İmkansız tələbələrə yeni şans

17:42 | 30.01.2017
Fevralın 1-dən "Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir.

Təhsil Nazirliyindən ANN.Az-a verilən məlumaat gröə, bu elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında http://maarifci.az) qeyd olunub.

Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Müraciətlər martın 15-dək davam edəcək.

www.ann.az