Dəhşətli müharibəyə DOĞRU, Azərbaycandan hücuma HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

20:31 | 20.06.2018
Dəhşətli müharibəyə DOĞRU, Azərbaycandan hücuma HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Dəhşətli müharibəyə DOĞRU, Azərbaycandan hücuma HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Müdafiə Nazirliyi Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb. Müdafiə naziri Naxçıvanda çox uğurlu əməliyyatın keçirildiyini deyib. ABŞ iyunun 21-də iki ədəd "F-35” qırıcısını Türkiyəyə təslim edəcək. Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub. ABŞ BMT-nin İnsan Haqları Şurasından çıxıb. Rusiya keçmiş Sovet İttifaqı ölkələrində ABŞ-ın tibbi-bioloji fəallığından narahat olduğunu açıqlayıb.
Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.
Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
"Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sərkisyan hakimiyyətini bitirdi.
Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir.
Müdafiə naziri Naxçıvanda çox uğurlu əməliyyatın keçirildiyini deyib. O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir.
"Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”. Bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqımünasibətləri haqqında sənəddə qeyd olunur.
"Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, - deyə sənəddə əlavə edilib.
Rusiya əlindən gələn hər şeyi edir ki, Dağlıq Qarabağ konfliktinin həllinə konstruktiv töhfə verə bilsin. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya tam olaraq ATƏT-in Minsk Qrupunun üzvü kimi öz roluna sadiqdir. O, Qarabağ məsələsinin Rusiya üçün ciddi məsələ olduğunu deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsində Rusiya istehsalı olan Su-30SM çoxfunksiyalı döyüş təyyarəsinin kabinəsində fotosunu paylaşdı.Bundan sonra Paşinyanın Su-30SM təyyarəsinə haradan mindiyi haqda müzakirələr başlandı. Ehtimallara görə, bu foto Rusiyanın Ermənistandakı "Erebuni” bazasında çəkilmiş ola bilər. Lakin daha çox Ermənistanın bu təyyarəni Rusiyadan aldığına dair ehtimallar önə çəkildi.
Ermənistan Müdafiə Nazirliyindəki mənbə "Regnum” agentliyinə Rusiya ilə Su-30SM təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıldığı haqda məlumat verib. Yaxın dövrdə Rusiyanın bu təyyarələri Ermənistana verə biləcəyi gözlənilir.
Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya çıxıb. Rusiyanın "Kommersant” nəşri Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.
"Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər 2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi. Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək niyyətindədir”, - deyə nəşr yazıb.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezidentinin” "müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb. T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.
"Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, - deyə T. Abramyan iddia edib.
Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra qorxuya düşüb.
İrəvan məhkəməsi çərşənbə axşamı qanunsuz silah saxlamaq və başqasının əmlakını mənimsəməkdə ittiham olunan Ermənistan müdafiə nazirinin keçmiş müavini, parlamentin deputatı Manvel Qriqoryanı həbs edib. O, iki ay müddətinə həbs olunub.
Qriqoryan şənbə günü Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.
MTX-nın mətbuat xidmətinin məlumatına görə, Qriqoryana məxsus binalarda aparılan axtarışlar zamanı on minlərlə patron, qumbara, partlayıcı maddə və atıcı silahlarla yanaşı, onlarla retro və müasir avtomobillərin olduğu maşın parkı, həmçinin üzərində "əsgərlər üçün" yazılmış ərzaq, gigiyena vasitələri, tibbi ləvazimatlar və hərbi forma aşkar edilib.
Ermənistan parlamenti çərşənbə axşamı Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib.
ABŞ Senatının Türkiyəyə "F-35” qırıcılarını bloklayan qanun layihəsini qəbul etməsinə baxmayaraq, iyunun 21-də iki ədəd "F-35” Texas ştatında keçiriləcək bir mərasimlə Türkiyəyə təslim edəcək. Bu haqdaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli NTV telekanalına bildirib.
Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub. Bununla da Türkiyə hərbçiləri bir gün ərzində Şimali İraqda 4 kilometrə qədər irəliləyib.
Vilnüs Moskvanın hücumuna hazır olmalıdır. Bunu Almaniyanın "Der Şpigel” jurnalına müsahibəsində Litva Prezidenti Dalya Qribauskayte deyib.
"Biz müdafiəyə hazır olmasaq, təhlükə böyük olacaq”, - o deyib.
Birləşmiş Ştatlar BMT-nin İnsan Haqları Şurasından çıxıb. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli elan edib.
"ABŞ BMT-nin İnsan Haqları Şurasından rəsmən çıxır", - deyə Heyli Dövlət Departamentində jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
ABŞ prezidenti Donald Tramp ölkənin ordu sisteminin əhəmiyyətli növü kimi kosmik gücləri yaratmaq barədə göstəriş verdi.
"Amerika kosmosda üstün olmalıdır. Bu, çox əhəmiyyətlidir. Buna görə də bu dəqiqə Müdafiə Nazirliyinə ölkə ordusunun altıncı növü kimi kosmik güclərin formalaşmasına gətirib çıxaracaq prosesə başlamaq barədə göstəriş verirəm”, - Tramp Ağ Evdə Milli Kosmik Şurasının üzvlərinin qarşısında çıxışında deyib.
Kosmosda təhlükəsizlik və hökmranlıq mövzusunu ilk dəfə ABŞ-ın 40-cı prezidenti (1981-1989) Ronald Reyqan gündəmə gətirdi.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir. Zaxarovanın sözlərinə görə, bu addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar aparmağa istiqamətlənmiş planları var.
Rusiya keçmiş Sovet İttifaqı ölkələrində ABŞ-ın tibbi-bioloji fəallığından narahatdır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz həqiqətən postsovet məkanında ABŞ-ın hərbi müəssisəsinin tibbi-bioloji fəallığı ilə narahatıq. Hesab edirik ki, amerikalıların bütün təminatlarına baxmayaraq, bu fəaliyyət keçmiş Sovet İttifaqı respublikalarında yoluxucu xəstəliklərlə mübarizə kimi humanitar hədəflər üçün deyil, əsasən Pentaqonun xeyrinə həyata keçirilir”, - o brifinqdə deyib.
Daha əvvəl vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları üzrə şuranın iclasında Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın müxtəlif etnosların nümayəndələrindən hansı məqsədlə bioloji materiallar toplaması Rusiya üçün anlaşılmazdır. (publika.az)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb