NAZİRƏ SUAL - Cəsarət Valehov: "Belə məktəblərə müəllim işə cəlb etmək çətindir"

20:50 | 06.02.2015
NAZİRƏ SUAL - Cəsarət Valehov:

NAZİRƏ SUAL - Cəsarət Valehov: "Belə məktəblərə müəllim işə cəlb etmək çətindir"

ANN.Az-ın "Nazirə Sual” rubrikasının budəfəki qonağı Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov oldu. Mətbuat xidmətinin rəhbəri ilə görüş zamanı valideyn və tələbələrin sualları, təklifləri, şikayətləri, təhsildə gözlənilən yeniliklər barədə söhbət aparıldı. Həmin müsahibəni sizlərə təqdim edirik: 

"Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar imtahanların dərslərin vaxtı dəyişdirildi. Bu hər hansı problemə səbəb olmadı?

Bu təhsildə heç bir problemə səbəb olmadı. Təhsil əvvəlki  illərdə olduğu kimi davam etdirilir sadəcə olaraq Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyasının 2015-ci ilin may ayının 31-dək davam etdiriləcək.

Valideynlər ən çox məktəblilərin dərs vəsaitlərinin yaxşı tərtib olunmamasından, kitablarda verilən nağılların, hekayələrin qeyri-peşəkarlığından şikayətlənirlər, buna səbəb nədir? 

Təhsil Nazirliyində əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il sınaqdan keçirilməklə istifadəyə  verilməsi qərara alınıb. Bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının  aktiv cəlb olunmasına kömək edəcəkdir. Bu sahədə ilk addım olaraq hər il iki sinif üzrə dərsliklərin hazırlanmasına başlanılıb. Bu sahədə əsaslı keyfiyyət dəyişikliyinə nail olmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibi formalaşdırılıb. Əsas hədəf dərsliklərin keyfiyyətini yüksəltmək işinə müasir innovativ təlim metodologiyalarını və texnologiyalarını dərindən bilən, eləcə də kurikulum, psixologiya və dərslik dizaynı sahəsində peşəkar mütəxəssisləri cəlb etməkdən ibarətdir. 

Təhsilin magistratura pilləsinə sənəd verən tələbə oğlanlara hərbi xidmətdən möhlət hüququ nə vaxt veriləcək?

Tələbələrə möhlət hüququnu Təhsil Nazirliyi dəstəkləyir. Amma bu məsələ Təhsil Nazirliyinin səlahiyyətlərinə  aid deyil. Biz ümid edirik ki, bu məsələ  Milli Məclisdə yenidən müzakirə olunacaq.

Xaricdə təhsil alan tələbələrinin valideynlərindən biri  belə bir təklif irəli sürür ki, Təhsil Naziri Mikayıl Cabbarovdan xahiş edir edirəm ki, yüksək balla universitetə qəbul olunub xaricdə təhsilini davam etdirən gənclərlə görüşlər təşkil etsinlər. Çünki həmin gənclərin ölkənin gələcəyi üçün böyük işlər görə bilərlər. Bu görüşlərin təşkili mümkündürmü?

Təhsil Nazirliyində xarici ölkələrin ali məktəblərində təhsil alan, eyni zamanda dövlət proqramı vasitəsilə xaricdə təhsil almağa gedən tələbələrlə mütəmadi görüşlər təşkil olunur. Bu görüşlərin əksəriyyəti  təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilir. Eyni zamanda hər il Təhsil Nazirliyinin dəstəyi ilə xaricdə təhsil alan tələbələrin konfransı keçirilir. Belə tədbirlərdə tələbələr təhsil naziri Mikayıl Cabbarovla birbaşa ünsiyyət qurmaq, onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram”ında nə qədər tələbə təhsil alıb və onlar əksər vaxt təhsillərini başa vurduqdan sonra ölkəyə qayıtmaq istəmirlər və  buna səbəb nədir?

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 850 nəfər təhsilini başa vurub. Onların 510 nəfəri Azərbaycana qayıdıb. Qalan məzunlarında böyük hissəsi təhsilin növbəti pilləsi üzrə xaricdə təhsillərini davam etdirirlər.

Rayonlarda təhsil sahəsindəki vəziyyət necədir? Müəllim qıtlığı hələ də yaşanırmı ucqar rayonlarda?
 
Əhalisi az olan yaşayış məntəqələrində yerləşən məktəblərdə dərs saatları az olduğunan, belə məktəblərə müəllim işə cəlb etmək çətindir. Buna görə də ucqar yaşayış məntəqələrində müəllim çatışmazlığı hiss olunur. Bu problemi aradan qaldırmaq üçün məktəblərin  rasionallaşdırılması layihəsi həyata keçirilir, eyni zamanda gənc müəllimlərin ucqar məktəblərə cəlb olunması üçün maddi stimullaşdırma tədbirləri görülür.


Müəllif: Orxan Aslanlı

Video operator: Aynur Məmmədova


ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM