"Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları" layihəsinə dəyişikliklər edilib

İqtisadiyyat 13-09-2017 22:30
"Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları" layihəsinə dəyişikliklər edilib.

Bu barədə Trend-ə Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

"Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci və 44.4-cü maddələrinə, Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli, müvafiq olaraq 3 və 4 nömrəli Qərarları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları” və "Azərbaycan Respublikasının uçuş Qaydaları” aktlarına, habelə Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya (Çikaqo Konvensiyası), Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) 2011-ci il tarixli, 328 AN/190 nömrəli "Pilotsuz hava gəmilərinin idarə edilməsi sistemləri” sənədinə əsasən, Dövlət Mülki Aviasiya Administrasiyasının və "Azərbaycan Hava Yolları” QSC-nin mütəxəssisləri tərəfindən "Pilotsuz mülki uçuş aparatlarının istifadəsi Qaydaları”nın layihəsi hazırlanıb.

Sözügedən layihə pilotsuz mülki uçuş aparatlarının idarə edilməsi tələblərini, habelə təhlükəsizlik və əməliyyat standartlarını və şərtlərini özündə ehtiva edir. Qeyd olunan layihə 2015-ci ilin 8 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim edilib. Azərbaycanın aidiyyəti dövlət qurumlarından (cəmi: 10 qurum) daxil olan və qəbul oluna bilən rəy və təkliflər nəzərə alınmaqla, bu layihə razılaşdırılma mərhələsindən keçib və Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən qaydaların Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən təsdiq ediləcəyi barədə Nazirlər Kabinetinin göstərişi daxil olub. Sonrakı mərhələdə sözügedən qaydaların layihəsində müəyyən zəruri dəyişikliklər edilib.
www.anews.az