Deputat: Hamı özünü dahi, ağıllı sayır

16:17 | 21.07.2018
Deputat: Hamı özünü dahi, ağıllı sayır

Deputat: Hamı özünü dahi, ağıllı sayır

Ailə məsələlərində ağsaqqalların, ağbirçəklərin, nüfuzlu, sözü keçən insanların məsləhətləri, nəsihətləri, tövsiyələri önəmli rola malik olub, ailə institutumuz məhz bunların sayəsində möhkəm dayaqlar üzərində bərqərarlaşıb. Amma təəssüflər olsun, son 25-30 ildə ailə, evlilik məsələsində böyük çatlar əmələ gəlməkdə və müşahidə olunmaqdadır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib.

Onun sözlərinə görə, son illərin statistikası da göstərir ki, illərlə, əsrlərlə öyündüyümüz, fəxr etdiyimiz ailə institututu məsələsində xoşagəlməyən və neqativ proseslər yaşanır.

O, qeyd edib ki, xüsusilə də, erkən, qanunsuz nikahların və bunun da nəticəsində boşanmaların sayı həddindən artıq artmaqdadır, həmçinin, ailələrdə məişət zorakılığı zəminində ciddi fəsadlar yaşanmaqdadır:

"Gənc qadınlara, uşaqlara qarşı zorakılıqlar, hətta, sonu intiharlara və ölümlərə gedib dayanan son dərəcə ağrılı və narahatedici hallar  özünü göstərməkdədir.

Ailə-məişət zorakılıqları nəticəsində nə qədər qadın intihar edib, öldürülüb hətta, bəzi hallarda uşaqlar da bu zorakılıqların qurbanlarına çevrilib, həyatlarına yarıyolda son qoyulub.

Əvvəllər ildə-ayda bir dənə ailə dağılardısa, boşanma baş verərdisə, bu, az qala bütün elin-obanın dərdinə çevrilərdi və bu kimi halların baş verməməsi üçün ağsaqqallar, ağbirçəklər, sayılıb-seçilən insanlar dərhal ortaya düşərdi, insanları belə hallardan əl çəkməyə yönəlik addımlar atılardı.

Amma indi bu ənənə demək olar ki, yox dərəcəsindədir. İndi  az qala gündə onlarla ailə dağlır, gənc qadınlar, uşaqlar küçəyə tulanır, taleyinə ümidinə atılır, amma kimsə bunu önləmək üçün heç bir addım atmır və ya addım atmağa ehtiyat edir.

Çəkinir, ehtiyat edir ki, sözü yerə düşər, hörmətsiz vəziyyətə salınar. Bu gün ən böyük problemlərimizdən biri də eşitmək və dinləmək mədəniyyətinin getdikcə erroziyaya uğramasıdır.

Kimsə kimsənin məsləhətini, onu uçurumun kənarından xilas edə biləcək məsləhətini dinləmək, eşitmək, qəbul etmək istəmir. Hamı özünü dahi, ağıllı sayır. Xüsusən də, bəzi gənclərimiz bu məsələdə böyük səhvlərə, xətalara yol verirlər...

Bircə dəfə də olsun söz dinləsən, dünya dağılmayacaq ki? Niyə sənin xeyrinə deyilən sözü, məsləhəti eşitməyəsən, dinləməyəsən?

Ona görə hesab edirəm ki, hər birimiz, xüsusilə, gənclərimiz, ailə qurmağa hazırlaşan cütlüklərimiz və ya evlilik problemləri yaşayan insanlarımız artıq söz, məsləhət dinləməlidir, onların xeyrinə deyilən sözlərə qulaq asmalı və əməl etməlidirlər.

Həmçinin, erkən nikahlarla, ailə-məişət zorakılıqlarının qarşısının qismən də olsa, önlənməsi ilə bağlı daha ciddi və lazım gələrsə, daha sərt addımlar atılmalıdır. Həm cinayət qanunvericiliyində, həm Ailə Məcəlləsində, həm də digər normativ-hüquqi aktlarda növbəti dəyişikliklər, düzəlişlər, əlavələr edilməlidir.

İnsanları həm təbliğat, həm maarifləndirmə, həm də qanunların sərt dili ilə yanlış, zərərli, təhlükəli addımlardan çəkindirmək, ailə insitutumuzu yenidən möhkəmləndirmək, ona uzanan yad əlləri kəsib atmaq lazımdır.

Bizim haqqımız yoxdur ki, ailə institutumuzun məhv edilməsinə yönələn addımlara seyrçi qalaq.

Bunu bizə nə əcdadlarımız, nə də Uca Rəbbimiz bağışlayar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM