“Qırmızı terror”un qadın cəlladı – O, Krımda qırğın törədib

19:00 | 19.11.2018
“Qırmızı terror”un qadın cəlladı – O, Krımda qırğın törədib

“Qırmızı terror”un qadın cəlladı – O, Krımda qırğın törədib

O, qeyri-normal həyat tərzi yaşayıb, qadın zövqünün dairəsinə daxil olan heç bir məsələ onu maraqlandırmayıb, ən çox sevdiyi məşğuliyyəti əks-inqlabçılara verilən cəzalarda iştirak etmək və böyük həvəslə həmin cəzaları şəxsən icra etməsi olub.

Rozaliya Zemlyaçka 1876-cı ildə zəngin tacir ailəsində anadan olub. İlk təhsilini Kiyevdə gimnaziyada aldıqdan sonra Lion universitetində tibb fakültəsini bitirib. Çox gənc yaşlarından inqilabi hərəkata qoşulan Rozaliya qəddarllığı ilə fərqlənib. Heç bir mərhəmət hissi olmayan gənc qız artıq 20 yaşında olarkən Valdimir İliç Leninin nəzərində "vacib” kadr sayılıb.

Qeyri-rəsmi və gizli olaraq bolşevik təşkilatlarında fəaliyyət göstərən Rozaliya 1909-cu ildə Bakı partiya təşkilatının katibi vəzifəsini icra edib. Lenin onu ən "qaynar” nöqtələrə cəlb edib, o da öz növbəsində "qaynar” nöqtələri qanla suvararaq öhdəsinə düşən vəzifəni lazımınca yerinə yetirib.

Rozaliya Zemlyaçkanın amansızlığı hətta partiya fəallarını, öz silahdaşlarını belə heyrətləndirib. Bununla bağlı onlar dəfələrlə yazılı şəkildə Leninə də müraciət ediblər. Lenin isə bu etirazlara bir cümlə ilə cavab verib: "Partiyaya möhkəm adamlar lazımdır...”

Elə bu "möhkəm”liyə görə Rozaliya Zemlyaçka "Qırmızı bayraq” ordeni ilə təltif edilən ilk qadın olub.



"Yoldaş İblis” adı ilə məşhurlaşan Rozaliya Zemlyaçka tarixdə daha çox Krımdakı "Qırmızı terror”un əsas fiquru kimi yadda qalıb.

1920-ci ildə Krımda qayda-qanun yaratmaq üçün Zemlyaçka Krım vilayət partiya komitəsinin katibi təyin olunub. Bu təyinat şəxsən Vladimir İliç Leninin təşəbbüsü ilə baş tutub.

O, bu vəzifədə işləyərkən ən yaxın adamları belə ondan qorxmağa başlayıb. "İblis”in cəza tədbirləri o qədər amansız olub ki, bolşeviklərin əks-inqlabçılara rəhmi gəlib.

Rozaliya Zemlyaçka Krımda yeni cəza növü tətbiq edərək bəyan edib: "Güllə onlar üçün heyfdir. Əks-inqlabçıların ayaqlarına ağır daşlar bağlayıb dənizə atmaq lazımdır...”

Beləliklə, insanlar kütləvi şəkildə dənizdə batırılıblar. Və bütün bunlar onların ailə üzvlərinin, doğmalarının gözləri qarşısında baş verib. Rozaliya isə əynində dəri gödəkcə, əlində tapança bu qanlı mənzərələri zövqlə seyr edib. Adi bir etiraz səsi onun tapançasının atəş səsi ilə əvəzlənib.



Statistikaya görə, elə gün olub ki, bir gecədə Simferopolda 1800, Feodosiyada 420, Kerçdə 1300 adam güllələnib. 
Xidmətləri "yüksək” qiymətləndirən Rozaliya Zemlyaçka 1939-cu ilə qədər ayrı-ayrı bölgələrdə partiya orqanlarında yüksək vəzifələrdə çalışıb və qansızlığı ilə ad çıxarıb.

1939-cu ildə isə "Yoldaş İblis” SSRİ Nazirlər Komissarlığının müavini (baş nazirin müavini) vəzifəsinə irəli çəkilib. Elə bu vəzifədə olarkən də ona "təmizlik” işləri həvalə edilib.

1943-cü ildən sonra Rozaliya Zemlyaçka Mərkəzi Komitə yanında partiya nəzarəti komitəsinin müavini vəzifəsində işləyib.
Kreml Rozaliya Zemlyaçka üçün heç nəyi əsirgəməyib. O, Moskvanın ən elit binalarının birində mənzillə təmin edilib. Qapı qonşusu isə 201 saylı mənzilin sahibi Nikita Xruşov olub.



Təqaüdə çıxdıqdan sonra avtomobil, bağ evi, Kreml yeməkxanasından pulsuz istifadə, dövlət hesabına istirahət, fərdi təqaüd və digər imtiyazlar Rozaliya Zemlyaçka üçün tam şəkildə saxlanılıb.

İki dəfə rəsmi nikahda olan Rozaliyanın şəxsi həyatı uğursuz olub. Heç bir nikahdan övladı olmayan "İblis” ömrünün son illərində həyatını tənhalıqda keçirib. Müasirlərinin söylədiklərinə görə, Rozaliya ömrünün son illərində öz kaprizləri ilə qonşularına narahatlıq gətirib, psixoloji durumunda problem olan adamlar kimi qeyri-etik hərəkətləri, yersiz səs-küyləri ilə ətrafdakılarına dinclik verməyib.



"Qırmızı terror”un əsas fiqurlarından biri sayılan, on minlərlə insanın həyatına son qoyan, ziyalıları, müəllimləri, həkimləri şəxsən güllələyən Rozaliya Zemlyaçkanın adının əbədiləşdirilməsi də unudulmayıb, adı küşələrə, qəsəbələrə, məktəblərə verilib. Böyük bolşevik kimi təqdim olunan "Yoldaş İblis” illər böyu ən vicdanlı sovet qurucularından biri kimi tanıdılıb.
Sovet hökuməti Rozaliya Zemlyaçkaya son borcunu da "ləyaqətlə” ödəyib. Onun bütün dəfn xərcləri dövlət tərəfindən ödənilib.

Rozaliya Zemlyaçka 21 yanvar 1947-ci ildə vəfat edib.

Kremlin fəxri məmuru statusunda olan "Yoldaş İblis”in yandırılan nəşinin külü Kreml divarlarında yerləşdirilərək üzərinə mərmər lövhə vurulub.

 Musavat.com

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM