Rusiya xarici işlər naziri Sergey Lavrovun tezliklə vəzifədən gedəcəyi xəbəri yayılıb. Xəbərə görə, o, yorulduğu üçün işindən getmək istəyir. Lakin prezident Vladimir Putinin inadlı xahişindən sonra prezident seçkisinədək vəzifədə qalmağa razılaşdığı bildirilir. Maraqlıdır ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova öz şefinin XİN-i tərk edib-etməyəcəyi barədə məlumatsız olduğunu söyləyib. Yəni xəbəri nə təsdiq, nə də təkzib edib.
Arayış üçün bildirək ki, dünən – martın 21-də 68 yaşı tamamlanan Sergey Lavrov 14 ildir fasiləsiz olaraq, Rusiya kimi qüdrətli bir dövlətin xarici siyasət idarəsinə rəhbərlik edir. Onu şübhəsiz, Putinə ən sədaqətli kadrlardan biri və bəlkə də birincisi saymaq olar. Yoxsa bu qədər müddətdə postunda qala bilməzdi. Amma təkcə Putinə sədaqət hesabınamı o, yüksək vəzifədə duruş gətirə bilib?
Bu mənada Lavrovun XİN rəhbərliyindən getməsi Azərbaycan üçün ən əvvəl psixoloji önəm daşıyır. Hər halda, Rusiya baş diplomatı postunda erməni əsilli biri qaldıqca Azərbaycan toplumunda Rusiyaya etimad çətin ki, yaxşıya dəyişsin. Həm də o səbəbə ki, Sergey Lavrov Rusiyada erməni lobbisinə bağlı ən yüksək çinli şəxsdir. Onun himayəsi altında XİN-də, Rusiyanın müxtəlif dövlət orqanlarında və KİV-də güclü erməni şəbəkəsi kök salıb və bu şəbəkənin əli yetərincə uzundur.
Lavrovun vəzifədən getməsi ilə həmin şəbəkənin "krışası”, yaxud lobbinin mühüm siyasi dayaqlarından biri yəqin ki, aradan getmiş olacaq. Söz düşmüşkən, məhz Lavrovun başçılıq elədiyi həmin şəbəkə Azərbaycana ermənipərəst birisini – Georgi Zuyevi səfir kimi sırımaq istəyirdi (Bakıda Rusiya səfirinin postu hələ də boşdur). Bundan əlavə, İran kimi bizim üçün mühüm bir dövlətdə Rusiyanı səfir qismində illərdir məhz Levan Çiqaryan ad-soyadlı erməni təmsil edir və daima Bakı-Moskva (Tehran), Ankara-Moskva (Tehran) münasibətlərinin təməlini qazımaqla məşğuldur.
Qayidaq istefa məsələsinə. Diqqət edildi yəqin, Sergey Lavrovun getməsini Putin yox, Lavrovun özü istəyir. Yəni onun işindən Kreml başçısı razıdır. Əks halda Putin onu çoxdan işdən qovmuşdu. Bu xüsusda istisna deyil ki andiçmədən sonra yeni hökumət formalaşarkən Putin onun qalıb işləməsində israr edə bilər. Daha bir səbəbdən.
Məsələ ondadır ki, Rusiyanın Qərblə münasibətlərinin korlanmasında və hazırkı kritik, hətta böhranlı vəziyyətə gəlməsində Lavrovun müstəsna "xidməti” var. Bunu da unutmaq olmaz ki ABŞ prezidenti Donald Tramp dövlət katibi postuna qatı anti-Rusiyaçı Maykl Pompeonu gətirmək qərarı verib və onun namizədliyinin Senatdan keçməsi ehtimalı kifayət qədər yüksəkdir.
İstənilən halda, Lavrovun gedişi həm Qərblə, ABŞ-la münasibətlərə, həm də Qarabağ danışıqlar ətrafındakı duruma ümidverici bir ab-hava gətirər, sülh danışıqlarına gümrahlıq, Bakı-Moskva münasibətlərinə isə müəyyən həlimlik və proqnoza yatımlılıq qata bilər - bir şərtlə ki, xələfi ona "rəhmət” oxutduran biri olmasın...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !