Leyla Əliyeva açılışda - FOTOLAR

13:43 | 18.01.2018
Leyla Əliyeva açılışda - FOTOLAR

Leyla Əliyeva açılışda - FOTOLAR

Yanvarın 17-də Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun "Yer və Səma” adlı fərdi sərgisi açılıb.

Anews.az AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib.

Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər.

Tatyana Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında "Dənizçinin rəqsi”, "Evə qayıdış”, "Yığılmış ot”, "Biçilmiş tarla”, "Ağ ay”, "İş adamı Petya əmi” və digər əsərlər var.

Aleksey Beqov 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyətdə tanınmağa başlayıb. Aleksey Beqov 1991-ci ildə "Dünya səddi” beynəlxalq aksiyası çərçivəsində 10 metrlik "XX əsrin sonu” rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub.
1995-ci ildə Aleksey Beqovun Rusiya Dövlət Tretyakov Qalereyasında fərdi sərgisi keçirilib. Müxtəlif illərdə Rusiyada, eləcə də bir sıra ölkələrdə fərdi və birgə sərgilərlə çıxış edib. 1997-ci ildə Parisdə təşkil edilmiş fərdi sərgisi isə ona daha bir uğur gətirib.

1998-ci ildə Paris yaxınlığındakı kiçik Janvil şəhərində məskunlaşan rəssam Jilvuazen qəsrinin ərazisində 1625-ci ildə tikilmiş Müqəddəs Nikolay kilsəsini naxışlarla bəzəyib. Aleksey Beqov bu işlə 1998-2004-cü illər ərzində təkbaşına məşğul olub. Rəssam kilsəni naxışlarla bəzəyib bitirəndən sonra Fransa və Rusiya arasında dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunub.

Rəssam 2012-ci ildə müxtəlif, lakin ona mənəvi cəhətdən yaxın olan Kandinski, Matis, Dali, Pikasso, Van Qoq kimi rəssamlara silsilə işlər həsr edib. Bu zaman rəssam maraqlı üsula əl atıb – ustadların məşhur əsərlərini öz kompozisiyasına daxil etməklə onların parafrazını yaradıb.
A. Beqov 2014-cü ildə vəfat edib.

Rəssamın əsərləri Rusiya Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət Muzeyi, Vaşinqton şəhərinin Vəkillər Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının, eləcə də dünyanın bir sıra tanınmış şəxslərinin kolleksiyalarında yer alıb.

Aleksey Beqovun Heydər Əliyev Mərkəzində təşkil olunan fərdi sərgisi mayın 1-dək davam edəcək. 
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb