Mübarizə qarşı “mübarizə”… - Azər Həsrət yazır

12:25 | 18.01.2018
Mübarizə qarşı “mübarizə”…  - Azər Həsrət yazır

Mübarizə qarşı “mübarizə”… - Azər Həsrət yazır

İndi də Mübariz Mənsimova qarşı cəbhə açıblar. Tanımıram bu adamı şəxsən. Amma az-çox bildiyimə görə, Türkiyədə yaşayan çox uğurlu iş adamlarından biridir. Eyni zamanda çox layiqli, təəssübkeş bir Azərbaycanlı olduğu deyilir. Yurd dışında qazandığı pulların bir qismini həvəslə Azərbaycana, doğulub boya-başa çatdığı Masallı rayonuna yatırır. Hətta Heydər Əliyev Fondunun çağırışıyla öz kəndində orta məktəb binası da tikdirib. Yəni adam əməlli-başlı faydalı işlər görür.

Amma onunla bağlı diqqətimi çəkən bu sadalananlar deyil. Mübariz Mənsimov mənim yadımda 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin Ermənistandan alınması prosesində qalıb. Yadımdadır, Mənsimov o zaman əlindən gələni edirdi ki, Azərbaycanın çağdaş dövr əfsanəsinə çevrilmiş Mübarizin nəşini ermənilərdən alsın. Bunun üçün lazım olan vəsaiti ödəməyə hazır olduğunu da bəyan etmişdi. Özü də ən yüksək məbləği ödəməyə hazır idi.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Mübariz İbrahimovun nəşi alındı, layiqincə torpağa tapşırıldı. Amma bir çox insanlarımızın məsələyə münasibəti də yaddaşlara hopdu ki, onların arasında Mübariz Mənsimov da vardı.

Ümumiyyətlə, az-çox izlədiyimdən bilirəm ki, bu Mənsimov çox təəssübkeş insandır. Nə etsə, harda və necə etsə məhz Azərbaycanı – öz Ana Vətənini düşünür, onun üçün çalışır. Əlbəttə ki, belə yanaşma təqdir edilməli, örnək alınmalıdır.

Amma! Amma görürük ki, indi də hansısa qüvvələr bu insanı tam olaraq bitirmək üçün hərəkətə keçib.

Bir müddət əvvəl Mübariz Mənsimovun qurduğu və Azərbaycan futbolunda tarix yazan "Xəzər” Lənkəran futbol klubu küncə sıxışdırıldı və təzyiqlərə dözməyərək 2016-cı ildə fəaliyyətini dayandırmalı oldu. Halbuki bu komandanın da iştirak etdiyi milli çempionat daha maraqlı, daha baxımlı idi. Yəni ortada tək bir "Qarabağ” klubu deyildi. Futbolumuzun bayraqdarı "Neftçi”, yeni komandalardan olan "Xəzər” Lənkəran və qürur yerimiz olan "Qarabağ” üçlüsünün onlarla ayaqlaşmağa çalışan "Qəbələ” və "İnter”lə birlikdə yer aldığı çempionat Azərbaycanın bu sahədə də daha irəli getməsi üçün özül rolunu oynayırdı. Amma nə baş verdisə "Xəzər” Lənkərana qarşı haqsızlıqlar edildi, küncə sıxışdırıldı və çempionatı tərk etməyə məcbur oldu. Nəticə də odur ki, Azərbaycan futbolu yalnız ucalardan uca "Qarabağ”ın öhdəsinə qalıb. Bu komandanın da inkişafı üçün lazım olan rəqabət ortamı, demək olar ki, gözə dəymir. "Xəzər” Lənkəranı batıranlar, əslində, elə "Qarabağ”ı da batırmağı hədəfləyənlərdir.

Daha bir iş yeri – Pal Süd şirkəti də qeyri-sağlam rəqabət sonucu bazardan sıxışdırıldı. Ümumiyyətlə isə, illərdir ki, Azərbaycanda Mübariz Mənsimovun fəaliyyət dairəsi məhdudlaşdırılır və deyəsən son nöqtəyə gəlinib.

Son hücumlar Rusiyadan başlamışdı. Rusiya mediası lap bu yaxınlarda Mübariz Mənsimovu hədəfə alan yazılar yazırdı. Azərbaycanda da Eynulla Fətullayevin haqqın.az-ı həmin yazıları həvəslə tirajlayırdı. Onun ardınca da başqa media qurumlarımız bu kampaniyada həvəslə iştirak edirdilər. Düzdür, Eynulla deyə bilər ki, Rusiya mediasının yazdıqlarına xəbər dəyəri olduğu üçün diqqət ayırıb. Razılaşmaq olar. Amma istənilən halda özbaşına olmadığı bütün dünyaya bəlli olan Rusiya mediasının bir uğurlu Azərbaycan əsilli iş adamını hədəfə alması düşündürücü olmalıydı.

Xoruzun quyruğu onda göründü ki, Rusiyadan başlanan proses az sonra Azərbayana keçdi və tam cəbhə boyu hücum təşkil edildi.

İndi Azərbaycan mediasında az qala hər yerindən duran Mübariz Mənsimova hücum edir. Sanki hansısa gizli əl onu çökdürmək üçün hərəkətə keçib. Halbuki Mübariz Mənsimovun qazandıqlarının Azərbaycana heç dəxli yoxdur. Bu şəxs, bildiyimizə görə, öz pulunu hazırda 45 minədək işçi çalışdırdığı şirkətlərindən əldə edir ki, onlar da dünyanın 25 ölkəsinə yayılıb. Və üstəlik, hara getsə, harda bir iş qursa Azərbaycan adını da qürurla özüylə aparır. Azərbaycanın sərvətlərini vəhşicəsinə dağıdan bəzi manqurt qafalı oliqarxlardan fərqli olaraq…

Mənə bu yazını yazdıran, əslində, heç tanımadığım, hər hansı şəkildə əlaqəmin olmadığı Mübariz Mənsimovun şəxsiyyəti də deyil. Yazıya səbəb Azərbaycanın bəzi media qurumlarının internet saytlarına edilən hücumlardır. Bu saytlar Mübariz Mənsimovla bağlı fərqli, müsbət yazılar dərc ediblər. Niyə ediblər, özləri bilərlər. Bu da onların mövqeyi, yanaşmasıdır. Azərbaycan oxucusunun fərqli fikirlərlə tanış olmaq haqqı da var axı. İndi belə yanaşma sərgiləyən saytlara hücumlar edilir. Sayt sahibləri də konkret ünvan göstərərək hücumun hardan gəldiyini deyir.

Belə bir durum Azərbaycan adına ayıb deyilmi? Fikriniz varsa, zəhmət çəkin, siz də açıqlama verin. Mövqeyinizi bəyan edin, o saytlar da dərc etsin. Etmirsiniz. Edə bilmirsiniz. O zaman sizin əməliniz çirkindir, haqsız olduğunuzu özünüz də bilirsiniz və buna görə də kol dibində gizlənib hücum təşkil edirsiniz. Edin. Sizin mahiyyətinizə də yaraşan elə budur zatən…

Sözardı: İllərdir vənab Prezident xaricdəki iş adamlarını Azərbaycana çağırır, ölkənin inkişafında rol almağa səsləyir. Vətənpərvər diaspor nümayəndələrimiz gəlirlər, iş qururlar və… peşman olurlar. Dəfələrlə olub ki, Azərbaycana gəlib ölkədə yeni iş yerləri açmaq, inkişafa töhfə vermək istəyənlərin başına oyunların açıldığı haqqına xəbərlər eşitmişik. Bu adamlar sonda sadəcə quru canlarını alıb Azərbaycandan qaçmağa məcbur ediliblər. İndi Mübariz Mənsimovu da belə bezikdirirlər bu yırtıcılar…

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM