Azərbaycan yolayrıcında: KTMT yoxsa NATO?

13:58 | 18.08.2018
Tədricən cəmiyyətdə, siyasi elitada, politoloqlar və analitiklər çevrəsində Azərbaycanın hərbi-siyasi blok seçimi ilə bağlı taleyüklü məsələ ətrafında müzakirələr yaranır. Belə ki, bu bloka qoşulma müəyyən dərəcədə ölkənin təhlükəsizliyinə və geosiyasi sabitliyinə xidmət edəcək. Bu müzakirələr bəlli dərəcədə spekulyasiya və alver xarakteri daşıyır, KTMT və NATO-nun "pryanik və qamçı” arasında tərəddüdlərə hesablanıb. Belə ki, Azərbaycan öz iştirakçılarından hərbi-siyasi bloklara qoşulmaqdan çəkinməyi tələb edən Qoşulmama Hərəkatının üzvüdür. Etiraz etmək olar ki, Qoşulmama Hərəkatının üzvü olan Belarus KTMT-ya daxildir. Ancaq bu nümunə istisnadır. Təkcə Azərbaycan yox, Gürcüstan da KTMT-nin üzvü olub.

1992-ci ilin mayında Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsini (KTMT) imzalayıblar. Azərbaycan sazişi 24 sentyabr 1993-cü ildə, Gürcüstan 9 sentyabr 1993-cü il, Belarus 31 dekabr 1993-cü ildə imzalayıb. Müqavilə 20 aprel 1994-cü ildə qüvvəyə minib və 5 il uzadılması nəzərdə tutulub. 1999-cu il aprelin 2-də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri müqavilənin növbəti beş il müddətinə uzadılması haqqında protokol imzalayıblar. Lakin Azərbaycan, Gürcüstan və Özbəkistan müqaviləni uzatmaqdan imtina ediblər.
Müxtəlif vaxtlarda bu və ya digər blokun tərəfdarları və rəqibləri "pro" və "kontra" kimi çoxsaylı arqumentlər irəli sürürdülər. Məsələn, 2008-ci ildə qeyd olunurdu ki, Azərbaycan silahları sovet modellidir və KTMT-yə daxil olmaqla eyni alışları aşağı qiymətlərlə etmək olar: və bu zaman Rusiyanın Qarabağa dair siyasətində dəyişiklik gözləmək olar, Ermənistanla Azərbaycan isə rəsmən döyüşməyəcəklər; Ermənistan hərbi münaqişə zamanı KTMT-nin yardımına ümid edə bilməz; nəhayət, regional təhlükəsizlik artacaq. Nəzərə almaq lazımdır ki, Rusiya ilə sıx bağlı olan Ermənistan NATO və Aİ ilə əməkdaşlıqdan faydalanır. Azərbaycan və Rusiyanın iqtisadi və siyasi cəhətdən yaxınlığına da istinad edilib. Qeyd olunub ki, KTMT-yə daxil olmaq problem yaratmayacaq, çünki Rusiya Qafqazda belə müttəfiqinin olmasını istəyir ki, NATO-nun bu regionda genişlənməsini dayandırsın. Deyilir ki, KTMT-yə daxil olmaqla biz Ermənistanın əl-qolunu bağlayacağıq və danışıqların yeni mərhələsinə ən yaxşı mövqelərdən başlayacağıq. Ona görə bu seçim bugünkü hərbi neytrallıqdan yaxşıdır.
KTMT əleyhdarlarının arqumentləri ondan ibarətdir ki, tez və ya gec Aərbaycan daha müasir Qərb silahlarına keçəcək və NATO standartlarına nail olmağa can atacaq; Azərbaycan KTMT-ya daxil olduğu halda Rusiyanın ermənipərəst siyasəti ən yaxşı halda neytral vəziyyətdə olacaq, Bakı isə işğal edilmiş torpaqları hərbi yolla qaytarmaq imkanlarından məhrum olacaq; KTMT (oxu - Rusiya) zərurət yaranarsa Azərbaycan ərazisində hərbi bazaların yaradılmasını tələb edə bilər. (AR Konstitusiyasında deyilir: Azərbaycan ərazisində xarici dövlətlərin hərbi bazalarını yerləşdirmək olmaz). Azərbaycan KTMT-yə daxil olmaqla Qərb və RF arasında manevr etmək siyasətini yürütmək imkanlarını itirir.
NATO kimi tarixi, ənənələri olan qurumu KTMT kimi inkişaf perspektivi olmayan, marginal təşkilatla müqayisə etmək olarmı? KTMT-yə daxil olmaqla Azərbaycan nəinki inkişaf vektorunu və mövcud balansı dəyişəcək, həm də Qərblə bağlı bəzi mövcud və layihələndirilən nəqliyyat-kommunikasiya və energetika layihələrinə yenidən baxmaq təhlükəsi ilə üzləşəcək. Odur ki, Azərbaycan istəsə belə, KTMT-yə daxil ola bilməz.
Digər təhlükə yeganə müttəfiqi - Türkiyə ilə münasibətlərin soyuqlaşması olacaq.
Rusiyanın Qarabağa dair mövqeyi yalnız o zaman dəyişəcək ki, o başa düşəcək ki, Azərbaycanı tamamilə əldə edib və o, Cənubi Qafqazda Rusiyanın forpostu kimi Ermənistanı əvəz edəcək.
Və Gürcüstan, Moldova və Ukraynanın təcrübəsini nəzərə alaraq, Azərbaycanın NATO-ya daxil olması intihar kimi bir şeydir. Azərbaycan öz ittifaqını yaratmalıdır: Türkiyə-Azərbaycan-İsrail.
Nə qədər ki Azərbaycan heç bir hərbi bloka daxil olmayıb, onu heç bir təhlükə gözləmir, odur ki, bu mövqedən imtina etmək ağılsızlıqdır.
Digər, gözlənilməz fikirlər də var. Qarabağ münaqişəsinin həllinə qədər Azərbaycan nə NATO-ya, nə də KTMT-yə daxil olmamalıdır. Bakı hərbi blokun üzvü olmaqla avtomatik olaraq hərbi blok tərəfindən öz silahlı qüvvələrinə nəzarəti tanımış olur. Məlumdur ki, hərbi blokun aparıcı dövlətləri təhlükəsizliyə zəmanət verərək bunun əvəzində blok üzvlərinin hərbi və xarici siyasətinin onlarla razılaşdırılmasını tələb edəcəklər.
İran və Rusiyanın Azərbaycanla birbaşa işi yoxdur. Onlara Moskva-Bakı-Teran yolu lazımdır. Qərb qıcıqlanacaq, ancaq başa düşəcək ki, biz Rusiya və ya İranla güc mövqeyi və blokada hədəsi ilə danışa bilmərik. Qərbə lazımdırsa bu problemi özü həll etsin. Saakaşvilinin aqibətini unutmaq lazım deyil. Azərbaycan üçün ölkə vasitəsilə qlobal kommunikasiyalar nə qədər çox olarsa, şantajçı mövqeyi o qədər rahat olar. Gürcüstan və Rusiya, İran və Qərb, Türkiyə və Ermnistan arasında gizli ticarət üçün Bakının nəzarəti altında Naxçıvanda azad iqtisadi zona yaratmaq olar.
Qonşu ölkədən də məsləhətə qulaq asmaq lazımdır: "Mən gürcüstanlıyam, sorğuda iştirak etmək hüququm yoxdur. Ancaq icazə verin, öz fikrimi söyləyim:
"Azərbaycan dinc yaşayır, çünki neytral siyasət yürüdür, Gürcüstan isə Qərbə və NATO-ya can atır. Azərbaycan bizə kömək edir (qaz, siyasi dəstək) və bu, yetərlidir. Əgər siz neytrallığı pozmağa cəhd edərsiniz, NATO-ya daxil olmaq istəyərsiniz, Qarabağda təxribatlar başlayacaq, Azərbaycan qəsəbələri atəşə tutulacaq, haradan uçub gəldiyi məlum olmayan təyyarələr sizin şəhərləri bombalayacaq, ləzgilər tarixi vətənləri ilə birləşmək istəyəcək, bəlkə talışlar da (ya da onların adından başqaları) hərəkətə keçəcəklər. Ermənistan ordusu hücuma keçəcək və "Bakurakert"i verməyi tələb edəcək, Rusiya isə "sülhyaratma" missiyasını yerinə yetirəcək.
KTMT-yə daxil olmaq istəyəcəksiniz, Bakıda narıncı qızılgüllər görəcəksiniz. Odur ki, sakit həyatdan həzz alın. Biz NATO-ya daxil olaq, sonra siz. NATO-ya daxil olmaq sizin üçün asan olacaq. Biz sizə kömək edərik".
KTMT əleyhdarlarının arqumentlərini davam etdirək. Əgər Azərbaycan KTMT-yə daxil olarsa, tamamilə mümkündür ki, Rusiya seçimə görə mükafat kimi və dünyada imicinin yaxşılaşması üçün 5 rayonu (Laçın və Kəlbəcərsiz, təbii ki, Dağlıq Qarabağsız) bizə geri versin, Ermənistanla sülh, daha dəqiq desək, aralıq sülh müqaviləsinin imzalanmasına yardım etsin. Əvəzində isə biz Qarabağı həmişəlik itiririk, əlavə qazın hamısını Rusiyaya satmalı olacağıq, şimal marşrutu üzrə neft nəqlini artırmalı olacağıq, bir sözlə, təkcə siyasi yox, iqtisadi baxımdan da Rusiyadan asılı olacağıq.
Əgər NATO və Qərbi seçsək ilkin vaxtlarda Rusiya tərəfdən güclü təzyiqlər hiss etməyimiz tamamilə mümkündür. Bizim vətəndaşların Rusiyadan çıxarılması ilə üzləşə bilərik, Ermənistanla sərhəd rayonlarda təxribatlar ola bilər, Qarabağda lokal döyüşlər başlaya bilər ki, bu da müharibəyə çevrilər. Rusiya bizim ölkənin şimalında Rusiya pasportlarının verilməsini (bu proses artıq gedir) genişləndirə bilər və istənilən vaxt Grücüstan ssenarisini təkrarlaya bilər. Əgər bizim rəhbərlik və bütün xalq Rusiyanın təzyiqləri qarşısında dayanarsa, bundan sonra torpaqlarımızı geri ala bilərik, yaxşı təlim keçmiş ordu ilə daha güclü olarıq və Rusiyanın bizim regiondan birdəfəlik çıxarılması üçün Ermənistanın Qərbə meyllənməsində Qərb üçün böyük vasitə ola bilərik. İqtisadi mənfəətlərimiz, dəstək, investisiya, aparılan islahatlarda praktiki yardıma malik olacağıq.
Etiraz: Təhlükə ondan ibarətdir ki, biz artıq neytral ölkə ola bilmərik və "balanslaşdırılmış siyasət" yürüdə bilmərik. Və Qərblə bağlı seçimdə bizim hakimiyyətin qarşısındakı əsas maneə ondan ibarətdir ki, Qərb kursu islahatlar tələb edir. Bax, bu da qəbuledilməzdir! Odur ki, qorxuram ki, bizim "gəmi" Şimal tərəfə yan alsın...
Bakı 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulub. KTMT-yə üzvlük haqqında söhbətlər, yumşaq desək, şübhəlidir. Bakı istənilən hərbi-siyasi alyansda iştrakdan qaçır. İndiyədək faktiki olaraq Azərbaycan və "böyük qardaş" Türkiyə arasında hərbi ittifaq yoxdur. Neftlə zəngin, çoxlu pulu olan, İsrail, Pakistan, Türkiyə ilə sıx hərbi-texniki əməkdaşlığı inkişaf etdirən Azərbaycanın nəyinə lazımdır KTMT-yə üzv olmaq?
Qərblə münasibətlərin pisləşdiyi məqamlarda rəsmi şəxslərin və deputatların populist bəyanatları səslənir: "Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Rusiya ilə münasibətləri yoluna qoymalıdır. Onsuz da Qərb və NATO bu məsələdə Azərbaycanı dəstəkləyir (deputat Qüdrət Həsənquliyev, 26.11.2009). Azərbaycan KTMT-yə daxil olub Dağlıq Qarabağın qaytarılmasının əvəzində Rusiya hərbi bazalarını yerləşdirməlidir".
Deputat Aydın Mirzəzadə hesab edir ki, rəsmi Bakı bir şərtlə KTMT-nin üzvü ola bilər: "KTMT Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləməlidir. O, Ermənistandan tələb etməlidir ki, qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsın. Bundan sonra Azərbaycan bu təşkilatla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edə bilər. Hesab etmirəm ki, Azərbaycan məcburi qaydada hansısa bloka daxil olmalı və onun strategiyasının reallaşmasında iştirak etməlidir. Lakin bu gün bəzi sahələrdə KTMT ilə əməkdaşıq mümkündür. Lakin nə qədər ki Ermənistan təşkilatın tamhüquqlü üzvüdür və təşkilat Ermənistanın işğalçılıq siyasətini qiymətləndirməyib, KTMT ilə hər hansı sahədə əməkdaşlıq istisna olunur".
İrəli sürülən şərt Moskvaya bir daha işarə edir ki, Qarabağ münaqişəsində Azərbaycanın tərəfini tutarsa Rusiya bunun əvəzində çox şey alacaq.
Prezidentin köməkçisi Əli Həsənov: "Azərbaycan çoxdan KTMT-nin üzvü olardı, əgər..."
Bu arada Ermənistan nümayəndəsi Yuri Xaçaturov 2017-ci il aprelin 14-dən KTMT-nin yeni baş katibidir.
Dağlıq Qarabağ münaqişəsinin həllindən ötrü Azərbaycanın KTMT-yə daxil olması barədə fikirlər bu günlərdə Milli Məclisdə yenidən səslənib.

www.anews.az