Rəşada Gəncə torpağında yer varmı?

Siyasət 14-07-2018 13:13
Rəşada Gəncə torpağında yer varmı?
Terrorçunu el məzarlığında, şəhər və yva kənd qəbristanlığında basdırmaq olarmı? Həyatını bada verəni torpağa vermək gərəkdir, amma o torpaq harada olmalıdır?

Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov iyulun 10-da, Gəncənin mərkəzində qətlə yetiriliblər. Onları şəhər icra hakimiyyətinin binasının qarşısında vurublar.

Polislərə əl qaldıranlar, terror aktını gerçəkləşdirənlər Rəşad Böyükkişiyev və Fərrux Xəqani oğlu Qasımov idilər.

Fərrux Xəqani oğlu Qasımov hələlik axtarışdadır.

Rəşad Böyükkişiyev isə iyulun 13-də Şəmkir rayonunun Morul kəndində keçirilən əməliyyat zamanı polisə silahlı müqavimət göstərdiyi üçün yerindəcə məhv edilib.


Bu terrorçuların ikisi də Gəncədə, meydanda "Ya Hüseyn!", "Allahu Əkbər!" qışqırıblar, sonra da terror aktını gerçəkləşdiriblər.

Terrorçu Rəşad Böyükkişiyevi adət-ənənələrimizə, dini qaydalara uyğun olaraq Gəncədəki qəbristanlıqlardan birində dəfn etmək olarmı?!

Suala cavab vermədən dünya təcrübəsinə müraciət edək.

Hindistan. 2008-ci ilin noyabrın 26-da Mumbay şəhərində "Oberoy" və "Tac Mahal" otellərini, habelə "Nariman Haus"dakı Yəhudi Mərkəzini ələ keçirən terrorçuların gülləbaran və partlayışlar törətmələri nəticəsində 174 nəfər həlak olmuşdu.

Məhv edilmiş 9 terrorçunun dəfn məsələsi gündəmə gələndə Mumbaydakı müsəlman qəbristanlığına sahib olan "Muslim Jama Masjid" Fondu bu şəxslərin məzarlıqda torpağa verilməsinə rədd cavabı verdi.

"Belə qanlı və məşum terror aktlarını törədən insanları müsəlman adlandırmaq olmaz. Bu səbəbdən də onlar qəbiristanlıqda dəfn olunmuş müsəlmanların yanında torpağa verilə bilməzlər", - fondun rəhbərliyinin yaydığı bəyanatda deyilirdi.



Daha sonra Mumbaydakı digər 6 müsəlman qəbristanlığında da terrorçuların dəfninə icazə verilmədi.

İsrail. İsrailin İordaniya ilə sərhədinin yaxınlığında, Amiad hərbi bazasının yaxınlığında "Düşmən məzarlığı" adlanan yer var. Ölkə ərazisində terror aktları törətmiş şəxslər burada dəfn olunurlar. Məzarların heç birinin sinədaşı və ya məzardaşı yoxdur. İsraildə terrorçular müsəlman qəbiristanlıqlarında dəfn olunmurlar.

İraq. İraqda terrorçuların "adi" qəbiristanlıqlarda, dini ayinlərlə, adət-ənənəyə uyğun dəfn olunması yasaqdır.

Türkiyə. Terrorçular ümumi qəbiristanlıqlarda dəfn olunmurlar.

ABŞ. Bu ölkədə məhv edilən və ya həlak olan terrorçunun nəşi ailəsinə verilmir, ümumi qəbiristanlıqda dəfn olunmur. Xatırladaq ki, "Əl Qaida" lideri, 2011-ci ilin mayında Pakistanda məhv edilmiş Usamə bin Ladinin nəşi yandırılmış, külü Ərəb dənizinə səpələnmişdi.

Hollandiya. Məhv edilmiş terrorçuların cəsədi ailəsinə verilmir, ümumi qəbiristanlıqda dəfn olunmur.

Almaniya. Terrorçunun nəşi ailəsinə verilmir, basdırıldığı yer yalnız iki il sonra ailə üzvlərinə bildirilir.

İspaniya. Terrorçular ümumi qəbiristanlıqdarda dəfn olunmurlar.

Pakistan. Terrorçular dini qaydalara uyğun olaraq torpağa verilmir, ümumi qəbiristanlıqdarda dəfn olunmurlar.

... Terrorçu Rəşad Böyükkişiyevin də Gəncə qəbiristanlıqlarından birində dəfn olunması şəhərin ruhuna, terakta məruz qalmış zabitlərin ailələrinə ağır yük olardı. R.Böyüukişiyev dini ayinlərə uyğun olaraq dəfn edilməməlidir, çünki sülh dini olan İslamın bütün şərtlərini pozub, ayaqlar altına atıb.

Fəqət, istənilən halda, belə proseslər qanunvericilikdə tənzimlənmədiyindən, son sözü Gəncə camaatı verməlidir.

Gəncəlilər isə çətin ki, yanlış qərar verələr...
www.anews.az