Moskvada Azərbaycana qarşı erməni təxribatı

Cəmiyyət 14-09-2017 11:19
Moskvada Azərbaycana qarşı erməni təxribatı
Rusiya paytaxtında keçirilən "Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində ermənilər təxribata əl atıblar.

AzVision.az-ın məlumatına görə, Azərbaycan stendindən aralıda quraşdırılan Ermənistan stendində qondarma quruma aid şirkətlərin məhsulları nümayiş olunub. 

Belə ki, Ermənistan inkişaf fondunun dəsəyi ilə "Triumph Group” ekspo sərgidə "Artsax Bio” və "Arm Eco” markaları ilə iştirak edir. Ermənilər separatçıların məhsullarını stendin ən görünən hissəsində nümayiş etdirirlər. 

Erməni KİV-lərinin məlumatına görə, sərgidə Ermənistanın qanunsuz qurumun məhsullarını xarici bazarlara çıxarmaq üçün Avrasiya İqtisadi Birliyinə üzv ölkələr, Çin, Hindistan, Birləşmiş Ştatlar və Kanada ilə razılaşmalar əldə etdiyi bildirilir. 

Xatırladaq ki, Ermənistan sərgidə qondarma qurumun şirkətlərini yerli şirkətlər kimi təqdim edir, stendlərin qarşısında qondarma qurumun "bayrağ”ını qoyur. 

Qeyd edək ki, rəsmi Bakı dəfələrlə Ermənistanın beynəlxalq sərgilərdə qondarma qurumun "məhsullarının" qanunsuz nümayiş etməsinin qarşısını alıb və bunun, əslində iqtisadi deyil, siyasi baxımdan təxribat olduğunu bildirib.

www.anews.az