"Protezini çıxarıb..." - Xərçəngdən dünyasını dəyişən dostunu belə andı - FOTO

13:40 | 16.10.2018

"Protezini çıxarıb..." - Xərçəngdən dünyasını dəyişən dostunu belə andı - FOTO

"Etimadın özündən əvvəl ayağının biri şəhid olmuşdu. Yerinə protez taxırdı. Onu da bəzən balınc, bəzən də silah kimi istifadə edərdi. "Ayağını" çıxardıb, başının altına qoyub, yatdığı günləri xatırlayıram. Bu barədə o uzaq illərdə yazmışdım”.

Anews.az xəbər verir ki, bunu "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün vəfat edən Qarabağ Qazisi Etimad Əsədov haqqında yazıb. Onunla həbsxanada bir yerdə olduğu günləri xatırladan R. Arifoğlu qeyd edib: "Günün birində məhkəmə iclasında protezini çıxartdı, hakim Mənsur İbayevə və digər hakimlərə atdı. Tək deyildi, hakimlərə biz də nə gəldi tolazlayırdıq; dəmir qəfəsdə 7 nəfərdik, tərkibimiz baş nazir, deputat, redaktor, partiya sədri, dövlət müşaviri ... titullu insanlardan ibarət idi. 

Türmədəydik, Allahın yazısını və sınağını bərabər yaşayırdıq. İbayev bizi növbəti dəfə əsəbiləşdirmişdi və əlimizdə nə var, tolazlayırdıq hakimlərin oturduğu kürsüyə. Su butulkası, stəkan, ayaqqabı. Bax, o anda dəmir tellərin arasından ayaq şəklində bir protez Mənsur İbayevin düz qarşısına düşdü. Etimadın şəhid ayağını əvəz edən protez elə bir səs elədi ki... 

İbayev və hakimlər qaçdılar... Hə, həmin anda onu kəşf etdim ki, bizim sabiq baş nazir çox zəngin söyüş ehtiyatına malikdir, Sərdar da pis deyildi. Hələ bir İbrahimə bax - təmkin heykəli bir söyürdü ki...

Bu olaydan sonra bizə suyu cirə ilə verdilər - butulkalar yığışdırıldı. Bizim dəmir qəfəslə hakimlərin arasına da mühafizə qoydular. Onların gözü Etimadın silahında idi - birdən çıxardar, atar ayağını, İbayevi yaralayar, höküm çıxardammaz...

O isə bizim sevimli Qazimizdi.

Dəli-dolu, haqsızlığa dözümsüz, Mənsur İbayevə daha dözümsüz...

İbayev sağdır, hər halda, amma Etimad bugübkü durumu ilə ondan daha diridi.

...Bayıl həbsxanasında 13 ay bərabər olduq. Bütün müdddəti təkadamlıq kamerasında qaldı. "Kimsəyə yük olamam, mənə belə rahatdı", deyirdi...

6 aylıq bir məhkəmə dönəmi vardı. Yuxarıda yazdığım olay həmn zamanlarda baş verdi. İş bitdiyi üçün həbsxanadakı rejim nisbətən yumşalmışdı. Şənbə-bazar, məhkəmə olmayan günlər və məhkəmədən sonrakı 20 gündə yeməyimizi bərabər yeyərdik. Sabahları yeməyi bərabər hazırlardıq. "Qlazok"u Etimad hamıdan yaxşı bişirərdi. Sonra da gəzinti üçün nəzərdə tutulan yerdə bərabər günümüzü keçirdərdik. Bax, o zamanlarda Etimad protezini çıxardıb, qoyardı başının altına və eləcə də yatardı.

Yastığı öz ayağı idi...

Şəhid ayağının ardınca getdi. Etimadın tamı, bütün cismi vətən uğrunda şəhid oldu...

Orada ona demişdim, "a bəxtəvər, nə zaman ölsən, şəhidsən..."

Şəhidlər ölməz ki...”
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb