Mikrorayonlar kəndləşir… - FOTO

00:30 | 18.01.2018
Mikrorayonlar kəndləşir…  - FOTO

Mikrorayonlar kəndləşir… - FOTO

Elçin Məmmədov

Bərbad günə düşən yaşayış yerləri əvvəlki görkəminə qayıdacaqmı?

"Mikrorayon” ifadəsi sovet dövrünün insanları üçün rahat, təmiz və sakit yaşayış yeri kimi anlaşılır. O zaman Bakıda da ən əlverişli yaşayış yerləri mikrorayonlar idi. Ancaq məlum səbəblərdən bütün sahələrdə hökm sürən xaos şəhərsalmadan da yan ötmədi, plansız, qaba və qarışıq tikililər mikrorayonları da sıradan çıxardı.

"Vikipediya”da da qeyd edilir ki, mikrorayonlar məhz keçmiş Sovet İttifaqında meydana gəlib və o zaman yaşayış sahəsi tikintisinin ilkin struktur elementi olub. "Mikrorayon” rus sözüdür, yaşayış kompleksi mənasın verir. Sovet dövründə şəhər, qəsəbə və yaşayış rayonları əsasən bu konsepsiyaya uyğun tikilib.
Bu gün Bakının mikrorayonları sürətlə şəhər mühitindən uzaqlaşır və kəndləşir. Vaxtilə kompleks şəkildə tikilən 9 mərtəbəli yaşayış binalarının özünəxas simasından indi əsər-əlamət qalmayıb. Şəhər həyat tərzi və ictimailikdən uzaq olan sakinlərin öz eyvanlarını genişləndirməsi, birinci mərtəbələrin isə faktiki olaraq fərdi evlərə, mağazalara çevrilməsi dözülməzdir. Üstəlik, mikrorayon ərazilərində ayrıca fərdi ev tikənlər də var?! Hələ ictimai, sosial əhəmiyyəti olmayan pərakəndə obyektləri demirik...

Mikrorayonlar bir qayda olaraq sırf yaşayış yeri kimi salınıb. Bugünkü xaos ucbatından yaranan tikililər nəticəsində isə mikrorayonlar yaşayış yeri olaraq əvvəlki önəmini itirib. İnsanların sakitliyi pozulub; məhəllələrə müdaxilə edən yeni obyektlər, xüsusilə də dükanlar, sexlər, qarajlar ətrafda nizamsız bir mənzərə yaradıb. Hətta məhəllələr arasında inzibati tikililər, ofislər də meydana çıxıb.

Əvvəlki standart layihəli yaşayış binalarının arasında, az qala məhəllələrin içində tikilən "novostroyka” binalar isə vəziyyəti daha da ağırlaşdırıb. Mənasız layihələr əsasında tikilməkləri bir yana, harda gəldi yerləşən bu binaların alt mərtəbələrindəki mağazalar da ərazidə əlavə sıxlığa səbəb olur. Bu mağazalara hər gün yük daşıyan avtomobillər artıq məhəllə içində də təhlükəsizliyimizi təhdid edir.

Diqqət edək, sovet vaxtı mikrorayonlarda mağazalar yalnız məhəlləkənarı yollarda, başqa sözlə, bir mikrorayonun digəri ilə sərhədində tikilən binalarda təşkil olunardı. Bu, şübhəsiz ki, mağazalara mal daşıyan avtomobillərin məhəllələrə girişinin qarşısını almaq üçün düşünülüb. Üstəlik, belə binalar həm də əsas avtomobil yollarından kifayət qədər aralıda tikilib ki, mağazalara mal daşıyan maşınlar hərəkətə maneə yaratmasın. İndi isə miqyası yerləşdiyi əraziyə uyğun gəlməyən nəhəng yaşayış binaları həm də əsas yolların kənarında tikilir və bu da süni "tıxaclara” səbəb olur.

İndi yerli icra başçılarının məsuliyyətsizliyi, prinsipsizliyi, həm də əyalətçi zövqləri ucbatından bərbad günə düşən mikrorayonların yenidən qurulacağı gözlənilir. İstərdik ki, bu yenidənqurma layihələrində mikrorayonların əvvəlki konsepsiyası mütləq nəzərə alınsın: bir-birini tamamlayan və ya standart layihəli binalar, ayrıca tikili olaraq uşaq bağçası, məktəb, stadion, poliklinika və başqa ictimai-sosial obyektlər.

Yaşayış yerlərində əhaliyə gündəlik xidmət göstərən obyektlərə, məsələn, bərbər, dərzi, məişət cihazlarının təmiri üzrə xidmətlərə də ehtiyac var. Lakin bunların ərazidə yerləşdirilməsinə də kompleks yanaşmaq lazımdır, daha hazırda məhəllə içində fəaliyyət göstərən "avtomoykalar” kimi yox...
Əslində, bu gün mikrorayonlara oxşar yaşayış komplekslərinin salınmasına başlanılıb. İlk addım olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA” MMC-nin "Yasamal” yaşayış kompleksinin layihəsini qeyd edə bilərik. Bu layihə məhz sovet dövrünün sakit mikrorayonlarını xatırladır. Standart layihəli 9 və 12 mərtəbəli binalar, ayrıca tikili olaraq uşaq bağçası, məktəb, açıq hava altında stadion, əraziyə xidmət göstərən supermarket.

Burda yada düşmüşkən, onu da qeyd edək ki, hazırda mikrorayonların məktəblərindəki stadionlar da ya yararsız hala düşüb, ya da faktiki olaraq məktəblərdən alınaraq qapalı və pullu idman obyektlərinə çevrilib. Həm də əvvəlki geniş stadionlar indi üstüörtülü bir neçə futbol meydançasına bölünüb. Daha mikrorayonlarda əvvəlki kimi ictimai, həm də açıq hava altında olan stadionlar da qalmayıb. 
 















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti