Bu gün böyük sazişin imzalanması mərasimi başlayıb

Siyasət 14-09-2017 11:15
Bu gün böyük sazişin imzalanması mərasimi başlayıb
Bakıda "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimi keçirilir.

anews.az xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələri iştirak edirlər.

Ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

AÇG Bakıdan şərqdə - təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratmetrdən çox ərazini əhatə edir.

Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG blokunun işlənməsi üçün mövcud Hasilatın Pay Bölgüsü sazişi (PSA) 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.
www.anews.az