İlk kosmik turistin adı açıqlandı

23:27 | 18.09.2018
"SpaceX” şirkətinin ABŞ-ın Kaliforniya ştatının Xotorne şəhərindəki baş qərargahında xüsusi mətbuat konfransı baş tutub. Konfrans zamanı İlon Mask Aya səyahət edəcək ilk kosmik turistin adını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, bu şəxs Yaponiyanın "Zozo” saytının sahibi, milyarder Yusaka Maedzava olacaq.

Onun var-dövlətinin üç milyard dollar dəyərində olduğu bildirilib. Maedzavanın bu səfər üçün nə qədər pul xərclədiyi məlum deyil. Hazırda Maedzavanın 42 yaşı var. Aya səfər isə 2023-cü ildə baş tutacaq. İlon Mask yaponiyalı turistlə birgə uçacağını istisna etməyib. 

Xatırladaq ki, 2017-ci ilin fevralında "SpaceX” şirkəti 2018-ci ilin sonunda Ay ətrafına turist göndərmək niyyətini açıqlamışdı. Bildirilmişdi ki, kosmosa göstərilən məbləği ödəyən iki nəfər göndəriləcək. 

www.anews.az