İlham Əliyevdən Bakı metrosu ilə bağlı VACİB TAPŞIRIQ

10:12 | 05.07.2018
İlham Əliyevdən Bakı metrosu ilə bağlı VACİB TAPŞIRIQ

İlham Əliyevdən Bakı metrosu ilə bağlı VACİB TAPŞIRIQ

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

BAKU.WS xəbər verir ki, ölkə başçısı həmin gün Bakı Metropolitenində baş verənlərlə bağlı vəziyyəti öyrənmək üçün qurumun sədri Zaur Hüseynovu dinlədi. Metropoliten rəhbəri qəza zamanı baş verən fəsadlardan danışıb. 

"Hərəkətdə olan 18 sərnişin qatarı dayandı - 9-u stansiyalarda, 9-u tunellərdə. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun "Sahil”, "Nizami” və "Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatıb”. 

Zaur Hüseynov bildirib ki, problemlərin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülüb: 

"Akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün "Nizami” və "Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı”. 

Tədbirdə ölkə başçısı Bakı metropolitenində mövcud çatışmazlıqları qabardıb. İlham Əliyev Bakı metrosunda problemlərin aradan qaldırılması üçün Zaur Hüseynova vacib tapşırıqlarını verib: 

"Metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM