E-kitab - Anar. Nisbət nəzəriyyəsi

23:09 | 06.05.2016
E-kitab - Anar. Nisbət nəzəriyyəsi

E-kitab - Anar. Nisbət nəzəriyyəsi

Hikmət ev paltarını geyinib kürsüdə rahatlanmışdı. Qəzetlərə baxırdı. Hərdən qəzeti kənara qoyub çayından bir qurtum içir və yenidən tənqidi məqaləni oxuyurdu.
 
Nəimə hələ işdən gəlməmişdi. Ceyhunla Rəna o biri otaqda oynayırdılar. Onların hay-küyü otağı basmışdı.
 
Səs-küy Hikmətə mane olurdu. Amma o çağırıb cocuqlarına acıqlanmırdı. "Bir az yavaş" demirdi. Çünki səs-küysüz uşaq oyununun ləzzəti yoxdur. Uşaqlar oynayarkən çığır-bağır salmaqdan xüsusi həzz alırlar.
 
Bu həngamədə məqalə oxumaq çətindi. Amma Hikmət uşaqlara acıqlanmırdı. Onların səs-küy qaldırmağa haqları vardı. Axı oynayırdılar.
 
Hikmət səssizlik tələb etsəydi, haqlı olardı. Uşaqlar susardı. Hikmət deyən olardı. Uşaqlar oynamazdılar. Darıxardılar. Hikmət haqsız olardı.
 
Hikmət heç bir şey demirdi. Uşaqlar səs salırdılar. Hikmət məqaləni böyük çətinliklə qavrayırdı. Məqalə bir yazıçının romanı haqqında idi.
 
Bu yaxınlarda romana uzun-uzadı bir tərifnamə çıxmışdı.
 
Tərifnamənin müəllifi çox dürlü dəlillərlə romanın gözəlliyini isbat edirdi. O yazırdı ki, qəhrəmanın romanın axırında qısqanclıq üstündə intihar etməsi çox təbiidir. Bu, həqiqi insana xas olan cəhətdir.
 
Qəhrəmanın surəti dolğun çıxmışdır. Məqalə müəllifi fikrini təsdiq etmək üçün çoxlu əsaslar gətirirdi. Belə çıxırdı ki, o, tamamilə haqlıdır. Amma indi tənqidi məqalə romanı heçə çıxarırdı.
 
Tənqidçi dürlü dəlillərlə romanın yarıtmazlığını isbat edirdi. O göstərirdi ki, qəhrəmanın intiharı artıqdır və lazımsızdır. İnandırıcı deyil.
 
Çünki onun fikirləriylə, dünyagörüşüylə, anlayışlarıyla uyuşmur. Yəqin bu tənqidçi də haqlı idi.
 
Hikmət özü də romanı oxumuşdu. Xoşuna gəlməmişdi. Bir tərəfdən insan əlaqələrində etinasızlıq, keçəri duyğuların pərakəndəliyi, pəjmürdə hisslər, bir tərəfdən qısqanclıq faciəsi.
 
Əsər natamam, ziddiyyətli, qondarma idi... Hikmət romana belə qiymət vermişdi və ona elə gəlirdi ki, o haqlıdır.
 
Nəimə də bu romanı oxumuşdu. Bəyənmişdi. Onun fikrincə, bu natamamlıq, bu ziddiyyət əsərin ruhundan doğur. Hisslərində, əlaqələrində sərbəst olan bir insan qəflətən qısqanclıq mərəzinə tutula bilər və bu da faciəyə çevrilə bilər.
 
Nəimənin rəyi belə idi və o öz rəyini izah etdikcə, məntiqi dəlillər, faktlar gətirdikcə Hikmət hiss eləyirdi ki, Nəimə də haqlıdır.
 
Ceyhun ağlaya-ağlaya o biri otaqdan gəldi.
 
– Ata, Rənanı görürsənmi, gəlinciyi mənə vermir. Mən topu ona verdim, o, gəlinciyi mənə vermir. Axı mən topu ona verdim. Gərək o da gəlinciyi mənə versin.
 
Ceyhun düz deyirdi. Hikmət Rənanı çağırdı.
 
– Nə olub? – deyə yorğun-yorğun, könülsüz soruşdu.
 
– Top onsuz da mənimdir. Anam bağışlayıb. Mən Ceyhuna tüfəngi verirəm, çünki o, oğlandır. Gəlinciyi isə qız oynadar.
 
Rəna da düz deyirdi.
 
Ceyhun dedi:
 
– Yox, mən elə gəlinciklə top–top oynayacam.
 
Rəna dedi... Ceyhun dedi... Hər ikisi haqlı idi.
 
Hikmət dedi:
 
– Gedin oynayın.
 
Uşaqlar dedilər:
 
– Sən də bizimlə oyna. Qonşu uşaqların ataları həmişə onlarla oynayır.
 
Onlar haqlı idi. Hikmət dedi:
 
– Vaxtım yoxdur. Məşğulam.
 
O da haqlı idi.
 
Hava qaralmağa başladı. Ceyhun soruşdu:
 
– Anam haçan gələcək?
 
Hikmət:
 
– İndilərdə gələr, – dedi.
 
Qapının zəngi çalındı. Uşaqlar:
 
– Ana, ana, – deyə qapıya yüyürdülər. Gələn Nəimə deyildi. Hikmətin böyük bacısıydı. Zəhranın birinci sualı:
 
– Nəimə evdədir? – oldu.
 
– Yox.
 
– Əlbət ki, hardan olacaq?!
 
Hikmət Zəhranın niyə gəldiyini, nədən danışacağını yaxşı bilirdi. Onun bu barədə danışmağa heç bir həvəsi yox idi. Amma o bilirdi ki, Zəhra bu barədə söhbət açmaqda haqlıdır.
 
Hikmət onun qardaşı idi. Zəhra qardaşının taleyinə biganə baxa bilməzdi. Zəhra uşaqların başını sığallayıb o biri otağa göndərdi. Özü Hikmətin yanında oturub müqəddiməsiz, girişsiz, hazırlıqsız birbaş mətləbə keçdi.
 
Söhbət uzun, ağır, üzücü idi. Hikmət belə söhbətlərə sonsuz nifrət bəsləməkdə haqlı idi.
 
Amma o bilirdi ki, Zəhra da danışmaqda haqlıdır. Zəhra deyirdi:
 
– Camaat arasına çıxa bilmirəm. Hamı sənin biqeyrətliyini mənim başıma qaxır. Vallah, billah, binamus qardaşın bacısı olmaqdansa ölüm min yol yaxşıdır.
 
Hikmət sakit və etirazsız qulaq asırdı. Zəhra daha da özündən çıxırdı.
 
– Hamı Nəiməylə Ələsgərovdan danışır. Bircə sən bunu görmürsən. Elə indi də yəqin onunladır. Heç yerə girmirsən?
 
Ürəyini boşaldandan sonra Zəhra çıxıb getdi. Hikmət yenidən qəzetlərə baxmağa başladı. İki dövlətin bir–birinə məktubları dərc edilmişdi. Bir-birinə, qarşılıqlı ittihamlar verirdilər. Əks şeylər isbat edirdilər. Hər ikisi haqlı idi. Az sonra Nəimə gəldi. Uşaqlar:
 
–Ana... ana... – deyə sevinclə yüyürdülər.
 
Onların sevinməyə haqqı vardı, anaları gəlmişdi. Nəimə heç onların üzünə də baxmadı. O da haqlı idi: qanı yaman qaraydı. Hikmətin üstünə düşüb:
 
– Sənin bu sözbaz bacın gen dünyanı başımıza dar eləyəcək, – deyə əsəbi danışmağa başladı. – İndi həyətdə məni tutub bir saat canıma döşəyib. Bilirəm, gəlib burda da məndən danışıb. Birdəfəlik anlamır ki, mən onun kimi ara arvadı, avara sözgəzdirən deyiləm.
 
Mən elmi işçiyəm. Min yerdə oluram. Min adamla oturub–dururam. Min adamla danışıram, min adamla işim olur. Bir gün evə tez gəlməli oluram, bir gün gec.
 
Onun belə danışmağa haqqı vardı. Hikmətin də onu Ələsgərova qısqanmağa haqqı vardı. Hikmət könülsüz:
 
– İndi hardaydın? – dedi.
 
–İşdə.
 
– Ələsgərovun yanında?
 
– Bəli, Ələsgərovlaydım – deyə Nəimə əsəbi cavab verdi.
 
– Birdəfəlik başa düşün: Ələsgərov mənim elmi rəhbərimdir. Mənim bütün elmi fəaliyyətim onunla əlaqədardır. Mən müdafiə etməliyəm. Odur ki, günün çox hissəsini onunla işləməliyəm. Niyə bunu başa düşmək istəmirsiniz?!
 
O, haqlı idi. Amma subay bir kişiylə gənc, gözəl bir qadını daima bir yerdə görən dedi-qoduçular da onların yalnız elmi məsələlər həll etmələrini şübhə altına alanda haqlı idilər.
 
Onlar Zəhraya tənə vuranda, Zəhra qardaşını danlayanda, Hikmət bu işləri ürəyinə salanda, Nəimə tənbehlərdən, şübhələrdən, dedi-qodulardan cana gələndə haqlı idi.
 
Bəlkə Ələsgərov Nəiməni ürəkdən sevirdi. Onda o da haqlı idi. Amma sevməsəydi də haqlı idi.
 
Hikmət bilirdi: Ələsgərovla Nəimənin Zəhra deyən əlaqələrdə olduğunu aydın-aşkar bilsə, öz gözüylə görsə belə, namusu tapdalanmış ərin iztirab və intiqamı haqlı olduğu kimi, həyatının son bayramından imtina etmək istəməyən sinli professor da haqlıdır.
 
Və nəhayət, Nəimə də haqlıdır. Yəqin onun da müəyyən səbəbləri, dəlilləri, əsasları, bəraəti var. Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir səbəbdən, hərə bir cürə haqlıdır.
 
Hikmət:
 
– Mən bir az havaya çıxmaq istəyirəm, – dedi. Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu. Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin yaraşığını pozurdu.
 
Dilənçi də haqlı idi. Bu küçədə gedib–gələn, qazanc nisbətən çox olurdu. O biri küçələr adamsız idi.
 
Gecə Hikmət özünü asdı. Arvadı, uşaqları, dost–aşna, qohum–qardaş yasa batdı. Hamı təəccüblənirdi.
 
– Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev-eşik. Cəmiyyətdə yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul.
 
Onlar haqlı idilər. Amma Hikmət də haqlı idi.
 
Sentyabr, 1958

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM