Səmayə Məmmədova: "Gənclər üçün TV kanalın yaradılmasına tələbat olmalıdır" - ANN.TV

13:13 | 07.04.2015
Səmayə Məmmədova:

Səmayə Məmmədova: "Gənclər üçün TV kanalın yaradılmasına tələbat olmalıdır" - ANN.TV

ANN.Az-ın "Nazirə Sual” rubrikasının budəfəki qonağı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova oldu. Görüş zamanı şəhər əhalisinin sualları, təklifləri, şikayətləri, nazirlikdən gözlənilən yeniliklər barədə söhbət aparıldı. Həmin müsahibəni oxuculara təqdim edirik:

- Subay gənclərə ipoteka kreditlərinin verilməsi ilə bağlı Milli Məclisə təkliflər paketi verilib. Bu sahədə hansı irəliləyişlər var?

- Əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən gənc vətəndaşların sosial problemlərinin həlli, onların həyat səviyyəsinin və rifahının yüksəldilməsi ölkəmizdə reallaşdırılan dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində Gənclər və İdman Nazirliyi gənclərin sosial problemlərinin həllinə böyük diqqət yetirir. Bu gün gənclərin üzləşdikləri digər sosial problemlərin həlli ilə yanaşı,  xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması Gənclər və İdman Nazirliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 23 yanvar 2007-ci il tarixdə Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb və fərmanın 2-ci bəndi ilə "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları” təsdiq edilib.

Fərmanda  gənc ailələrə ilkin olaraq 35.000 manat nəzərdə tutulmuşdu. Sonrakı mərhələdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu məbləğ 50.000 manata qədər artırıldı. Fərmana əsasən, 30 il müddətinə və hər il 4% olmaq şərtilə güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulub. Artıq bir çox gənc ailələlər bu şərtlər əsasında mənzil sahibi olublar. Belə ki, 2010-2014-cü illərdə  3520 gənc ailə güzəştli ipoteka kreditlərindən yararlanıblar.   

Hazırda Mərkəzi Bank ipoteka ilə bağlı yeni strategiya hazırlayır. Gənclər və İdman Nazirliyinin bu strategiyaya dair əsas təklifləri ondan ibarətdir ki, kreditlərdən yalnız gənc ailələr deyil, müxtəlif sahələrdə - elm, yaradıcılıq, idman və s. xüsusi uğurlar qazanmış ayrı-ayrı subay gənclər də yararlana bilsinlər, verilən kreditlərin məbləği isə artırılsın. Azərbaycan İpoteka Fondu ilə bu istiqamətdə məsləhətləşmələr davam etdirilir. Ümidvaram ki, birgə səylərlə bu istiqamətdə yeni uğurlu addımlar atılacaq.  

- Narkomaniya və alkoqolizmə qarşı mübarizə üçün gənclər arasında nə kimi maarifləndirmə işləri görülür?

- Uşaq və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və fiziki cəhətdən sağlam inkişafı dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.

Gənclər arasında narkomanlıq və digər zərərli vərdişlərin profilaktikası sahəsində yeni üsullar tətbiq edilməklə işin müasir səviyyədə və səmərəli şəkildə qurulması, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bu baxımdan son  iki il ərzində müxtəlif yeni tədbirlər reallaşdırılıb.
 
Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə sifarişi əsasında "Həyatla oyun” adlı maarifləndirici teatr tamaşası hazırlanıb və onun rayonlarda,şəhərlərdə, ali və orta ixtisas məktəblərində nümayişi təşkil edilib. Tamaşa gənclər tərəfindən böyük maraqla qarşılanır və onun təkrar nümayişi xahiş olunur.

Bu gün gənclər arasında zərərli vərdişlərin profilaktikası üçün ən yaxşı vasitə gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bu prosesdə idman böyük rol oynayır.  Respublikamızın əksər bölgələrində olimpiya idman kompleksləri inşa olunub,  idman zalları və meydançaları quraşdırılıb və təmir edilib. Bununla yanaşı  bəzi rayonlarda gənclərə sosial xidmətlər göstərən "Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilib. Bu addımlar gənclərin asudə vaxtının səmərəli təşkilinə,  onları narkomaniya, alkoqolizm və digər bu kimi zərərli vərdişlərdən çəkindirməyə imkan yaradır.  

Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliği, olimpiya komplekslərinin bu işdə rolunun artırılması məqsədilə Nazirlik tərəfindən respublikanın rayon və şəhərlərində Gənclərin Sağlamlıq Festivalları keçirilib. Bu festivallarda tanınmış idmançılar, sənət adamları  da iştirak edərək gəncləri sağlam həyat tərzi seçməyə səsləyiblər.

Artıq bir neçə ildir ki, Nazirlik Ümumdünya Fiziki aktivlik gününü qeyd edir. Burada da əsas məqsəd gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

Əminəm ki, biz bu aktual problemin həlli, gənc nəslin hər bir nümayəndəsinin respublikamızın layiqli vətəndaşı kimi formalaşması sahəsində daha böyük uğurlara nail olacaq, sağlam və vətənpərvər gəncliyin yaxından iştirakı ilə respublikamızın daha da çiçəklənməsinə nail olacağıq.    


- Gənclərin işsizlik problemi ilə bağlı nazirlik hansı tədbir və  layihələri  həyata keçirməyi planlaşdırır?

- Hər bir dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri əhalinin səmərəli məşğulluğunun təmin edilməsidir. Azərbaycan Hökuməti bu sahəni daim diqqət mərkəzində saxlayır, əhalinin, xüsusilə gənclərin məşğulluq probleminin həllinə çalışır. Bu, ilk növbədə, onunla bağlıdır ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini gənclər təşkil edir. Əmək bazarına yeni daxil olan gənclər təcrübə və dərin peşə bilikləri qazanana qədər müəyyən çətinliklərlə üzləşirlər. Statistik məlumatlar da göstərir ki, ölkə üzrə təxminən 123 min nəfər gənc fəal olaraq iş yeri axtarır və ya mövcud işini daha yaxşısı ilə dəyişmək istəyir.
 
Bütün bu amillər nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin məşğulluğunun dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı tədbir və layihələrin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə nazirlik tərəfindən hər il çoxlu təlim kursları, seminarlar, praktiki məşğələlər, əmək yarmarkaları və sahibkarlıq fəaliyyətinə dair intellektual yarışlar keçirilir.

Bununla əlaqədar qurumumuzun həyata keçirdiyi bir sıra ənənəvi tədbirlər haqqında  məlumat vermək istərdim. Belə ki, nazirliyin dəstəyi ilə hər il Azərbaycan Dövlət İqtisad Universitetində "Məzun” əmək yarmarkası keçirilir. 2006-cı ildə ilk dəfə keçirilmiş "Məzun” əmək yarmarkasında 143 vakansiya təqdim edilmişdisə, 2014-cü ildə vakansiyaların ümumi sayı 900-dən çox olub.

Gənclərin bilik və praktiki bacarıqlarının artırılması, onların məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi məqsədilə Gənclər və İdman Nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində "Gənclər üçün karyera məzrkəzi” və Gəncə şəhərində "Gənclərin məşğulluq və resurs mərkəzi” yaradılıb. Hər iki mərkəzin fəaliyyəti nəticəsində minlərlə gəncə müxtəlif mövzularda təlim kursları keçirilib, peşə sənətləri öyrədilib, istehsalat təcrübəsini keçmək üçün imkanlar yaradılıb, əmək yarmarkaları təşkil olunub və gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərilib.

2006-cı ildən etibarən Gənclər və İdman Nazirliyin dəstəyi ilə "Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqramı üzrə respublika çempionatı keçirilir və qalib komanda dünya kuboku yarışlarına ezam edilir. Respublika çempionatlarında hər il orta hesabla 12 komanda iştirak edir, onlar tərəfindən akademik tədris ili ərzində 40-a yaxın layihə icra olunur. 2012-ci ildən proqrama "Enactus” (bizim sahibkarlıq fəaliyyətimiz)” adı verilib. İllər ərzində ardıcıl olaraq həyata keçirilmiş proqram nəticəsində mindən çox gəncin sahibkarlıq fəaliyyətinə dair praktiki bilikləri və əmək təcrübəsi artıb.

Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində beynəlxalq təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı bir sıra beynəlxalq konfranslar keçirilib. Misal olaraq, "Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” konfransı və "Mobil texnologiyalar üzrə Dünya Gənclər Forumu"nu göstərmək olar.

15 avqust 2014-cü ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə ilə ADİU-nun nəzdində təsis edilmiş "İnnovativ Biznes-inkubator”un fəaliyyəti üçün maliyyə vəsaiti ayrılıb. Qısa dövr ərzində 5 startap layihəsi yaradılıb, 12 təlim kursu keçirilib və sahibkarlıq fəaliyyətinə dair 6 nəşr hazırlanıb.

Onu da qeyd edim ki, bu sahədə nazirlik gənclər təşkilatları tərəfindən həyata keçirilən çoxsaylı layihələri dəstəkləyir. Bunlardan ən maraqlı olan layihələrin– telekanalının birində nümayiş etdirilən "İdeya qazandı” və gənclər qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən "Youth.İnc” adlı layihələri qeyd etmək istərdim.

Gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin  gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bu fəaliyyət həm Bakı şəhərini, həm də regionları əhatə edəcək. Yaxın gələcəkdə regionlarda gənc sahibkarların sərgilərinin və əmək yarmarkalarının təşkili planlaşdırılır.

Bildiyiniz kimi, cari ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərin məşğulluğunun təmin edilməsi üçün müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda bu il "Azərbaycan Gəncliyi” yeni dövlət proqramının hazırlanması planlaşdırılır.  Dövlət proqramında gənclərin məşğulluğunun dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məsələləri əks olunacaqlar.

- "Respublikada güləş kütləvilik alsın” – belə bir devizi tez-tez eşidirik. Məsələn, İranda güləş kifayət qədər kütləvilik alıb. Bizdə nə vaxt həyata keçiriləcək?

- Sizin sualınıza cavab olaraq bildirmək istərdim ki, güləş bu gün Azərbaycanda gənclər tərəfindən ən çox maraq göstərilən idman növlərindən biridir. Azərbaycan birinciliklərində, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında  iştirak edən güləşçilərin sayının artması, bu idman növündən əyarı qızıl olan medalların daha çox qazanılması dediklərimizin əyani sübutudur.  Məşqçi-müəllimlərin başçılığı altında hər iki güləş növü üzrə məşğul olanların sayı 24000 nəfər idmançını əhatə edir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyi və Azərbaycan Güləş Federasiyası əsas etibarilə sərbəst, Yunan-Roma və qadınların sərbəst güləş növləri üzrə 4 yaş qrupundan olan yığma komanda üzvlərinin təlim-məşq proseslərini, təlim-məşq toplantılarını, müvafiq idman geyimləri ilə təmin olunmalarını, beynəlxalq yarışlarda iştirakını, müasir tələblərə cavab verən və yüksək səviyyəli maddi texniki bazaya malik olan idman zalları ilə təmin edir.
 
Respublikamızda fəaliyyət göstərən komplekslərin əksəriyyətində güləş bölmələri pullu fəaliyyət göstərirlər və bu gün bu fakt heç kimi narahat edib düşündürmür.

1996-cı il Atlanta Yay Olimpiya Oyunlarından başlayaraq 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarınadək  bir qayda olaraq güləşçilər Azərbaycan nümayəndə heyətinin daxılına daima müxtəlif əyarlı medallar qazandırıblar. (Atlanta 1 gümüş; Sidney 1 qızıl; Afina 1 qızıl; Pekin 2 gümüş, 2 bürün; London 2 qızıl, 2 gümüş, 3 bürünc).


Azərbaycanda güləş idman növünün hazırki vəziyyəti barədə qısa məlumat verək:
Azərbaycan Güləş Federasiyasının tabeçiliyində 8 regional nümayəndəlik fəaliyyət göstərir. 5 ildir ki, yaradılan nümayəndəliklərin fəaliyyəti Azərbaycan Güləş Federasiyası tərəfindən maliyyələşdirilir. Hər nümayəndəlikdə 1 əlaqələndirici, 1 sərbəst və 1 Yunan-Roma güləşi üzrə Baş məşqçi çalışır.
 
Qeyd etmək lazımdır ki, nümayəndəliklərin ərazisində yerləşin Uşaq Gənclər İdman Məktəbləri, İdman Klubları, İdman Cəmiyyətləri aidiyyəti üzrə Nazirliklər, İdman Qurumları və İdman Təşkilatlarının tabeçiliyindədir və həmin təşkilatlar tərəfindən maliyyələşirlər.

Bütün yaş qrupları üzrə Respublika yığma komandalarının heyyətinin müəyyənləşdirilməsi üçün, keçirilən Respublika birinciliklərindən əvvəl hər bir regionun öz daxili birinciliyi keçirilir və bu yaş qruplarının qalib və mükafatçıları Respublika yarışlarının Finalına vəsiqə qazanırlar. Son bir neçə il ərzində keçirilən bu yarışlar sərbəst və Yunan-Roma güləşi üzrə müəyyən nəticələrin qazanılmasına təkan verib.

Bakı şəhərində və ətraf qəsəbələrdə Azərbaycan Güləş Federasiyasının nəzdində yaradılmış 12 güləş klubu var. Bu klublar 5 ildir ki, fəaliyyət göstərir.

2013-cü ilin sonuna olan məlumata əsasən, Respublikanın bütün şəhər və rayonlarında 198 Uşaq Gənclər İdman Məktəbi fəaliyyət göstərir.

Sərbəst və Yunan-Roma güləş idman növlərinin inkişaf dislokasiyasına əsasən, ümumilikdə götürdükdə fəaliyyət göstərən idman cəmiyyətləri, idman klubları və UGİM-nin güləş bölmələrində Respublika üzrə 1496 məşqçi-müəllim işləyir.

- Niyə bəzi bölgələrdə idman kompleksləri yoxdur? Məsələn, Tərtər rayonunda?

- Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin sənədləşmə işləri (layihə smeta sənədlərini hazırlanması, ekspertizadan keçirilməsi və müvafiq satınalma proseduru keçirilməklə podratçı təşkilat müəyyən edilməsi) 2013-cü ilin noyabr ayında başa çatdırılıb və Tikinti müqaviləsi imzalanıb.

2013-cü ilin dekabr ayından ayrılmış torpaq sahəsində mövcud olan kommunikasiya xətlərinin digər ərazilərə köçürülməsi işləri həyata keçirilib, 2014-cü ilin əvvəlində isə tikinti-quraşdırma işlərinə başlanılıb. Hazırda işlər müqavilə üzrə davam etdirilməkdədir.   

Respublikamızın əksər rayonlarında komplekslər tikilib istifadəyə verilib, bu işlər hazırda da davam etdirilməkdədir. Digər regionlarda da idman-sağlamlıq obyektlərinin tikintisi cənab Prezidentin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı dövlət proqramları çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək.


- 2016-cı ildə  ölkəmizdə 17 yaşadək futbolçular arasında Avropa çempionatı keçiriləcək. Azərbaycanda uşaq futbolunun səviyyəsi nə yerdədir?

- Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli 1038 №-li  sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, müvafiq nazirliklər və təşkilatlarla birgə layihələr həyata keçirilir. Dövlət Proqramının tədbirlər planının 2.7 bəndinə uyğun olaraq hesabat dövrü ərzində ölkədə fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil məktəbləri komandaları arasında 3 mərhələdən ibarət müxtəlif yaş qrupları üzrə ölkə birincilikləri təşkil olunub və keçirilib. Belə ki, 2014-cü ilin mart, aprel, iyun, avqust, oktyabr və 2015-ci ilin mart aylarında 9-10, 11-12 və 13-14 yaşlı futbolçular arasında "Sevinc” kuboku və "Sabahən ulduzları” uğrunda ölkə birincilikləri keçirilib.

Qeyd olunmuş yarışların 1-ci və 2-ci mərhələlərində ölkənin ümumtəhsil məktəblərinin 27840 yeniyetmə futbolçuları iştirak ediblər. Ümumilikdə keçən hesabat dövründə təşkil olunub və keçirilmiş futbol yarışlarında 28160 məktəb şagirdləri öz bacarıq və ustalıqlarını nümayiş etdiriblər.

Keçən hesabat dövrü ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə U-11, U-12, U-13, U-14 və U-15 Liqaları arasında ölkə birincilikləri təşkil olunub və qalib komandalar müvafiq diplomlarla, medallarla, kuboklarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. AFFA-nın Elit məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası Klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə Tovuz, Qax, Gəncə, Sumqayıt və Bakıda keçirilmiş seçimlərdə 8 yaşından 12 yaşadək oğlan və qız uşaqları iştirak edib. Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted” klubunun Yay Futbol məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 02-dən etibarən "Bakı” FK-nun təlim-məşq bazasında məşqlərdə iştirak ediblər. Məşqləri müvəffəqiyyətlə bitirən 5 nəfər seçilmiş və "Mançester Yunayted” klubunda məşqlərini davam etmək üçün İngiltərəyə göndərilib.

- Bakı 2015 Avropa oyunlarında ölkəmizin daha çox hansı idman növündən medal qazanacağını düşünürsünüz?

- Təbii, proqnoz vermək heç də düzgün deyil. Çünki bu idmandır və burada hər zaman gözlənilməz qələbələr mümkündür. Əgər xatırlayırsınızsa, Olimpiya çempionumuz Zemfira Meftahətdinova Sidneydə keçirilən Olimpiya oyunları zamanı yarışlara Wild card (idmançının Olimpiya oyunlarında iştirakı üçün dəvət ) alaraq getmişdi, amma vətənə qızıl medalla qayıtdı.
 
 
Qeyd etmək yerinə düşər ki, Azərbaycan idmançıları bir sıra idman növlərində daim vətənə qızıl medalla qayıdıb. Bu idman növlərinə güləş, gimnastika, taekvando, cüdo, avarçəkmə və s daxildir.

- Təklif: Gənclər üçün xüsusi TV kanalı yaradılsın. Bu gənclərin gələcək iş imkanlarını daha genişləndirə bilər.  Bu təklifi nazirlik həyata keçirə bilərmi?

- Təbii olaraq, televiziya kanalları fərqli formatda fəaliyyət göstərə və müxtəlif auditoriyaya hədəflənə bilər. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, sırf gənc auditoriya üçün fəaliyyət göstərən telekanalların əksəriyyəti özəl telekanallardır, kommersiya əsasları ilə yaradılır. Fikrimcə, gənclər üçün xüsusi TV kanalın yaradılması və bu kanalın daimi yayımlanması üçün ilk növbədə tələbat olmalıdır, çünki bazar iqtisadiyyatının qızıl qaydalarından biri də odur ki, tələbat təklifi yaradır. Bilirsiniz ki, bu gün gənclərin əsas marağı virtual aləmdə cəmləşib, onların televiziya verilişlərinə marağının artırılması məsələsi prioritet kimi baxılmalıdır. Bunun üçün də gənclərə ünvanlanan informasiyanın onlar üçün maraqlı olacaq müasir formalara uyğun təqdim etmək vacibdir. Bunu nəzərə alaraq, Nazirlik tərəfindən mütəmadi olaraq "Mən Azərbaycanlıyam", "Müasir Azərbaycan Gənci", "Breyn-rinq", "Xəmsə" və s. kimi televiziya layihələri həyata keçirilir və yerli telekanallarda yayımlanır.

- Regionlarda cox saylı olmasa da istedadlı gənclər var. Nazirlik həmin istedadlı gənclər üçün hansı işləri görür?

- Bilirsiniz ki, nazirlik istedadlı və yaradıcı gənclərin iştirakı ilə davamlı olaraq müxtəlif tədbirlər, müsabiqələr, festivallar, sərgilər təşkil edir. Bütün bu tədbirlər sözsüz ki, yalnız paytaxt gənclərini deyil, region gənclərini də əhatə edir. Bu gün yeniyetmə və gənclər arasında populyar olan Xəmsə Milli İntellektual oyunu, Kompyuter Oyunları üzrə Azərbaycan Çempionatları, "İstedadların hazırlığı laboratoriyası" kimi layihələr ildən ilə daha çox sayda regionlarda yaşayan gəncləri cəlb edir.

Bundan əlavə, il ərzində nazirliyin yerli gənclər və idman idarələri tərəfindən də regionlarda yaşayan və fəaliyyət göstərən istedadlı və yaradıcı gənclərin iştirakını təmin edən müxtəlif tədbirlər həyata keçirilir.

Eyni zamanda, hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri "Gənclər paytaxtı” elan olunur. Seçildiyi müddət ərzində həmin şəhər və rayonda gənclərin imkan və bacarıqlarının inkişafına, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verilir.  

- Bakı 2015 Avropa Oyunları zamanı ölkəmizə gələcək bütün ölkələrin xərclərinin qarşılanması ilə bağlı nə deyə bilərsiniz?

- Bütün Olimpiya oyunları zamanı idmançıların yol və qalma xərcləri təşkilat komitəsi tərəfindən qarşılanır. Bu tam normal haldır. Bu prosesə Afina, Çin, London və digər Olimpiya oyunları zamanı da əməl olunub.   Bu bütün kontraktların hamısınıda qeyd olunub. Buna görə də bu oyunlarda biz təşkilatçı tərəf kimi bütün xərcləri qarşılayacağıq.
 

Müəllif: Orxan Aslanlı
          Rusif Hüseynov
 
Video operator: Aynur Məmmədova
 
 


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM