• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Küləklər şəhərinin küləksiz qalan pərləri: Boşa xərclənən milyonlar – VİDEO

Küləklər şəhərinin küləksiz qalan pərləri: Boşa xərclənən milyonlar – VİDEO
25.08.2017 17:20
Müasir dövrdə bir çox ölkələr alternativ enerji mənbələrindən istifadə edirlər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. 

Azərbaycanda külək enerjisini əldə etmək üçün şərait varmı?

anews.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan ərazisində - Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağada külək enerjisindən istifadə etmək məqsədəuyğun sayılır. 

Ümumiyyətlə, ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olmasının külək rejiminə təsiri böyükdür. 

Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına əngəl törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san., Abşeronda isə 8.6m/san.-dir. 

Hesablamalara görə, Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. 

Təxmini hesablamalara görə, bu ehtiyat ildə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə, ildə külli miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. 

Enerjisi tükənən pərlərimiz... 

İqtisadi, ekoloji baxımdan ən sərfəli olan külək enerjisi üçün Azərbaycan tam uyğundur. Və artıq bir neçə ildir ki, külək enerjisini əldə edəcək böyük pərlər də quraşdırılıb. Ancaq bu pərlərin sayı olduqca azdır və hətta barmaqla sayılacaq qədərdir. Quraşdırılan pərləri işlək halda heç kəs görə bilmir.

Bu günlərdə Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının sosial şəbəkələrdə yazdığı status məsələni müzakirə mövzusuna çevirib. O qeyd edib ki, bütün dünya bu texnologiyalardan lazımi qədər yararlansa da, Azərbaycanda bu yöndə heç bir addım atılmır: "Bu texnologiya yenilikləri, dünyanın hər yerində rahatca işləyən avadanlıqlar bizə çatanda niyə lazımsız bir şeyə çevrilir, görəsən? Avropada küləklə işləyən mobil elektrik stansiyalarının sayı-hesabı yoxdur. Türkiyədə də bir dəfə yolla gedərkən maraq üçün 100-dən artığını saydım. 3-4 ildir Azərbaycana da gətirilib. Qobustan rayonu ərazisində, Giləzi səmtində 15-20 dənəsi quraşdırılıb. 

Giləzi yolunda yenilik eləyib və ya qənaət uçun adi neft buruqlarına bənzər buruqların üstündə quraşdırılıb stansiyalar. Lap yaxşı, səliqəli olmasa da, olar, əsas onların işləməsidir. Fəqət bu küləyi əskik olmayan Azərbaycana gətiriləndən onların işlədiyini görən olmayıb. Niyə bizə çatan kimi bu ultramüasir avadanlığın zayı çıxdı? Onlar təzə qurulanda hamı sevinirdi, indi hamı əsəbiləşir. Bahalı avadanlıqlardır. 

Lazım deyildisə, niyə alınıb? Lazımdırsa, illər uzunu NİYƏ donub qalıblar? Belə getsə, mühərriklərini, pərlərini də söküb, oğurlayıb aparacaqlar. Bunların sahibi kimdir, bilən varmı? Bunları və baxımsız günəş elektrik stansiyalarının taleyi barədə hansı dövlət idarəsi hər gün onlara baxıb əsəbiləşən millətə məlumat verə bilər?” 

Küləksiz pərlərin nədən işlək vəziyyətdə olmamasının səbəbləri araşdırılıb.  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova "BakuPost”a danışıb. 

O bildirib ki, Qobustan Eksperimental Poliqonunda, həmçinin Xızı rayonu ərazisində quraşdırılan pərlər uzun müddətdir ki, işləmir: "Hazırda adıçəkilən ərazilərdə quraşdırılan pərlər təmir səbəbindən çalışmır və nə zaman istifadəyə veriləcəyi barədə məlumatımız yoxdur”. 

İki il öncə televiziya kanallarının birinə müsahibə verən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirmişdi ki, Yeni Yaşma külək enerjisi stansiyası yaxın vaxtlarda istifadəyə veriləcək: "Bu stansiya cəmi 20 trubindən ibarətdir. Lakin 2 trubin hələ ki yoxlanma üçün gözlədilir. Çünki bunların yoxlanmasında xüsusi cihazlar tələb olunur. Sentyabrın 1-də ekspertlər qalan bu 2 trubinə baxış üçün əraziyə gələcəklər. Yeni Yaşma külək enerji stansiyasının bu il işə düşməsi gözlənilir”. 

Yeni Yaşma külək enerjisi  stansiyası ilə bağlı açıqlamadan düz 2 il ötsə də, hələ də bu stansiya istifadəyə verilməyib. Agentliyin mətbuat xidməti Rübabə Qasımovadan gecikdirilmənin səbəbini soruşsaq da, cavab ala bilmədik. 

Bir neçə ay öncə isə Azərbaycan Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (AREA) həyata keçirdiyi audit yoxlamasının nəticələrinin artıq Milli Məclisə göndərilməsi barədə məlumatlar yayılıb. Kollegiyanın məlumatında deyilir ki, yoxlama Dövlət Agentliyində və onun tabeliyində olan , "Azalternativenerji” MMC-də həyata keçirilib. Qeyd edək ki, audit dövlət büdcəsindən ayrılmış aparatın və Cəmiyyətin saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat vəsaiti əhatə edib. Məlum olur ki, Agentliyin rəhbərliyi Müşahidə Şurasını, hətta Əsasnamədə nəzərdə tutulmuş Elmi metodiki Mərkəzi belə yaratmayıb, nəticədə müvafiq nəzarət təmin edilməyib. Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib.

Fırlanmayan pərlərin küləyi bol olsun deyək. Ümid edirik ki, bu avadanlıqlara çəkilən xərclər pərləri nə vaxtsa hərəkətə gətirəcək...

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Siyasət 13:35
Yaşıl enerjiregional enerji əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
İqtisadiyyat 12:37
Çin inklüziv qloballaşmaya və inkişafa sadiqdir - Səfir
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
İqtisadiyyat 12:34
Nazir Orta Dəhliz tranzit yolunun nəticələrindən danışıb
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
İqtisadiyyat 12:14
Beynəlxalq İnvestisiya Forumunda bir sıra sənədlər imzalanıb
Azərbaycana kərə yağı idxalı azalıb
İqtisadiyyat 11:23
Azərbaycana kərə yağı idxalı azalıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 11:07
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:39
Bu günə olan məzənnə açıqlanıb
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
İqtisadiyyat 09:35
Özəl sektorun iqtisadiyyatda payı 81,4%-ə çatıb - Prezident
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:15
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol