Özbəkistanlı biznesmen, kriminal aləmdə "Qara Qafur" ləqəbi ilə tanınan Qafur Rəhimov Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti seçilib. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Son on ay ərzində Rəhimov Beynəlxalq Həvəskar Boks Federasiyasının rəhbərinin vəzifələrini icra edirdi. 2006-cı ildən etibarən isə AİBA vitse-prezidenti postunu tuturdu.
AIBA-nın yeni prezidenti noyabrın 3-də Moskvada keçirilən konqres zamanı seçilib. 137 nümayəndədən 86-sı Rəhimovun namizədliyini dəstəkləyib. Assosiasiyanın prezidenti postuna həmçinin Qazaxstandan olan sahibkar, Olimpiya oyunlarının mükafatçısı, Asiya boks konfederasiyasının başçısı Serik Konakbaev də iddialı olub.
Lakin Rəhimov sanksiyalarla bağlı məsələləri özü həll etmək niyyətində olduğunu "Sport-Ekspress” nəşrinə açıqlamasında deyib. Bildirib ki, Beynəlxaq Olimpiya Komitəsi nümayəndələriylə əlaqə saxlayıb "boksa heç bir zərər verməmək” şərtilə onlarla ümumi razılıq əldə olunmasına çalışacaq. Hətta buna görə tutduğu vəzifədən imtina etməyə belə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, ABŞ Xəzinədarlıq Departamentinin məlumatına əsasən, "Qara Qafur” 2012-ci ildən keçmiş sovet məkanınddan olan cinayətkar qrupun üzvlərinə aid edilib. Həmin sanksiya siyahısına "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov, Vasili Xristoforov, Kaxaber Şuşanaşvili kimi məşhur "qanuni oğru”lar da daxil edilib. "Qara Qafur”un "Ded Xasan” ləqəbli (hazırda sağ deyil) Aslan Usoyan klanı ilə sıx münasibətlərinin olduğu məlumdur. Məlumata görə, Rəhimov "qanuni oğru”lara hüquq-mühafizə orqanlarıyla "məsələləri həll etməyə" köməklik göstərib, görüşlər təşkil edib. Lakin Q.Rəhimov özü bildirib ki, onun kampaniyasının diskreditasiyasını Özbəkistanın keçmiş prezidentinin qızı Gülnarə Kərimova maliyyələşdirib.
Çirkli pulların yuyulmasında, hədə-qorxu ilə pul tələb etmədə, saxta sənədlərdən istifadə etməkdə və s. bu kimi cinayətlərdə ittiham olunan "Qara Qafur” barəsində 2013-cü ildə Özbəkistanda axtarış elan edilib. Lakin 5 ildən sonra Baş prokurorluğun qərarıyla axtarış dayandırılıb və o, uzun illər mühacirətən sonra ölkəyə qayıdıb.
Rusiya mətbuatının yazdığına görə, Özbəkistadan olan kriminal avtoritet və biznesmen Qafur Rəhimov həyatda çox şeyə nail olub. Bəzilərinin fikrincə isə cinayətlə məşğul olmasaydı, bu gün belə yüksək zirvələrə qalxa bilməzdi.
80-ci illərin ortalarından başlayaraq Q.Rəhimov ətrafında idmançılardan ibarət cinayətkar qruplaşma yaradıb. Silahlı qruplaşmanın üzvləri ilkin vaxtlarda silahlı hücumlar həyata keçirsələr də, sonradan reketçiliklə, hədə-qorxu ilə pul tələb etməklə məşğul olublar. Məhz elə həmin dövrlərdə Rəhimovun kriminal aləmin liderləri ilə tanışlıqları başlayıb. Çox keçməyib ki, Rəhimov yeni ləqəblə - "Qara Qafur” ləqəbi ilə məşhurlaşıb.
Getdikcə Q.Rəhimov Özbəkistanın ən nüfuzlu kriminal avtoritetlərindən birinə çevrilib. O, ərazdəki cinayətkar qruplaşmalarla mübahisələri həll edib. Bu cür xəbərlərin bir qismi kifayət qədər yaxşı gizlədilib. Q.Rəhimov Özbəkistan üzrə "qanuni oğrular” a nəzarət edib. Başqa məlumatlara görə isə "Qara Qafur” özü ölkənin kriminal dünyasının kölgə lideri olub.
Kifayət qədər xüsusi çəkiyə malik olan Rəhimov 90-cı illərin ortalarında etibarən əlaqələrindən istifadə edərək cinayət yolu ilə qazandığı sərvətləri qanuniləşdirməyə başlayır. Rəhimovun qrupunun əsas biznesi avtomobil sənayesi və yüngül sənayedən ibarət olub. Bu qrupun milli təhlükəsizlik xidmətinin rəhbərliyi ilə sıx əlaqələrə malik olması da istisna edilmir.
Biznes sahəsində uğurlar qazanan kriminal avtoritet sonradan ictimai xadimə çevrilib. O, Özbəkistandakı uşaq evlərinə maddi yardım göstərib, dərmanla, geyimlə, məktəb ləvazimatları ilə təchiz edib.
Nəhayət, 1999-cu ildə Q. Rəhimov Asiya Olimpiya Şurasının vitse-prezidenti seçilib. Bundan başqa o, "Mexrijon” (Mərhəmət) xeyriyyə şurasının yaradılmasının təşəbbüskarı və sədri olub.
2012-ci ilin yaz aylarında isə qalmaqallar vüsət alıb. Buna səbəb Rəhimovun idman federasiyaları vasitəsilə qeyri-leqal yolla pulların yuyulması və rəqiblərdən birinin sifarişli qətliylə bağlı məlumatların dolaşması olub. Baş verəcək nəticələrdən çəkinən Rəhimov Rusiya vətəndaşlı əldə edib. 18 may 2012-ci ildə Özbəkistanın Milli Federasiyasının İclası keçirilib və Rəhimov üzvlükdən xaric edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !