Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri

14:57 | 14.11.2018
Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri

Rektor, deputat, səfir, alim, mühacir... - Elçibəy hökumətinin nazirləri

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən bir il sonra Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətə gəldi. Yaxın tariximizə ekskurs edən əksər tədqiqatçıların qənaətinə görə, AXC iqtidarının uzun müddət hakimiyyətdə duruç gətirə bilməməsinin əsas səbəblərdən biri kadr islahatları ilə bağlı yürütdüyü yarıtmaz siyasət olub.

Azxeber.com AXC iqtidarı dövründə müxtəlif sahələrə rəhbərlik etmiş nazirlərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı sabiq nazirlərin hazırda nə işlə məşğul olmasına da aydınlıq gətirilib.

Baş nazir Pənah Hüseyn 1993-cü ilin aprel ayının 28-dən iyun ayının 30-na qədər bu vəzifədə çalışıb. Bundan öncə isə Azərbaycanın Dövlət katibi (Prezident Adminstrasiyasının rəhbəri) işləyib. O zaman isə Baş nazir iqtisadçı alim Rəhim Hüseynov idi. Sonradan Milli Məclisin deputatı, Azərbaycan Xalq Partiyasının sədri olub.

Daxili İşlər naziri Abdulla Allahverdiyev 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək nazir olub. General-mayor A.Allahverdiyevdən öncə isə bu vəzifəni hazırda Azərbaycan Milli Demokrat Partiyasına rəhbərlik edən İsgəndər Həmidov daşıyıb. Nazirə məxsus olmayan qəribə davranışları ilə cəmiyyətin gülüş hədəfinə çevrilən İsgəndər Həmidov müxalifətə keçddikdən sonra da bu "fəaliyyətini” davam etdirib.

Müdafiə naziri Dadaş Rzayev 1993-cü ilin fevral ayının 23-dən iyun ayının 17-nə qədər nazir olub. General-mayor D.Rzayev hazırda Azərbaycan Veteranlar Şurasının sədridir. Prezidentin 2015-ci il tarixli sərəncamı ilə Şöhrət ordeni ilə təltif edilib.

Təhlükəsizlik naziri Fəxrəddin Təhməzov cəmi bir ay bu vəzifədə çalışıb və AXC iqtidarının son Təhlükəsizlik naziri olub. General-mayor F.Təhməzov 1993-cü ilin iyununda "Gəncə qiyamı”nda iştirakına görə, qısa müddət həbsdə də yatıb. Hazırda onun nə işlə məşğul olduğu bəlli deyil.

Ədliyyə naziri İlyas İsmayılov 1992-1995-ci illərdə nazir olub. Bundan öncə Azərbaycanın Baş Prokuroru işləyən İ.İsmayılov hazırda Ədalət Partiyasının sədridir. III çağırış Milli Məclisin deputatı olub. Hüquq elmləri doktoru, professordur.

Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 1991-1995-ci illərdə nazir olub. Xalq şairi S.Rüstəmxanlı hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. 1990-2015-ci illərdə Milli Məclisin deputatı olub. Eyni zamanda Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir.

Xarici İşlər naziri Tofiq Qasımov bir il bu vəzifədə çalışıb. Uzun müddət aktiv şəkildə müxalifətçilik edən T.Qasımov hazırda İsveçrənin Lütsern şəhərində yaşayır. Orada elmi fəaliyyətlə məşğuldur və fizika üzrə fəlsəfə doktorudur.

İqtisadiyyat naziri Əli Məsimli eyni zamanda AXC iqtidarı dönəmində Baş nazirin müavini, qısa müddət Baş nazir əvəzi işləyib. Uzun müddət AXCP sədrinin müavini olan Ə.Məsimli hazırda Milli Məclisin deputatı, iqtisadçı ekspertdir.

Maliyyə naziri Saleh Məmmədov AXC iqtidarının əvvəlindən sonuna qədər bu vəzifəni daşıyıb. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğul olan S.Məmmədov müxtəlif ali məktəblərdə iqtisadiyyat fənnini tədris edir, professordur. 

Kənd Təsərrüfatı naziri Tofiq Hüseynov 1993-cü ilin mart-iyun aylarında nazir olub. Bundan öncə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan T.Hüseynov sonradan müxalifətə keçib və Müsavat başqanı İsa Qəmbərə müşavirlik edib.

Xarici İqtisadi Əlaqələr naziri Rauf Qarayev bir il bu vəzifədə çalışıb. İlk öncə o zamankı prezident Əbülfəz Elçibəy ona Dövlət Gömrük Komitəsinin rəhbəri olmağı təklif etsə də, o nazir olmağı üstün tutub. Hazırda xaricdədir.

Təhsil naziri Firudin Cəlilov eyni zamanda Baş nazirin müavini olub. Tanınmış türkoloq alim hazırda təqaüddədir. Vaxtaşırı olaraq ictimai tədbirlərə qatılan professor müalicə məqsədilə tez-tez Türkiyədə olur. Türkçülüklə bağlı çoxsaylı məqalələrin müəllifidir.

Səhiyyə naziri Rahim Hüseynov 1986-1992-ci illərdə Səhiyyə nazirinin müavini, 1992-1993-cü illərdə isə Səhiyyə naziri vəzifəsində çalışıb. Hazırda "Təfəkkür” Universitetinin rektoru vəzifəsində çalışan professor R.Hüseynov paralel olaraq universitetin kafedra müdiridir.

Rabitə naziri Sirus Abbasbəyli hazırda ictimai fəaliyyətlə məşğuldur. 1990-cı ilə qədər Mərkəzi Komitədə çalışan S.Abbasbəyli sosial şəbəkələrdə fəallığı ilə seçilir. Müxtəlif elmi kitablara müəlliflik edən S.Abbasbəylinin əsas tədqiqat sahələrindən biri Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

Mədəniyyət naziri Polad Bülbüloğlu 1989-2006-cı illərdə bu vəzifəni tutub. Hazırda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri işləyən P.Bülbüloğlu həm də musiqiçidir. Azərbaycanın, Türkmənistanın xalq, Dağıstanın isə əməkdar artistidir.

Xatırladaq ki, AXC iqtidarı dönəmində nazir olmasa da, hazırda ictimai-siyasi həyatda məşhurluğu ilə seçilən məmurlar da az olmayıb. Bu sırada yer alanlardan Sahib Məmmədov Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əliməmməd Nuriyev Analitik təhlil və strateji planlama şöbəsinin müdiri, Fazil Mustafa Prezident Aparatında Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri işləyib. Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev Milli Məclisn sədrinin I müavini, eks-spiker Rəsul Quliyev Baş nazirin müavini, millət vəkili Fəzail Ağamalı nazir müavini olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM