Azərbaycanda hansı universitetlər birləşdirilə bilər?

16:15 | 08.10.2018
Azərbaycanda hansı universitetlər birləşdirilə bilər?

Azərbaycanda hansı universitetlər birləşdirilə bilər?

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır: "Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”. 

Həqiqətən də ölkəmizdə universitetlərin birləşdirilməsinə ehtiyac varmı? Hansı universitetlər birləşdirilə bilər?

Bununla bağlı BiG.AZ-a danışan deputat Zahid Oruc bildirib ki, universitetlərin birləşdirilməsi və ali məktəblər arasında fəaliyyətin əlaqələndirilməsi müzakirə mövzusuna çevrilib:
 
"Bildiyiniz kimi müəllim hazırlayan ali məktəblərin hər biri Pedaqoji Universitetdə birləşdirildi. Müəllimlər Universiteti və filialları ləğv edildi. O cümlədən ayrı-ayrı ali məktəblərin nəzdində fəaliyyət göstərən fakültələr bağlandı. Biz bununla da ölkədə pedaqoji işin təşkili ilə bağlı müəllim hazırlığını həyata keçirən, onların orta və ali məktəblərdə yerləşdirilməsini təmin edən ən mühüm qurum kimi konkret bir universiteti tanımış olduq. Bu gözəl bir ənənədir. Son dövrlər müəllim sənətini keçən abituriyentlərin qəbul balı 500-ü keçməkdədir. Bu da gələcəkdə imkan yaradacaq ki, səviyyəli və savadlı gənclərimiz formalaşsın. Yerdə qalan digər sahələrdə də biz müəyyən uzlaşmanın şahidi oluruq. Ancaq özəl universitetlərin birinin digərinə inteqrasiyasını aparmaq o qədər də asan deyil. Çünki həmin universitetlərə müəyyən vəsaitlər qoyulub, infrastruktur yaradılıb. Ani inzibati qərarla onları ləğv etmək düzgün olmazdı. Bu, sahibkarlıq hüququna toxunmaq deməkdir. Hörmətli millət vəkilimiz Fazil Mustafa daha çox əmək bazarının durumunun öyrənilməsi məsələsini diqqətə çatdırdı. Ölkəmizdə təhsil sferasında rəqabət çox güclü şəkildə getməkdədir”. 
 
Deputat vurğulayıb ki, dünənki ixtisar sabah üçün gərəksiz ola bilər:

"Tibb sahəsində istənilən bir əməliyyatı barmağındakı köməkçi düymə ilə asanlıqla edə bilirsən. Amma 50 il bundan qabaq bunu ağlına gətirmək belə mümkün deyildi. Belə olan təqdirdə sürətli bir şəkildə bu prosesi izləmək, ən qabaqcıl tendensiyaları göz önünə gətirmək və sürətlə universitetləri bu sistemə uyğunlaşdırmaqdan söhbət gedirdi. Dünyada ali təhsillə bağlı müxtəlif ölkələrin hədəfləri var. Cənubi Koreyada istəyirlər ki, hər kəs ali təhsilli olsun. Onların iş tapıb və ya tapmaması ikinci planda qalır. Təhsilli insanın həyata baxışı fərqli olur. Universitetlər ləğv olunsa biz işsizlik problemindən qurtula bilərik fikrini ifadə etmək düzgün deyil. Verilən diplomların yararlı olmasını istəyiriksə, universitetlərdəki çevikliyi artırmalıyıq. Daha çox müasir tədris planlarını tapmalı və Avropanın qabaqcıl universitetləri ilə əlaqə qurmalıyıq. Belə olan təqdirdə təhsil millətin təhlükəsizlik və inkişafının ayrılmaz hissəsi olacaq. Düşünürəm ki, millət bir universitet formasına gəlmiş olacaq. Dünyada təhsilli millətlər öndədir. Ötən əsrdə Finlandiya iqtisadi və sosial problemlər yaşayanda yalnız təhsil xərclərini ixtisara salmadı. 20 il keçəndən sonra həmin gənclər həyata atılıb. Düzdür, barmaqla sayılacaq qədər yalnız neqativlərlə işləyən, tələbələri hansısa maddi yolla kursdan-kursa keçirənlərlə bağlı müəyyən addımlar atılmalıdır. Amma bütövlükdə isə son dövrlər təhsil sahəsində böyük irəliləyişlər var. Tanıdığım bir çox universitetdə şəffaflıq mövcuddur. Amma bundan da yaxşı uğurlarımız ola bilər”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti