Türk həkimdən əsgərimizə: "Dövlətinizin sizə etmədiyini mən edərəm"

22:18 | 02.12.2017
Türk həkimdən əsgərimizə:

Türk həkimdən əsgərimizə: "Dövlətinizin sizə etmədiyini mən edərəm"

Gördüyünüz bu gənc 1-ci dərəcəli Qarabağ əlili Talıbov İlkin İlham oğludur. 1993-cü ildə Füzulidə baş verən müharibə onlardan da yan keçmir. İlkin ailəsiylə öz doğma rayonundan didərgin düşür. 9 yaşında atasını itirən İlkin anası və bacısı ilə çətin günlər yaşayır. 2008-2010-cu illərdə N saylı hərbi hissənin əsgəri kimi Murovda hərbi xidmət keçən bu gənc 2014-cü ildə sənədlərini yenidən  Milli Orduya verir və snayperçi kimi postlarda Müddətdən Artıq  xidmətə başlayır.
 
Və burda da tale onun üzünə gülmür. Xidmətinin 6-cı ayında İlkinin dünyası birdəfəlik qaranlığa qərq olur. Həmin ilin dekabrında düşmənlə üz-üzə hərbi xidmət keçərkən başından aldığı qəlpə yarasından sonra hər iki gözünü itirərək dünya işığından məhrum olur.
 
Dekabrdakı o məşum gecədən sonra İlkin zülmət qaranlıq içindədir. Komada olduğundan əməliyyatlarının sayını da itirən əsgər 5 ay ərzində Papani qostipalında müalicə alıb. Qəlpə sol gicgahdan optik nişangaha dəyərək sol gözünün yuvasını, sol qulağının pərdəsini dağıtdığından görmə qabiliyyətini tamamilə, eşitmə qabiliyyətin isə qismən itirib. İlkinin növbəti əməliyyatı kəllə sümüyündən üzünə sümük köçürülmə olmalıydı. Bu aparat da Azərbaycanda olmadığından Türkiyənin Gülhanə hərbi hospitalına getmək lazım gəlir. Getmək üçün sənədlərinin hazırlanmasında İlkin çox çətinlik çəkib.
 
Sənədləri hazır olan İlkini əmisi Türkiyəyə aparır. Dövlət ancaq onun gediş-gəliş xərclərini ödədiyindən əmisinin xərclərini hərbçi dostları ödəyib. Bakıda onları aeroportda səfirliyin əməkdaşları qarşılayacaqlarını desələr də , Gülhanədən göndərilmiş iki nəfərdən başqa kimsə maraqlanmayıb. Onların işi də Gülhane xəstəxanasının qapılarında bitib. Uzun əziyyətlərdən sonra səfirliklə əlaqə yaradan İlkin onlardan heç olmasa vətənə qayıdanda aeroportda problem çıxmaması üçün Türkiyədə müvəqqəti qeydiyyata götürmələrini xahiş edib. 1 həftə sonra xəstəxanaya gələn səfirlik əməkdaşları onlara növbəti travmanı yaşadıb .
 
lkinin sol gözü tamamilə itirsə də, sağ gözünün yerinə protez qoymaq mümkün idi . Bunu səfriliyə bildirəndə aldığı cavab digərlərindən fərqli olmayıb: "Get , bunun üçün yenidən gələrsən nə vaxtsa” . Hər yerdən əli üzülən İlkinin son çarəsi dar gün üçün saxladığı 200 dolları olub. Ancaq əməliyyat 1600 dollar olduğundan öz hesabına əməliyyat edilməsi də mümkün olmayıb. Son anda İlkinin imdadına Türk həkimi çatıb, dövlətinizin sizə etmədiyini mən sizin üçün edəcəyəm deyərək təmənnasız ona protez göz qoyur.
 
Gülhane hospitalında əmisinin çox əziyyət çəkdiyini bildirən İlkin keçirdiyi günləri xatırladıqca əlləri əsir, hirsini cilovlamağa çalışırdı.
 
Səfirlikdə qeydiyyata alınmadığından onlar geridönüşdə 180 dollar cərimə ödəyib. Azərbaycana qayıdan İlkin yenidən  3 dəfə əməliyyat olunur. İlkin "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən də "Vətən naminə” medalları ilə təltif olunur.
 
İlkin qaçqın olduğundan evi olmayıb. Hazırda Bakıda bibisinin evində qalır, Sənədləşmə işlərində Füzuliyə gedib-gəlmək həm maddi, həm də fiziki cəhətdən ona çətin olduğundan Xaçmazda – əmisinin evində müvəqqəti yaşayır.
 
Özüçün olmasa da anası və bacısının kirəyələrdə keçən əziyyətli günlərinə son vermək üçün İlkin artıq öz evinin olmasını, dövlətin ona verdiyi imtiyazlardan istifadə etmək istəyir. Haqqı olanı almaq üçün dəfələrlə aidiyyatı quruma müraciət etsə də, Şikayətnamədə deyildiyi kim " Salam verdim, rüşvət deyildir deyə almadılar” münasibətini görüb.  Bibisinin ona qapı açdığını , yaxşı baxdığını desə də, ona da artıq yük olmaq istəmədiyini, ailəni bu vəziyyətdən qurtarmaq istədiyini bildirdi.
 
Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin müəllimin qəbuluna düşmək istə də, onlar da get-gələ salıblar. Gözləri görməyən əsgərimizi sözün həqiqi mənasında görməyiblər.  Bir dəfə yolda kanalizasiya quyusuna düşməyini də acı xatırə kimi dilə gətirən İlkin  özünü axırıncı insan kimi hiss etdiyini deyir.
 
Bu qədər get-gəllərdən , çətinlikdən sonra ümidini itirən İlkin artıq çarəsizliyinə sarılıb. Həyata nikbin ruhla yanaşsa da, təmkinli danışığında bir inciklik, şikayət sezilir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən əsgərimiz üçün dünya malından keçə bilməməkləri qürurunu incidir. Danışdıqlarının ağır gəldiyini dönə-dönə təkrarlayaraq düşdüyü vəziyyətdən utanır. Utanmalı olan vətən uğruna I qrup gözdən əlil olan İlkindirmi , ya onun bu vəziyyətini görməzdən gələnlərmi??
 
Jurnalist: Brilyant Rəsulova
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM