Qalmaqallı “26” kafesi kimindir? - FOTO

Cəmiyyət 08-09-2017 22:11
Qalmaqallı “26” kafesi kimindir? - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.

Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olub.

"Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, "26” adlı kafenin sahibi Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovdur. 

Kafeni  Ə. Qasımovun oğlu Əliyarın işlətdiyi bildirilir.

Ailə həmçinin, "Hollivud” restoranlar şəbəkəsini də idarə edir.

Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları paylaşıb. Üç uşaq atası olan Ə. Qasımov oğluna atasının adını qoyub.
Xatırladaq ki, "26” adlı kafe Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürülərək onun yerində açılıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, kafe orada artıq bir neçə aydır fəaliyyət göstərir: "Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi 26 Bakı komissarlığı adında küçə də var idi. Əslində ən böyük qəbahət bax budur”.

X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib: "Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?”
 














www.anews.az