Əkrəm Həsənov: "ABB İdarə Heyətinin yeni sədri əcnəbi ola bilər"

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu gün "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyində baş vermiş dəyişiklikləri şərh edib.
O, "Renkinq"ə açıqlamasında bunları bildirib:
"Baş vermiş dəyişikliklər bir neçə məqamdan xəbər verir. İlk növbədə bu, o deməkdir ki, Xalid Əhədov da sələfləri Elmar Məmmədov və Cahangir Hacıyev kimi vəzifəsindən kənarlaşdırıldı. Amma onlardan fərqli olaraq, nüfuzuna tam xələl gəlməsin deyə Müşahidə Şurasının (MŞ) sıravi üzvü oldu. Çünki işin öhdəsindən gəlməsə də, xeyli səhvə yol versə də, oğru deyildi. Sadəcə savadı və bacarığı çatmadı.
Ötən il ərzində o, Bankın nüfuzuna ciddi xələl vuran ən azı 3 hərəkəti etdi. İlin əvvəlində, dollar əmanətinin girovu müqabilində manat krediti alan sahibkarları qanunsuz olaraq məcbur etdi ki, kreditləri vaxtından əvvəl qaytarsınlar. İlin ortasında çox naşı şəkildə öhdəliklərin könüllü restrukturizasiyasını həyata keçirdi və nəinki Bankın, ölkəmizin də beynəlxalq işgüzar aləmdə imicinə ciddi zərbə vurdu (təkcə London məhkəməsindəki məğlubiyyət nəyə desən dəyər). İlin sonunda isə dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada qanunsuz olaraq endirdi. Bir sözlə, məqsədə çatmaq üçün qanunçuluq prinsipini kobud şəkildə sistematik pozurdu, özü də bunu nümayişkanə edirdi.
Bankın daxilində də MŞ-nn təsdiq etmədiyi struktur (hətta departamentlər və yükək vəzifələr) yaratmışdı, işçiləri əsassız ixtisar edir, yerinə öz adamlarını yığırdı və s. Amalı yəqin ki, saf idi: Bankı sağlamlaşdırmaq istəyirdi. Amma təəssüf ki, o və onun kimi bir sıra çağdaş gənc kadrlar başa düşmür ki, hər şeydən əvvəl qanunçuluqdur. Özlərini hamıdan ağıllı hesab edirlər, bilmirlər ki, qanun pozulursa, özü də kobud şəkildə, bunun nəticəsi yaxşı olmayacaq. Nəticədə qısa müddətdə özünə xeyli düşmən də qazandı, bu əsnada qanunsuzluqlar etdi və müttəfiqi qalmadı. Hamını narazı saldı. Üstəlik işinin də ciddi nəticəsi olmadı.
Digər vacib məqam Azər Bayramovun (maliyyə nazirinin müavini) MŞ-nın sədri vəzifəsindən getməsidir. Bununla da, Bankın de fakto Maliyyə Nazirliyinin birbaşa nəzarətində olmaması tam rəsmiləşdi. Məlum olduğu kimi, formal olaraq, dövləti ABB-də məhz bu nazirlik təmsil edir. Lakin hələ Cahangir Hacıyevin vaxtından nazirlik ora müdaxilə edə bilmir. Hacıyevdən sonra Elmar Məmmədovun dövründə qısa müddətdə nazirlik idarəetməni əlinə aldı, amma sonra əldən verdi. MŞ-nın yeni sədri Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov oldu. Əslində, bu, o demək deyil ki, Banka indi o, nəzarət edəcək. Xeyr, Bank birbaşa Prezident Administrasiyasından idarə olunur (cari vəziyyətdə bu, ən düzgün yanaşmadır). Sadəcə Ş.Mövsümovun Fondda onsuz da ciddi və real işi azdır. Bank isə özəlləşdirməyə hazırlanır. Xarici investorlar axtarılır. Ş.Mövsümovun isə beynəlxalq səviyyədə yaxşı danışıq aparmaq imici formalaşıb. Odur ki, onu sadəcə bu işlə yüklədilər ki, sərfəli investorlar cəlb etsin.
www.anews.az