Səlim Müslümov BƏT-in baş direktoru ilə görüşüb

13:17 | 22.03.2018
Səlim Müslümov BƏT-in baş direktoru ilə görüşüb

Səlim Müslümov BƏT-in baş direktoru ilə görüşüb

Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in baş direktoru Qay Rayderlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, S.Müslümov BƏT-in baş direktorunun iclasda təqdim etdiyi məruzəsində əksini tapan tezislərin ölkələrin əmək bazarlarında inkişaf meyllərinin təmin olunması baxımından aktual olduğunu, iclasın layiqli əmək konsepsiyasının reallaşdırılması sahəsində qarşıda duran məsələlərin həlli ilə əlaqədar geniş müzakirələrin aparılması imkanı yaratdığını qeyd edib. Bu konsepsiyanın qlobal iqtisadi böhrandan sonrakı dövrdə xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran S.Müslümov əhalinin məşğulluq imkanlarının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş səylərin koordinasiyasının hazırda antiböhran siyasətində başlıca istiqamət kimi qəbul olunduğunu bildirib.

Nazir vurğulayıb ki, bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəsi sırasında olan, son 15 ildə 3 dəfədən çox iqtisadi artıma nail olan Azərbaycanda cari ilin iki ayında da ümumi daxili məhsulda 1,3%, qeyri-neft sektorunda 2,3% artım qeydə alınıb.

Azərbaycanda aktiv məşğulluq tədbirlərinin miqyasının getdikcə genişləndirildiyini bildirən S.Müslümov aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə əmək potensiallarının reallaşdırılması yönündə aparılan işləri diqqətə çatdırıb, bu proqramın icrasında BƏT-in dəstəyini yüksək dəyərləndirib. O, təşkilatın prinsip və təşəbbüslərinin ölkəmizdə həyata keçirilən əmək və məşğulluq siyasətində diqqətdə saxlandığını qeyd edib. S.Müslümov layiqli əməyin təminatı konsepsiyasının icrası, əmək bazarı ilə kadr hazırlığı sistemi arasında uyğunluğun təmin edilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması, işsizlikdən sığorta sığorta sisteminin fəaliyyəti, əmək bazarı ilə bağlı təkmil monitorinq və proqnozlaşdırma sisteminin qurulması, sosial dialoqun gücləndirilməsi və digər sahələrdə aparılan işlər barədə məlumat verib.

Q.Rayder BƏT-lə fəal əməkdaşlıq şəraitində təşkilatın konvensiyalarının, əmək və məşğulluq sahəsində mütərəqqi prinsiplərin icrası sahəsində Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirib. O, ölkəmizdə əmək bazarının inkişafı yönündə aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və s. sahələrdə görülən işlərin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə Azərbaycanda əmək bazarının tənzimlənməsi və əmək resurslarının məşğulluğunun təminatı, layiqli əmək konsepsiyasının icrası istiqamətində görülən işlərə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, BƏT-lə Azərbaycan arasında əməkdaşlığın gələcək istiqamətlərinə, habelə Q.Rayderin cari ilin may ayında ölkəmizə planlaşdırılan səfəri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

İclas çərçivəsində BƏT-in Baş direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Kollerlə də görüş olub. Görüş zamanı BƏT-lə birgə icra olunan layihələrin, habelə "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası sahəsində aparılan işlər müzakirə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM