"Şahdəniz-2" üçün I platformanın üst tikililəri quraşdırılıb

16:20 | 04.07.2017

"Şahdəniz-2" üçün I platformanın üst tikililəri quraşdırılıb

STB-1 barjı üzərində dənizə yola salınmasından sonra, bu qurğu öz daimi yerinə çatıb.

"Şahdəniz-2” layihəsi üçün inşa olunmuş yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst tikililərinin "STB-1" barjı üzərində dənizə yola salınmasından sonra, iyulun 2-si saat 18:00-da bu qurğu öz daimi yerinə çatıb.

"Report”a layihənin operatoru "BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, iyulun 3-də səhər isə onun artıq həmin yerdə quraşdırılaraq üzt tikililərini gözləyən dayaq blokunun üzərinə quraşdırılması işlərinə hazırlıq başlanıb. 

"STB-1" barjı yavaş-yavaş dayaq blokunun dayaqları arasına hərəkət edib, saat 15:00-da üst tikililər çox dəqiqliklə və uğurla barjdan dayaq blokunun üzərinə oturdulub. Yükü boşalmış barj dayaq blokunun o biri tərəfindən çıxaraq geriyə istiqamət götürüb. Dünən axşam isə platformanın ilk sakinləri – menecer və sazlama-montaj üçün işçi heyəti, gəmidən platformaya köçürülüb və sazlama-montaj işlərinə hazırlıq başlanıb”, - deyə məlumatda qeyd olunub.

BP-nin layihələr üzrə vitse-prezidenti Yuan Drammond bildirib ki, "Shahdəniz-2”-nin ilk platforması artıq yerindədir, üst tikililər uğurla dayaq blokunun üzərinə oturdulub: "Hər şey tam təhlükəsiz başa çatdırılıb. Bu nəhəng əməliyyatın uğurlu olmasında, həmçinin layihənin bütün mərhələlərinin uğurla həyata keçirilməsində əməyi olanların hər birini təbrik edir, onlara təşəkkürümü bildirirəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM