İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?

19:30 | 12.11.2018
İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?

İmtina edə bilmədiyimiz plastiklər - Bu məhsulların tərkibi nələrdən xəbər verir?

Alimlər plastik qab-qacaq və polimer  torbaların insan sağlamlığına ziyanları barədə xəbərdarlıq edir. Hazırda dünyanın bir çox ölkəsində bu barədə müəyyən tədbirlər görülür. Ölkəmizdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə məhsullarla bağlı müxtəlif ölkələrin təcrübələrini öyrənir və tətbiq edir. 

Bəs plastik qablardan düzgün istifadə qaydalarını bilirikmi? Ümumiyyətlə, belə qablarda məhsullar alarkən nələrə fikir verməliyik?

Qeyd etmək lazımdır ki, bu qabların etiketləri üzərində hər zaman onların məhz hansı növ plastikdən hazırlandıqlarına dair qeydlər olur. Çox zaman əhəmiyyət vermədiyimiz, oxumadığımız bu məlumat, əslində, çox vacibdir. Məsələn, hansı su butulkasının birdəfəlik istifadə üçün olduğu, hansının tərkibində daha çox plastmas olduğunu və s. buradan öyrənə bilərik. 

Milli.Az xəbər verir ki, plastik qabların və paketlərin hazırlanmasında müxtəlif tərkibli maddələr və plastmaslardan istifadə edilir. Alacağınız və ya saxlayacağınız məhsula uyğun plastiklərin hazırlanmasının bir neçə forması var:


Sərinləşdirici içkilər, ketçuplar, bitki yağları, kosmetik vasitələr və s. məhsulların  saxlanması üçün nəzərdə tutulan PET (polietilen tereftalat) növü.

Bu, dünyada ən çox istifadə olunan plastmas növüdür. Yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Fərqləndirici xüsusiyyəti ucuz olmasıdır. Bu növ plastikin istehsalı xüsusi xərclər tələb etmir. Plastikin belə növündən yalnız bir dəfə istifadə etmək olar. Əgər belə butulkaya ikinci dəfə su töksəniz, o zaman orqanizmə bəzi qələvi maddələr (ftalat) və olduqca çox miqdarda bakteriyalar qarışa bilər. Bu maddə isə zəhərli olduğundan, əsəb və ürək-damar sisteminin ciddi xəstəliklərinə səbəb ola bilər.

Plastik paketlərin, birdəfəlik qab-qacaq, qida konteynerləri, yuyucu və təmizləyici vasitələr, süd və konteyner üçün paketlər hazırlanan HDP və ya HDPE (yüksək sıxlıqlı polietilendir) növü.  

Demək olar ki, ən yaxşı plastik sayılan və zərəli maddə yaymayan plastmas sayılır. Bu növdən hazırlanmış qablarda su alıb istifadə etmək daha təhlükəsiz hesab edilir. Lakin formaldehid adlı zəhərli maddə ifraz edə bilər. Bu is əsəb, tənəffüs və cinsiyyət sistemlərini zədələyə, nəsildə genetik pozuntuya səbəb ola bilər.

Plastik pəncərələrin istehsalı, mebel elementləri, borular, süfrələr, texniki maye üçün konteynerlər və başqa texniki məqsədlər istehsalı üçün olan PVC və ya V (polivinilxlorid) növü.

Plastikin ən təhlükəli növlərindən biridir və qida istifadəsi üçün zərərlidir. Onların tərkibində bisfenol A, vinilxlorid, ftalat, həmçinin kadmium var. Yandırma vaxtı havaya çox təhlükəli və zəhərli kanserogen dioksinlər ifraz edir. Həmçinin onlar, demək olar ki, günəş şüalarının təsirinə və hava şərtlərinə qarşı dözümlüdür.

Paketlər, butulkalar, zibil kisələri, kompakt-disklər və linoleumun istehsalında istifadə olunan  LDPE (aşağı sıxlıqlı polietilen) növü.

Bu növün kifayət qədər geniş yayılmasının səbəbi ucuzluğudur. Nisbətən təhlükəsizdir. Lakin bu materiallar yalnız su konteynerləri üçün təhlükəsiz hesab edilir. Plastik paketlər hazırlandıqda isə tərkibində çox sayda kimyəvi maddələr olur. Ona görə də, bu paketlərdə xüsusilə ərzaq məhsulları almaq məsləhət görülmür.

Qida konteynerləri, şpritslər və uşaq oyuncaqları və s. hazırlanmasında istifadə olunan PP (polipropilen) növü.

Bu növ ağ və ya yarımşəffaf rənglidir. Belə  materialdan hazırlanan plastik məhsullar isidilən zaman əriməməsi və təhlükəsiz olmağı ilə fərqlənir. Möhkəm və istiliyə davamlıdır. Daha təhlükəsiz hesab edilir, lakin bəzi hallarda formaldehidi ifraz edə bilər.

Plastik kütlənin yoqurt üçün stəkanlar, ət qabları, tərəvəz və meyvə qutuları, sendviç-panellərin və istilik izolyasiyası lövhələrinin istehsalı üçün istifadə olunan PS (polistirol) növü.

Bu növ yüngül, bahalı olmayan və kifayət qədər dözümlü plastik sayılır. İsidildikdə tərkibindən xeyli sayda kimyəvi birləşmələr ayrıldığı üçün isti yeməklər üçün münasib sayılmır.

Plastiklərin ən təhlükəli növü  PC (polikarbonat, poliamid və başqa növləri) hesab edilir.  Onlardan uşaqlar üçün kiçik butulkalar, oyuncaqlar, su üçün butulkalar, qablaşdırmalar hazırlanır.

Hazırda su butulkalarının və qida konteynerlərinin istehsalı üçün istifadə olunsa da tərkibində insan orqanizmi üçün olduqca təhlükəli sayılan kimyəvi maddələr var. Yuma və ya qızma vaxtı bisfenol A (insanın orqanizmində hormonal nasazlıqlara səbəb olan maddə) ifraz edir.

Əgər istifadə qaydalarına düzgün əməl olunarsa, plastik məhsulların ziyanlarından nisbətən qorunmaq olar. Buna baxmayaraq istənilən plastik kütlədə orqanizm üçün olduqca təhlükəli maddələr var. Biz istənilən plastik  növündən istifadə edər, lakin orqanizmdə hər hansısa bir dəyişikliklərin baş verdiyini hiss etməyə bilərik. Lakin bu gizli təhlükə qaçılmazdır.

milli.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM