətbiq edirik. Həmin dövrdə bazarda satış indiki səviyyədə deyil idi. Alma Nefiç böhrandan sonrakı dövr üçün bir plan hazırladı ki, alıcılıq qabiliyyətinin yüksələn və tələbin yarandığı dövrdə biz  bazara hazır olaq. Yeddi-səkkiz ay sonra doğurdan bu baş verdi. 2017-ci ilin sonunda 2018-ci ilin əvvəlində tikinti sektorunda canlanma başladı. Hazırda Bakı şəhərində 300-ə yaxın  bina inşa olunmaqdadır. Bu da planla üst-üstə düşdü.Onun hazırladığı plan sayəsində bazarın artan dövrünə  biz hazır olduq.”

Xanım Nefiç həmçinin şirkətin rəsmi internet və sosial media səhifələrinin yaxşılaşdırılması ilə bağlı məsləhətlər verdi. Burada məqsəd müştəriləri daha yaxşı xidmət ilə təmin etmək idi.

"Bu sektor elədir ki, adətən alışda müştərilər gəlib yerində baxırlar, seçirlər. Amma ilkin təəsürat formalaşdırmaq üçün və ya sonradan sualları cavablandırmaq üçün həm vebsayt, həm də sosial şəbəkə çox vacibdir”.

Ölkədə biznes mühitin yaxşılaşdırılması ilə bağlı hökümətin həyata keçirdiyi iqtisadi islahatlar daha çox insanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa sövq edir. Sahibkarlıq sahələrində yoxlamalar dayandırılıb və hazırda beynəlxalq təcrübə nəzərə alınaraq yeni vergi və gömrük məcəllələri hazırlanır. 
Aydın Əliyev bildirir ki, avropalı eksperlərin məsləhətləri və ölkədə aparılan iqtisadi islahatlar  nəticəsində  biznesi canlanmağa başlayıb və hazırda əsas tikinti şirkətləri ilə əməkdaşlıq edir. Şirkətin son müştəriləri arasında Azərbaycanın aparıcı təhsil müəssisələrindən olan ADA universiteti də var. Yeni  inşa edilən kampusun döşəmə və fasadın üzlənməsində istifadə olunan materialları şirkət təchiz edir.  Şirkətin məhsullarından həmçinin paytaxtda bir çox şadlıq sarayları və yaşayış binalarının inşasında  istifadə olunub.

Şirkətin birgə mülkiyyətçiləri indiki şorumlarının yaxınlığında böyük bir yer satın alıblar. Gələcəkdə orada daha böyük şourum tikməyi və bizneslərini genişləndirməyi  planlaşdırırlar. Gələn il şirkət həm də Azərbaycanın regionlarında məhsullarının satışını təşkil etməyi nəzərdə tutub.
 









www.anews.az