Əhmədlidə ağac kəsməyin partizan üsulu

11:57 | 16.05.2018
 Əhmədlidə ağac kəsməyin partizan üsulu

Əhmədlidə ağac kəsməyin partizan üsulu

Xətai rayonu Cavanşir küçəsindəki 25, 27 və 27 A binalarlnın qarısındakı yaşıllıq ərazidə ağaclar gecələr bir-bir yoxa çıxır .

Əraziyə cavabdeh olan Xətai rayonu 27 saylı mənzil istismar sahəsinin rəisi Elxan Xakiyev yəqin ki, hər gecə partizan kimi kəşfiyyata gedib

Bakının ən böyük problemlərindən biri, bəlkə də ekoloji tarazlığın pozulmasıdır. Buna səbəb isə ayrı-ayrı məmurların tamahıdır. Hələ sovet dövründən yaşıllaşdırılan Bakı, az qala bu gün kənd qəbirstanlığına oxşayır. 

Bakı rayonlarının İcra Hakimiyyətləri başçılarının sanki yaşıllığıa qarşı alergiyaları var. Harada ağac görürlər, mütləq kəsib yerində ya bir obyekt, ya da göydələn ucaldırlar. Baxmayaraq ki, ümummilli lider Heydər Əliyev, onun layiqli varisi prezident cənab İlham Əliyev ağac kəsiminə qarşı çox kəskin mövqe sərgiləyiblər, lakin bəzi məmurlar hələ də bundan nəticə çıxarmırlar. Belə məmurlara nümunə olaraq Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovu, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovu, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovu və digərlərini göstərmək olar. 

Yeni təyin olunmuş ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayevin işə çox ciddi başlaması, bizə ümid verir ki, ağac kəsiminin qarşısı nəhayət, alınacaq və yaşıllığa alergiyası olan məmurlar mütləq "müalicə” olunacaqlar. 

Elə hörmətli nazir Muxtar Babayevə inamla bu yazını təqdim etmək istəyirik. Belə ki, Xətai rayonunda baş verən ağac qırğını bu dəfə başqa bir forma alıb. Bu rayonun ərazisində demək olar ki, ağac qıran partizanlar peyda olub. Görünür Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovu yeni Ekologiya və Təbii Sərvətlər Nazirinin ağac qırımına qarşı cərimələri 15 min manatdan 91 min manata qaldırması bərk narahat edib. Ona görə də adəti üzrə açıq şəkildə ağac qırımına risk etməyərək, emisarlarını partizan fəaliyyətinə keçməyə məcbur edib. Bu barədə daha ətraflı aşağıda bəhs edəcəyik. İndi isə konkret bizə daxil olmuş şikayətə və faktlara keçək. 

Xətai rayonu Cavanşir küçəsi 25, 27 və 27A binanın sakinləri "Təzadredaksiyamıza zəng edərək, evlərinin qarşısındakı yaşıllığın hasarlandığını və illərlə onların yetişdirdikləri meyvə və digər ağacların gecələr bir-bir yoxa çıxdığını bildirdilər. Hər şeyi öz gözlərimizlə görmək üçün bizi əraziyə dəvət etdilər. Dəvəti qəbul edib, hadisə yerinə yollandıq. Doğrudan da inanmaq olmur ki, şəhərin mərkəzində nəinki belə gözəl yaşıllıq, hətta nağıllarda deyildiyi kimi quş südü, can dərmanı olan bütün meyvə ağacları var. 

Burada nar, üzüm, xurma, albalı, gilas, incir, heyva və s. meyvə ağacları göz oxşayır. Sakinlər bildirdilər ki, Xətai rayon icra hakimiyyətinin hansısa məmuru bu əraziyə göz dikib və ona görə də ağacları qırmağın yeni üsulunu tapıblar. Deməli, bəzi adamlar gecələr ağacın quruması üçün dibinə xüsusi məhlul tökürlər, ya da elə gecə ikən hansısa meyvə ağacaını dibindən çıxarıb aparırlar. Dünən mövcud olan meyvə ağacaının yeri bu gün boşdur. Sanki qalan çuxurun yerində heç yerli-dibli ağac olmayıb. Ərazi də ki, nə az nə çox, uzunluğu təxminən 400, eni isə 30 metrdir. Uzun illər nəticəsində sakinlərin ərsəyə gətirdiyi bu bağ-bağatı sulamaq üçün çəkdirdikləri su borusuna, hətta rəsmi qaydada sayğac quraşdırıb, pullarını da vaxtı-vaxtında ödəyirlər. Bütün təqaüdçülər üçün bu yer yeganə istirahət məkanıdır. 

Görünür, Xətai rayon icra hakimiyyətinin həmin məmurunun tamahı o qədər itidir ki, təqaüdçülərə, bu ahıl yaşlarında dincəlməyi də çox görür. Bu yerdə ustad şairimiz Məmməd Arazın şeirindən bir bənd yada düşür:

"...Tamah var, daşkəsən mişardan iti, 
Gödən var, bir qara yarğandan dərin.
Doğru da, yalan da bir şumda bitir,
Əlası tez solur yaxşı günlərin.
Biz niyə bu günə düşdük, ay dədə?”

İndi Məmməd Arazsayağı bu sual həqiqətən çox yerinə düşür: "Biz niyə bu günə düşdük, ay dədə?” Bəli, bəzi məmurların tamahı həqiqətən o qədər itidir ki, nə təqaüdçü tanıyır, nə ekoloji tarazlığın pozulmasını qəbul edir, nə də qanunlara hörmət qoyur. 

Yaxşı olar ki, bizi əraziyə dəvət edən sakinlərlə sizləri də tanış edək və onları dinləyək. Deməli, Xətai rayonu Cavanşir küçəsi 25, 27 və 27A binanın sakinləri Mustafayeva Tamara, Mustafayev Elxan, Hüseynov Səməd, Abdullayev Qəhrəman, Süleymanzadə Kamal, Rzayev Sabir, Əliyev Rafiq, Şabanov Şahin və digərləri yana-yana qeyd etdilər ki, bu ərazini onlar 20-30 il ərzində yaradıblar. Ərazi əvvəllər daşlı-kəsəkli bir yer olub. Indi isə sözün birbaşa mənasında burada gül-gülü çağırırır, bulbül-bülbülü. Ərazidə oxuyan quşların səsi insanın ruhuna hakim kəsilir. Belə bir əraziyə göz dikib, onu məhv eləmək, vallah nə yazılmış, nə də yazılmamış qanunlara sığmır. Beləliklə, söz sakinlərindir. 

Qəhrəman Abdullayev:

- Biz bilirik ki, cənab Prezident ekologiya və təbii sərvətlər nazirliyinə Muxtar Babayevi yeni nazir təyin edib. Biz onu yaxşı tanıyırıq. O, çox işgüzar, savadlı, bacarıqlı, işinə məsuliyyətlə yanaşan kadrdır. Yəqin ki, bu məsələləri bilsə, sakinlərin şikayəti cənab Muxtar Babayevə çatsa, dərhal ciddi tədbir görəcək. Muxtar Babayev vaxtilə Neft şirkətində ekologiya idarəsinin rəisi işləyib. Həmin dövrdə Səbail rayonunda "20-ci sahə” deyilən yerdə, neftlə çirklənmiş bir ərazidə, gözəl park salmışdı. Ona görə də biz Muxtar Babayevə inanırıq və əminik ki, belə yaşıllığı məhv etmək istəyənlərə qarşı barışmaz mövqedə olacaq və günahkarları qanun çərçivəsində cəzalandıracaq. 

Fazil İsmayılov:

- Gəlsinlər, baxsınlar, bu ərazidə park salsınlar. Bir az səliqə-sahman yaradıb, oturacaqlar quraşdırsalar bütun insanlar gəlib burada dincələ bilərlər. Biz hətta o parkda təmənnasız işləməyə də hazırıq. Hal-hazırda bax bura təzəcə çıxarılmış 8 ağacın yeridir (Gecələr partizansayağı çıxarılmış ağacların yerini göstərir). Bu günlərdə Türkan-Qala yolunda xanım Mehriban Əliyeva və prezident cənab İlham Əliyev qurumuş yerlərə ağaclar əkdilər. Amma, bu cür yaşıllığın məhv edilməsinə isə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi göz yumur. Mənə elə gəlir ki, bu barədə bir ölçü götürüləcək. 40 il əziyyət çəkib bu ağacları yetişdirmişik. İstəyimiz odur ki yaşıllıq yerində qalsın. Heç bir xəsarət yetirilməsin. Burada "proflaktoriya”, "moyka”, çayxana tikmək istəyirlər. Belə olarsa, biz burda yaşaya bilmərik. Su sayğacları əsasında ağaclara verdiyimiz suya görə, bu vaxta kimi 500-1000 manat arası pul ödəmişik. Biz onu geri istəmirik, ancaq istəyirik ki, ağaclara qulluq olunsun, səliqə yaransın, vəssalam, başqa bir niyyətimiz yoxdur. Burada maşın təmir edilən yer olsa yağ, benzin, cürbəcür məhsullar atılacaq əraziyə. Həm iy gələcək evlərə, həm də ağaclar yanıb məhv olacaq. Bağın içindən keçən 500 diametrlik qaz xəttini, ərazini zəbt eləmək üçün, düz gətirib qapımızın ağzına qoyublar. Qanunla belə qaz xətti yaşayış yerindən 100 metr uzaqda olmalıdır. Bunlar isə gətirib, evin pəncərəsinin bir metrliyində qoyublar. Bu, çox təhlükəlidir və təhlükəsizlik texnikası qaydalarına ziddir. 

Mustafayeva Tamara:

- Biz 37 ildir bu bağa qulluq edirik. Su pulunu ödəyirik, bütün işləri özümüz görürük. Torpağı belləyib yumşaldırıq, ağaclara qulluq edirik. Ancaq biz buranı axıra qədər qorumaq fikrimiz var. Istismar idarəsindən gəlib buraları söküb dağıdırlar. Ağacların kökünə maye tökürlər. Xahiş edirik tədbir görsünlər. Gözəlləşsin, balkona çıxanda gözümüz gözəllik görsün. 

Artıq mənzərə aydındır. Deməli, Xətai rayon İcra Hakimiyyətinin hansısa məmuru bu yeri zəbt etmək istəyir. Özü də bunun üçün hansısa ət satan bir qaçqını qabağa veriblər. Və həmin qaçqın da guya ərazini alıb, hasar çəkir. Sakinlər birmənalı olaraq dedilər ki, həmin qaçqını yaxşı tanıyırıq və bu ərazini almağa ömründə gücü çatmaz. 

Amma məsələ çox ciddidir. Yəqin ki, böyük bir qaz xəttinin yaşayış binasının bir metrliyindən keçməsinə Azəriqaz İstehsalat Birliyi də öz mövqeyini bildirəcək. Belə qaz xəttinin yaşayış binasının qarşısında qoyulması gələcəyin hazır bombasıdır. Bir əraziyə görə necə-necə yaşayış binasını, yüzlərlə insanı təhlükəyə atmaq, görəsən, hansı iştahlı məmurun ağlına gəlib? Belə bir məmurun ümumiyyətlə azərbaycanlı olmasına şübhə var. Eyni zamanda inanırıq ki, bu yaşıllığın məhv edilməsinin qarşısını ekologiya və təbii sərvətlər naziri cənab Muxtar Babayev mütləq alacaq. O da maraqlıdır ki, sakinlər heç də iddia etmirlər ki, yaşıllığı onlar salsa da, heç kəs toxunmasın. 

Sadəcə, istəyirlər ki, dövlət tərəfindən həmin ərazi hamının dincələ biləcəyi gözəl bir parka çevrilsin və onlar bu işdə təmənnasız olaraq işləməyə də hazırdırlar. Görəsən, Xətai rayon icra hakimiyyətinin başçısı hörmətli Razim Məmmədov bu çağırışları eşitmir? Əraziyə cavabdeh olan Xətai rayonu 27 saylı mənzil istismar sahəsinin rəisi Elxan Xakiyev yəqin ki, hər gecə partizan kimi kəşfiyyata gedib, ağacların dibinə qurutmaq üçün məhlul tökülməsi, bir-bir yerindən çıxarılması barədə icra hakimiyyəti rəhbərliyinə məruzə edir. Bu səbəbdən hamının, hər şeydən xəbəri var. Amma görünür Razim Məmmədovun Prezident cənab İlham Əliyevin ağac kəsilməsinə olan ciddi xəbərdarlığından məlumatı yoxdur. Elə isə yadına salırıq.

Prezident cənab İlham Əliyevin 13 aprel 2014-cü ildə, Nazirlər Kabinetinin iclasındakı çıxışından sitat: "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”.

Prezident İlham Əliyevin yerində və sərrast deyilmiş bu sərt çıxışına biz heç nə deyə bilmərik. Bəs prezidentin dediyinin əleyhinə gedən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov necə? 


Elçin MƏMMƏDLİ,
Elbar ŞİRİNOV

Redaksiyadan:

Yazı dərc olunan gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova redaksiyamıza zəng edərək, bunları söylədi: «Təşəkkür edirəm ki, belə ağrılı problemləri bizim diqqətimizə çatdırırsınız. Cənab nazir Muxtar Babayev işə başladığı ilk gündən ağac kəsiminə qaşı çox sərt mövqe sərgiləyib və bu barədə aidiyyəti qurum rəhbərlərinə ciddi göstərişlər verilib. Sizin bu yazını da nazirin diqqətinə catdıracağam və sizinlə birgə yerində araşdırma aparılıb, tədbir görüləcək». 

Biz də yazıya operativ reaksiya göstərib, münasibət bildirdiyinə görə İradə xanıma dərin təşəkkürümüzü bildiririk və inanırıq ki, məhz hörmətli nazir Muxtar Babayevin müdaxiləsi ilə göstərilən ünvandakı ağac kəsiminin qarşısı alınacaq.

***
Yazıya daha bir reaksiya Xətai Rayon İcra Hakimiyyətindən gəldi. İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov bunları bildirdi: «Məlumat üçün deyim ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qədər yaşıllıq salan bəlkə də iknci bir adam yoxdur. Özü də ulu öndər Heydər Əliyevə, Prezident cənab İlham Əliyevə çox sədaqətli insandır. Razim müəllim ağac kəsiminə qarşı həmişə mübarizə aparıb. Sizin yazınızda göstərilən faktlarla bağlı tədbir görülməsi məqsədilə artıq göstəriş verilmişdir. İnanıram ki, siz növbəti yazılarınızda rayonumuzda aparılan quruculuq-abadlıq işləri, salınan parklar, yaşıllıqlar barədə yazacaqsınız».

Pənah müəllimlə belə qərara gəldik ki, Xətai Rayon İcra Hakimiyyəti ilə qəzetimiz arasında əməkdaşlıq bundan sonra daha sıx davam edəcək.

***

Yazıda göstərilən ünvanda ərazini zəbt etmək məqsədi ilə bağın içindən keçən 500-lük qaz borusunu çıxarılaraq, yaşayış binalarının düz bir metrliyində qoyulmasının çox təhlükəli olduğu göstərilmişdi. Bu barədə «Azəriqaz» İstehsalat Birliyi Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev bizimlə telefon danışığında bildirdi ki, həmin ərazidən keçən 500-lük qaz borusu «Azəriqaz»-ın balansında deyil: «O qaz borusu magistral qaz xəttidir və qaz ixracatı ilə məşğul olan qurumun səlahiyyətindədir. Bununla belə, məlumat üçün deyim ki, hər hansı qaz borusunun yerini heç kəs özbaşına dəyişə bilməz. Bunun üçün ilk növbədə ən yuxarı səviyyədə razılıq alınmalıdır. Sonra texniki şərtlər hazırlanmalıdır, qiymətləndirmə olmalıdır. Yəqin ki, aidiyyəti qurum da bu qaydalara əməl etməklə, göstərdiyiniz ünvanda qaz borusunun yerini dəyişdiriblər. İnan mıram ki, kimsə bu məsələdə hər hansı qanunsuzluğa yol versin». 
Həm Xətai Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanova, həm də «Azəriqaz» İstehsalat Birliyi Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayevə yazıya göstərdikləri reaksiyaya və bildirdikləri münasibətə görə minnətdarləğımızı bildiririk.

(tezadlar.az)
 














www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb