Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

12:12 | 17.04.2018
Azərbaycanda ilk dəfə keçirilməsi nəzərdə tutulan maliyyə sərgisi gələn ilin ortalarında baş tuta bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının (AFBİA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə görüşündə müzakirələr aparılıb.

Görüş ASA-nın sədri Mustafa Abbasbəyli, ABA-nın sədri Zakir Nuriyev, AMFİA-nın İdarə Heyətinin sədri Ceyhun İbrahimov və AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşovun iştirakı ilə baş tutub.

Görüşün əsas müzakirə mövzusu maliyyə sərgisinin keçirilməsi olub. Sərginin məqsədi maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi və təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarət olduğu bildirilib.

Görüşdə sərgiyə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və maliyyə sərgisinin gələn ilin ortalarında keçirilməsi qərara alınıb.

www.anews.az

Xəbər lenti