Milli Şuranın sədri və AXCP sədri saxlanılıb

17:25 | 17.11.2018
Milli Şuranın sədri və AXCP sədri saxlanılıb

Milli Şuranın sədri və AXCP sədri saxlanılıb

 17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlanıldığı bildirilir.

Bu haqda Turan-a Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü bu gün, noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.
AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır. Onların arasında ürəyi gedənlərin olduğu bildirilir.

Hələlik rəsmi qurumlardan müxalifətçilərin saxlanılması ilə bağlı məluimat almaq mümkün olmayıb.

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bu il həmin hərəkatın 30 ili tamam olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM