Əvvəlcə Xocalı və Srebrenitsa soyqırımları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin iki yüz ildən çox müddətdə davam etdiyini, 27 il əvvəl onların törətdiyi Xocalı soyqırımının bu siyasətin ən qanlı səhifələrindən biri olduğunu bildirib. Qeyd edilib ki, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozan Ermənistan silahlı qüvvələri mühasirədə qalmış dinc əhaliyə amansızcasına divan tutub, şəhərin 613 sakinini qəddarlıqla qətlə yetirib. Diqqətə çatdırılıb ki, soyqırımını törədənlər öz layiqli cəzalarını almalı, beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Bununla əlaqədar olaraq Srebrenitsada dinc müsəlman əhalinin kütləvi qırğınını təşkil və icra edən hərbi canilərin uzun illər davam edən mühakimələrdən sonra beynəlxalq hərbi tribunal tərəfindən cəzalandırıldıqları xatırladılıb.
Dövlət Komitəsinin sədri Xocalı soyqırımına ilk dəfə düzgün siyasi qiymətin verilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, hazırda Prezident İlham Əliyevin apardığı uzaqgörən və qətiyyətli siyasət, Azərbaycanın beynəlxalq nüfuzunun günbəgün artması nəticəsində dünyada Xocalı soyqırımını tanıyan dövlətlərin, bu qanlı cinayəti pisləyənlərin sayı sürətlə artır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada keçirilən "Xocalıya ədalət!” kampaniyası da bu sahədə təsirli və önəmli rol oynayır.
Torpaqlarımızın işğal altında olduğunu, BMT-nin qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini vurğulayan Dövlət Komitəsinin sədri sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Azərbaycanın öz ərazilərini azad etmək hüququnu gerçəkləşdirəcəyini bildirib. Qeyd olunub ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.
Görüşdə vurğulanıb ki, soyqırımına məruz qalmış insanların varislərinin, bu hadisələrin şahidlərinin birgə fəaliyyəti və mübarizəsi bəşəriyyətin bu amansız cinayətdən qorunması üçün olduqca vacibdir.
Anım tədbirində Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !