Sənə yalan deyiblər, dostum! Səni
aldadıb inandırıblar ki, Qarabağın açarı Rusiyanın, Amerikanın, ATƏT-in, beynəlxalq
aləmin əlindədi.
Bir-birimizin gözünə kül üfürürük.
Hökumət bizim, biz də hökumətin. Özümüz özümüzü aldadırıq, inandırırıq ki,
Qarabağın işğalda qalmasına ən başlıca səbəb Ermənistandı, Rusiyadı, xristian
dünyasıdı. Uzun illərdi aldadırıq bir-birimizi, bu gedişlə deyəsən hələ çox
uzanacaq bu iş.
Əsl həqiqəti görməmək üçün dəvəquşu
pozası alırıq. Ən dəhşətlisi də bu müvazinətlə barışmağımızdı.
Gerçək olansa budur ki, Ermənistan
Qarabağ kilidində sonuncu açardı.
Rusiya kilidinə düşən açar da
taparıq, bundan sonra Amerikanın, Avropanın – bütün dünyanın qapıları özü
açılar taybatay.
Müşkülümüz öz qapımıza – Azərbaycan
qapısına düşən bu açarı tapmaqdı. Bu qapı açılmadan o birilərini aça bilmərik.
Qarabağ tilsimi bir dəli sevgiyə
möhtacdı, sevgi inad deməkdi həm də. O tilsimi inadlı sevginlə sındırar,
açarsan. Mübariz İbrahimov həlak olanda yazmışdım ki, Qarabağa zəfər yolumuz vətəni
dəli bir eşqlə sevməkdən keçir.
Qarabağın açar kodu Azərbaycan
hakimiyyəti və Azərbaycan xalqıdı.
Ali baş komandan gecələr yuxudan
qan-tər içində "Qarabağ” bağırıb qəfil ayılanda sınacaq tilsim. Qərargahı Bərdəyə,
Quzanlıya köçürüb "Mən burdayam – Qarabağda! Gəlmişəm Qarabağı azad edək” deyəndə
sınacaq. Populizm deməyəcəklər buna. Bu, elə həmin dəli sevdadı – vətən
sevdası. Bu, elə həmin tilsimin açarıdı. Tilsim bu sevdada sınar. Yerdə qalan
diplomatiya, hərb məsələləri bu sevdadan keçər.
Qarabağın ovsunu hakimiyyətin ən
yuxarı pilləsindən üzü aşağı məmur ordusu çapovulçu instinktlə yox, vətən eşqi,
yurda sahiblik duyğusuyla yaşayanda çəkiləcək.
Hər azərbaycanlı Dilqəm Əsgərov,
qarabağlı Şahbaz Quliyev, ağdamlı Həsən Həsənov olanda sınacaq bu tilsim. Dilqəmgil
ana qəbrini ziyarətə, yurda baş çəkməyə getmək üçün kimsədən icazə
almamışdılar. Biz onları tək qoyduq. Bir Dilqəm yerinə on Əli, yüz Vəli, min
Vahid olsaydı erməni də, rus da, dünya da baxıb görərdi. Görüb deyərdi bunlar
havalıdılar, dəlidilər, yurd sevdalısı, vətən dəlisidilər.
Ağdamı işğal günündə yada salan nə
qədər könlüqırıq yurddaşımın ürək sözünü oxudum. Bunlar
pafosdan uzaq, səmimi qəlb sözləridi. Amma Qarabağa bu yetmir! Qarabağa sözün
qorxmayan üzü lazımdı.
Qarabağ yolunda hədəf ermənidən
qabaq özümüzük.
Qarabağı ermənidən qabaq özündən,
öz hakimiyyətindən istəyəcəksən!
Hakimiyyət sənə borcludular, sən
hakimiyyətə yox. Sən onun qabağında əzilib-büzülüb, əriyib-tökülüb,
yaltaqlanıb-pişikləndikcə Qarabağ da, elə vətənin yerdə qalanı da sənin
olmayacaq, dostum Azərbaycan vətəndaşı, qardaşım Qarabağ qaçqını.
Qarabağın açarı ermənidə, rusda deyil!
Özündədi, qəlbindədi – "cibinə” əməlli bax!
24 iyul, 2017-ci il
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !