Gədəbəy icra hakimiyyətindən şəhid ailəsinə qarşı sayğısızlıq

22:01 | 15.03.2018
Gədəbəy icra hakimiyyətindən şəhid ailəsinə qarşı sayğısızlıq

Gədəbəy icra hakimiyyətindən şəhid ailəsinə qarşı sayğısızlıq

Sədaqət Allahverdiyeva Gədəbəy rayonu Arıqıran kənd sakinidir. Onun həyat yoldaşı Həsənov Tofiq Əli oğlu 1994-cü ildə  Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.


Amma ailənin əsas müsibəti Sədaqət Allahverdiyevanın qızı  Pərvanə Həsənovanın evi yanandan sonra başlayıb, bunu Anews.az-a açıqlamasında Sədaqət  Allahverdiyeva özü bildirib.


Onun dediyinə görə, yanğını söndürməyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal evin elektrikdən qısaqapanma nəticəsində yandığını müəyyənləşdirməyə çalışıb. Yoxlama qrupuna  FHN-nin regional idarəsnin rəisi kimi  özünü təqdim edən Rəşad Əliyev rəhbərlik edib. Kənd sakinlərinin  və qohumların iştirakı ilə müxtəlif qeydlər götürülüb və  analiz aparılıb.


Rəşad Əliyev nəticənin yaxın günlərdə təqdim edəcəyini desə də  Allahverdiyevaya hələ də  heç bir xəbər verilməyib. "Bu cavab bizə verilmədiyinə görə qızımın ailəsinin yanmış sənədlərini düzəlmək mümkün olmayıb. Bu da bütün işlərdə onlara maneə olur. İşlə bağlı müəyyən idarələrə gedildikdə təqdim etməyə sənədləri yoxdu.  Bundan sonra 4 dəfə Gədəbəy rayon icra hakimiyyəti Ramiz Yediyarovun və müavinlərin qəbulunda olsam da heç bir faydası olmadı. Qızım Həsənova Pərvanəyə yerli icra nümayəndəsinin əməkdaşlarının vasitəsilə məcburən 300 manat veriblər və imza atdırıblar. Hər dəfə köməklik edəcəklərini bildirirdilər.  Bundan sonra ölkə prezidenti İlham Əliyevə müraciət etdik. Bu müraciətdən sonra Gədəbəy RİH  saxta sənəd tərtib  etməklə işə son qoyduqlarını bildirdilər. Sənədin bir nüsxəsini mənə təqdim ediblər. Yazılanların əksəriyyəti yalandır və sənəddə möhür, imza yoxdur", deyə Sədaqət Allahverdiyeva bildirib.

Allahverdiyevanın əsas tələbi isə yanğının nədən baş verdiyini müəyyən etmək, günahkar idarənin rəhbərliyini məsuliyyətə cəlb etməkdir. 

Evləri yanandan sonra Sədaqət Allahverdiyevanın qızının ailəsi  ona məxsus evdə yaşayır. Gəliri çox az olduğundan onların gündəlik ərzaq, geyim və digər tələblərini qarşılamağa onun maddi imkanı çatmır.

Xatırladaq ki,Allahverdiyevanın ailəsinə bütün şəhid ailələrinə verilən ev və torpaq sahəsi  ayrılmayıb.  Gədəbəydə şəhid ailələri üçün tikilən binada ev paylanan zaman  icra hakimiyyəti ancaq 3-4 min manat məbləğındə rüşvət verən ailələri evlə təmin edib. Səqadət Allahverdiyevaya isə onun təbirincə desək  ancaq boş söz vəd ediblər. 



"Gədəbəy rayon icra başçısı qəbulunda olarkən əksər mövzulara mənim səlahiyyətimdə deyil kimi cavab verir. Amma rayonda idarə, müəssisə, müəllim, həkim və büdcədən maliyyələşən idarələrdən pul yığılır.  Rayonda elə bir idarə yoxdur ki, orda böyük məbləğlə pulla iş görməsinlər. Bu qədər çirkli işlərin içərisində bir humanitar yardım göstərmək o qədərmi çətindir? Ramiz Yediyarov və kollektivinin etdikləri bizi məcbur edir ki, gedib prezident aparatının qarşısında çadır quraq", deyə xanım vurğulayır. 

Allahverdiyevlər ailəsi prezidentə yenidən müraciət edib. 

Məsələ ilə bağlı Gədəbəy icra hakimiyyətinə müraciət etsək də sorğumuza  cavab ala bilməmişik. Torpaqlarımızın 20 faizinin düşmən əsarəti altında olduğu bir zamanda şəhid vermiş ailənin üvlərinə bu kimi biganə münasibət ancaq Azərbaycan dövlətçiliyi və rəhbərliyinə sayqısızlıq kimi qiymətləndirilə bilər. Ümid edirik ki, uyğun qurumlar nəhayət ki, Gədəbəy icra strukturunda mövcud olan bu özbaşınalıq və süründürməçilik halaları ilə maraqlanacaq , şəhid ailəsinin hüquqları bərpa ediləcəkdir.  
 
Onu da qeyd edək ki, Gədəbəy rayon icra hakimiyyəti başçısı Ramiz Yediyarov Ermənistanın Vedi rayonunda anadan olub və adı rayonun sahibkarlarına qarşı bir neçə korrupsiya hallarında hallandırılır. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM