"Nazirə sual". Anar Qədirli: "Yaxın vaxtlarda məcburi tibbi sığorta işə düşəcək" - VİDEO

12:02 | 20.12.2014

"Nazirə sual". Anar Qədirli: "Yaxın vaxtlarda məcburi tibbi sığorta işə düşəcək" - VİDEO

"Nazirə sual" adlı yeni rubrikamızın qonağı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirlidir.

Söhbətin gedişatında, tibbi müəssisələrdə korrupsiyanın səviyyəsi, dərman preparatlarının qiymətləri və keyfiyyəti, ana ölümü və tibbi siğorta kimi aktual suallara cavablar alınıb. Müsahibənin videoyazısını və həmçinin oxucuların videosüjetdə əksini tapmayan suallarına verilən cavabları diqqətinizə təqdim edirik.

- Niyə "Elektron Səhiyyə Kartı" 2006-cı ildə təsdiq olunmasına baxmayaraq, 2007-ci il təvəllüdlü uşaqlara verilmir? Bu hadisə 1 nömrəli poliklinikada baş verib.

Anar Qədirli: Mütləq Səhiyyə Nazirliyinin 9103 nömrəli qaynar xəttinə müraciət edin.

- Xəstəni Onkologiya Mərkəzinə apardılar, ona xərçəng diaqnozu qoyuldu. Həkim iddia edir ki, əgər əməliyyat və kimyaterapiya aparılmasa, pasiyent öləcək. Müalicənin dəyəri - 6000 manatdır. Adamı İrana apardılar, orada yerli narkozun altında keçirilmiş əməliyyat göstərdi ki, heç bir xərçəng yoxdur. Niyə Onkoloji Mərkəz mafiya kimi fəaliyyət göstərir?

- A.Q.: Siz Səhiyyə Nazirliyinə və müvafiq komissiyaya ərizəylə müraciət edə bilərsiniz.

- Mənə Kron xəstəliyi diaqnozu qoyulmuşdu. Müalicə olunmaq bahalıdır, bir dənə infliximab iynəsinin qiyməti 500 avrodur, axı bundan çox vurulmalıdır. Mənsə Ağdam qaçqınıyam, bilmək istərdim ki, Səhiyyə Nazirliyi bu dərmanla bağlı kömək edə bilərmi.

A.Q.: Təəssüf ki, bu xəstəlik üzrə dövlət proqramları yoxdur. Ancaq siz dövlət klinikasında pulsuz müalicə kursu keçə bilərsiniz.

- Niyə ayrı-ayrılıqda, ultrasəs müayinəsi üzrə ginekoloqların, Maqnit Rezonans Tomoqrafiyası üzrə nevroloqların və digər mütəxəssislərin təkmilləşdirilməsi kursları yoxdur?

A.Q: Belə təkmilləşdirmə kursları nəinki bizdə, bütün dünyada yoxdur. "Şüa diaqnostikası" ixtisası var. Bu sahənin mütəxəssisi ultrasəs müayinə və MRT daxil olmaqla, istənilən vasitələrlə pasiyentə diaqnoz qoymağı bacarmalıdır. Bu araşdırmaların nəticəsi olaraq, həkim nevroloq və ya ginekoloq son diaqnoz qoyur və müalicəyə başlayır.

- Doğuşa yardım nə qədər keyfiyyətlidir və niyə bu, aşkarda olmasa da pulludur?

A.Q: Səhiyyə Nazirliyinə tabe olan və dövlət büdcəsindən maliyyələşdirilən dövlət klinikalarında tibbi yardım pulsuzdur. Azərbaycanda kifayət qədər keyfiyyətli mamalıq yardımı xidməti var. Əgər sizdən pul tələb edirlərsə, Səhiyyə Nazirliyinə və ya klinikanın rəhbərliyinə müraciət edin.

- Hospitalların müasirləşdirilməsinə baxmayaraq, rayonlarda ixtisaslaşdırılmış doğuş yardımının yoxluğunu nəylə izah etmək olar? Doğuş zamanı ana ölüm faizinin əmsalı demək olar ki, iki dəfə azaldı - 15,1-ə qədər, uşaq ölüm faizinin göstəricisi isə min yeni doğulmuş uşağa görə, 14,5-dən 10,8-ə qədər düşdü. Amma yenə də bu, böyük əmsaldır, xüsusilə Avropa ölkələrinin analoji məlumatlarıyla müqayisədə, çünki orada bu rəqəm 2-ni ötmür!

A.Q: Təəssüf ki, ana ölüm faizinin göstəricisini yalnız 14 promillə qədər azaltmaq mümkün olub. Bu böyük nailiyyətdir, əgər nəzərə alsaq ki, cəmi səkkiz il əvvəl bu rəqəm təxminən 34 olub. Səhiyyə Nazirliyi analığın və uşaqlığın mühafizəsi siyasətini müntəzəm həyata keçirir. Bu sahədə dövlət proqramı qəbul edilib, Bakıda və regionlarda 8 böyük perinatal mərkəz açılıb və fəaliyyət göstərir. Ölüm faizinin göstəricisini bir günün içində sıfıra salmaq mümkün deyil. Bunun üçün vaxt lazımdır, və ən vacibi, gələcək analar özləri vaxtında həkimə müraciət etməlidirlər.

- Hansı səhiyyə təşkilatı sistemi Azərbaycan üçün məqbuldur? Onu necə adlandırmaq olar?

A.Q: Bizdə səhiyyə sahəsində fərdi sığorta sistemi işləyir. Yaxın vaxtlarda məcburi tibbi sığorta işə düşəcək. Bunu həm dövlət, həm də fərdi sığorta şirkətləri həyata keçirəcəklər. Pulsuz tibbi yardım Azərbaycanda yalnız dövlət büdcəsindən maliyyələşdirilən Səhiyyə Nazirliyi müəssisələrində mövcuddur. Başqa müalicə müəssisələrində pullu xidmətlər mövcuddur.

- Xarici mütəxəssis Azərbaycanda işə qəbul olunmaq üçün nə etməlidir? O, səhiyyədə bu və ya digər istiqaməti təşkil edə, bölmə müdiri ola və ya rəhbər vəzifələrdə təmsil oluna bilərmi?

A.Q: Azərbaycanda praktik tibbi fəaliyyətin həyata keçirilməsi üçün xarici mütəxəssislər Səhiyyə Nazirliyinin və başqa dövlət idarələrinin müvafiq komissiyalarından icazə almalıdırlar.

- Pediatrların ixtisaslaşdırması ürəkaçan deyil. Köhnə yanaşma var, yeniliklər öyrənmək, konfranslara baş çəkmək, fərdi təhsillə məşğul olmaq arzusu yoxdur. Bununla necə mübarizə aparmalı?

A.Q: Bütün həkimlər haqqında belə danışmaq olmaz. Bizdə konfransların işində və ixtisasartırma kurslarında iştirak edən kifayət qədər mütəxəssislər var. Hər il 450 Azərbaycan mütəxəssisi ən yaxşı Avropa klinikalarında təcrübə keçir.

- Adi həkimin əmək haqqısı nə qədərdir və bu göstərici Avropa səviyyəsində olacaqmı və nə vaxt olacaq?

A.Q: Səhiyyə Nazirliyi əmək haqları məsələsiylə məşğul olmur.

- Niyə Səhiyyə Nazirliyində Prezident tərəfindən (gənclərin xaricdə təhsili üzrə 2007-2015 dövlət proqramı) təsdiq edilmiş proqram işləmir. Deyirlər ki, onların xaricdə mütəxəssis hazırlamaqlarına dair öz proqramları var, onlar Təhsil Nazirliyi tərəfindən nəzarət edilən proqram üzrə tibbə yiyələnmiş tələbələr üçün məsuliyyət daşımırlar. Bu mütəxəssislər qayıtdıqdan uzun müddət sonra iş tapa bilmirlər, hərçənd onların əlində müqavilə var, həmin müqavilədə Təhsil Nazirliyi onlara 5 il ərzində dövlət strukturlarında işləmək öhdəliyi qoyur. Səhiyyə Nazirliyi yaxşı mütəxəssislərdən imtina edir, bunu da onunla əsaslandırır ki, onların göndərilməsinin təşəbbüskarı o deyil, Təhsil Nazirliyi isə onları işə düzəldə bilmir. Niyə iki nazirliyin arasında koordinasiya yoxdur?

A.Q: Səhiyyə Nazirliyi təhsil almağa göndərilmiş mütəxəssisləri meyarlara ayırmır. Azərbaycanda həkimlər mərkəzləşdirilmiş qaydaya imtahan vasitəsilə işə qəbul olunurlar.

- Niyə dövlət xəstəxanaları təmir edilmir və normal təchiz edilmirlər? Onlar dəhşətli vəziyyətdədirlər, məsələn, dəmir yolu, iki nömrəli, beş nömrəli xəstəxanlar.

A.Q: Son 9 il ərzində təxminən 600 tibbi müəssisə təmir edilmiş, tikilmiş və ən yeni avadanlıqlarla təchiz edilmişdir. Əlbəttə, hamısını birdən təmir etmək mümkün deyil. Amma nəyə görəsə siz yalnız təmir edilmiş klinikaları xatırlamadınız? Siz Avropa klinikalarına güzəştə getməyən Bakı Sağlamlıq Mərkəzindən, Talassemiya Mərkəzindən və digər klinikalardan danışmırsınız.

- Niyə Gəncədə təcili yardım beyin infarktlı xəstəni MRT üzrə xəstəxanaya aparmaq üçün pul tələb edir? MRT-si olan xəstəxananın təcili maşınının aparma haqqı - 50 manat, adi təcili yardım isə - 25 manatdır.

A.Q: Bu məsələlərlə bağlı mütləq Səhiyyə Nazirliyinin və Baş prokurorluğun qaynar xəttinə müraciət edin.

- Niyə xəstəxanalarda həkimlərin dərmanı yoxdur?

A.Q: Səhiyyə Nazirliyi klinikaları lazım olan hər şeylə təmin edir. Bu gün dövlət xəstəxanaları xəstələrin pulsuz müalicəsi üçün təxminən 180 adda dərman alır. Həmin dərmanların siyahısı hər müalicə müəssisəsində asılır.

- Niyə astma xəstələrinə pulsuz dərmanlar vermirlər?

A.Q: Təəssüf ki, hələlik bu xəstəlik üzrə dövlət proqramı yoxdur. Amma dövlət klinikasında pulsuz stasionar müalicə ala bilərsiniz.

- Niyə qan üçün hər yerdə pul tələb edirlər? Aşura günü yığılmış ehtiyatlar necə oldu bəs?

A.Q. Belə hadisələrlə üzləşdikdə dərhal qaynar xəttə müraciət edin.

- Niyə nazirliyin öz işçiləri xaricdə müalicə olunurlar?

A.Q: Mən bizim klinikalarımızda müalicə olunan çoxlu nazirlik işçiləri tanıyıram. Xaricdə müalicə olunanlar haqqında eşitməmişəm. Prinsip etibarilə, harada müalicə olunmağı seçmək - hər kəsin şəxsi işidir.
 
- Niyə xaricdə universitet bitirmiş şəxslərin diplomları tanınmır?

A.Q: Tanınır, amma müvafiq prosedurları keçmək lazımdır. Səhiyyə Nazirliyi komissiyası bu diplomu təsdiq etməlidir.

Çinarə Quliyeva
VİDEO: Fəridə Alıyeva

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb