Yaşamaq uğrunda mübarizə: əsirlikdə və azadlıqda

22:30 | 15.05.2018
 Yaşamaq uğrunda mübarizə: əsirlikdə və azadlıqda

Yaşamaq uğrunda mübarizə: əsirlikdə və azadlıqda

                 
 
Seymur Kazımov
 
 "İstəmirdim ki, məni eybəcər hala salıb gözümü çıxarsınlar, burnumu, qulağımı kəsib sonra öldürsünlər. Tək istəyim işgəncəsiz öldürülməyim idi. Meyit salamat gedəndə daha gözəl olur,” keçmiş döyüşçü və hərbi əsir Aqil Əhmədov deyir.

Aqil Əhmədovun hazırda 42 yaşı var, birinci qrup Qarabağ əlildir, səhhəti ilə əlaqədar işləyə bilmir. 1997-ci ilin aprelində Füzuli-Horadiz istiqamətində 7 nəfər kəşfiyyatçı ilə döyüş tapşırığını yerinə yetirmək üçün Ermənistan Silahlı Birləşməsinin mövqelərinin arxasına keçirlər. Müəyyən tapşırıqları yerinə yetirib geriyə qaydanda erməni əsgərləri 8 kəşfiyyatçının olduğu qrupu aşkarlayır və tərəflər arasında açıq döyüş başlanır.

"Onlar bizdən çox idi, üstəlik texnikaları da vardı. Məqsədləri bizi diri tutmaq idi. Rusca ‘ratsiya’ ilə təslim olmağımızı deyirdilər, biz də "onlara ‘cəhənnəm olun’ qışqırırdıq. Bizi tam mühasirəyə aldılar. Aramızdakı məsafə çox yaxın idi. Bir dağılmış evin bir tərəfində biz idik, o biri tərəfində erməni əsgərləri. Əsgər yoldaşım yaralandı, sonra mən yaralandım. Mənim yaram ağır idi; güllə böyrümdən girdi, onurğamın seqmentlərini parçaladı, sümüyü zədələdi, gəlib ürəklə ciyərin yaxınlığında qaldı. O zaman ilk dəfə ölümə bu qədər yaxın olduğumu hiss elədim. 20 yaşım vardı,” xatırlayır Aqil.

Aqil deyir ki, həmin güllə indi də onun bədənindədir. Əsir düşənə qədər xilas olmağa çalışsa da,  taqəti çatmayıb.

"Sürünürdüm, amma bacarmırdım, çünki sinədən aşağı nahiyəmi hiss eləmirdim. Gözümü açırdım, öz-özünə yumulurdu, sonra nəfəs almağa çalışırdım, amma aldığım nəfəsi də buraxa bilmirdim. Özümdən asılı olmadan alt paltarlarımı çıxarmağa çalışırdım, elə bilirdim ki, onlar məni boğur. Huşumu itirdim. Ayılanda isə əsir düşdüyümü bildim. Necə olub əsir düşmüşəm, məni necə aparıblar... bugünədək xəbərim yoxdur.”

Əsirlikdə qara günlər

 "Başqa dildə danışırdılar, yer başqa, adamlar başqa. Üzümü qarayanız ağxalatlı bir nəfər sillələyirdi. Səsini eşidəndə bildim ki, ermənidir və məni əsir götürüblər. Mənim yadımda onlar qalmışdı ki, komandirim əli ilə yeri qazırdı ki, xəritələri gizlətsin, hətta bəzi məxfi sənədləri də atışma zamanı yemişdi. Bundan sonra heç nə yadımda deyil. Sanki kamera çəkirdi və çəkiliş burada dayanmışdı, Ayılanda o ‘filmin’ ardına baxmaq istəyirdim.”

O, yaralı əsir düşdüyündən əməliyyat olunmuşdu. Əlavə edir ki, yorğanı aşağı çəkəndə görür ki, bədəninin müxtəlif yerləri bintlə bağlanıb, 3-4 yerə də şlanq qoyublar.

"Onurğa sümüyüm ağrayırdı. Əlimi-ayağımı çarpayıya bağladılar. Bundan sonra 1 il 11 aylıq qara günlərim başlandı. 1998-ci ilin fevral ayında məhkəməm oldu və mənə ölüm cəzası verdilər. Məni vəkil və tərcüməçi ilə də təmin etmişdilər, hər ikisindən imtina elədim.”

Əsir kəşfiyyatçı 9-10 gün Cəbrayıl rayonunda saxlanılır, sonradan Qarabağda yerləşən xəstəxanaya aparıldığını bilib. Xəstəxanadan sonra izolyatora köçürülüb. Gözübağlı aparılsa da, iki məntəqə arasındakı məsafə çox yaxın olduğundan yerləri müəyyən edə bilib.

"Məni tam müalicə etmədilər. 10-15 gündən sonra kameraya saldılar. Azad olunduğum günədək gözləyirdim ki, bu dəqiqə qapı açılacaq və məni aparıb güllələyəcəklər, çünki barəmdə hökm vardı. Öldürsəydilər, bəlkə daha yaxşı olardı, çünki bir dəfə dadırsan o hissi. Təsəvvür edin, kəşfiyyatçı və əsir düşmüsən.”

Qarından axan sidik

 "Yeni əməliyyat eləmişdilər məni. Erməni zabitlərdən biri oturmuşdu qarnımın üstündə, 32 tikiş qoyulmuşdu, hamısı görünürdü, qələmlə həmin tikişləri dartırdı. Başımın altından yastığı çıxarıb qoydu üzümə, tapançanı da sıxdı onun üstündən, alnımda tapançanı hiss elədim, gözlərimi yumdum ki, vuracaq indi...”
 
O, əsirlikdə olarkən tez-tez 7 nəfər əsgər yoldaşını xatırlayır. Elə hesab edirdi ki, onu qoyub qaçıblar. Amma növbəti sorğu-sualların birində erməni zabiti ona həmin 7 nəfərin fotosunu göstərir və tanıyıb-tanımadığını soruşur. Həmin vaxt ona məlumat verilir ki, 7 nəfərin hamısı ölüb. Onlar özlərini partlatmışdılar. 

"Əsgər yoldaşlarımın bu hərəkətinə ermənilər də təəccüb edirdi. Hətta öz əsgərlərinə nümunə göstərirdilər ki, əsl vətənpərvər necə olmalıdır.”

Aqili ikinci dəfə sidik kisəsindən, özü də narkozsuz əməliyyat edirlər.

"Səkkiz tikiş qoyulmuşdu. Xəstəxanada olanda erməni əsgərlərdən birisi dabanı ilə sidik kisəmdən vurdu, üç tikiş söküldü, sidik qarnımdan axmağa başladı. Kimsəyə demədim. Onsuz da mənası yox idi. Qarnımda çox böyük dəlik açıldı. O yara uzun müddət sağalmadı. Ayağa qalxırdım, oradan sidik axırdı. Bintləri ayda 1 dəfə, bəzən də 2 aydan bir dəyişirdilər. Orada bir xidmətçi gördüm, rus idi. Əsgərlər palatadan çıxandan sonra o qadın mənə yaxınlaşdı, halımı soruşdu və dedi ki, sənə maz verəcəyəm onu gizlət, arada yarana sürt. İki dənə də alma qoydu tumboçkanın üstünə. O maz mənə az da olsa kömək oldu.”

Siqaret əvəzinə "opilka” və kibritsiz, yeməksiz aylar

"Qırmızı Xaçdan gələn olanda hər şey super idi. Geyindirirdilər, üzümüzü təraş edirdik. Adi halda isə üç aydan bir çimirdim. İki blok siqaret verirdilər, onu da ermənilər əlimizdən alırdı. ‘Opilka’ çəkirdim. Kitab gətirirdi bizə Qırmızı Xaç. Oxuduğum səhifələri bükürdüm, arasına taxta qırıntısı doldurub çəkirdim. Bəzən, aylarla kibritim olmurdu, siqaretsiz, daha dəqiq ‘opilkasız’ qalırdım.

Kələmi qaynadıb suyunu verirdilər, makaron supu verirdilər, içində makaron olmurdu. Çörək səhərlər olurdu ancaq, bəzən elə olurdu ki, günlərlə yaddan çıxırdın, yemək gətirmirdilər. Çəkim 49 kiloqrama düşmüşdü. Halbuki, 80 kilodan çox idim.”
 


Ailə

Ailədə üç qardaşdırlar. O, əsir düşəndə valideynləri elə bilib ki, Aqil həlak olub və 20 gün yas saxlayıblar. Sonra Beynəlxalq Qırmızı Xaç Komitəsindən onunla görüşə gəlmiş Ştefan Müller adlı şəxs evlərinə məktub yazmağı təklif edib. Aqil imtina edib. Ştefan onun əvəzinə məktubu yazıb və ailəsinə göndərib. Anası məktubu görəndən sonra orada yazılanlara inanmayıb, çünki oğlunun xətti olmadığını deyirdi. Müller ikinci dəfə də Aqilin adından məktub yazır. Bu dəfə ona ölüm hökmü çıxarmış məhkəmənin qərarından apelyasiya vermək üçün müraciət etməliydi. Aqil imtina edir, çünki güllələnəcəyi günü gözləyirdi. Onun yerinə yenə Ştefan yazır. Aqilin azad olunması üçün valideynləri hər yerə müraciət edir, amma o vaxtkı dövlət başçısı Heydər Əliyevə müraciətdən sonra, qısa zamanda azad olunur.
 

Azadlığın bir addımlığında

"Məni dəyişmək istəmirdilər. Buna qədər iki dəfə cəhd olunmuşdu, amma yerimə başqa əsirləri vermişdilər. Bu dəfə də ümidim yox idi. Məni dəyişmək üçün qabaqcadan müəyyən olunmuş əraziyə gətirdilər. Bir saat maşında gözübağlı oturdum. Son anda dəyişilmə baş tutdu, çünki sonadək məni vermək istəmirdilər. Məni 2 sağ və 1 ölü erməni ilə dəyişdilər. Dəyişilmə yerinə gəldik, gözlərimi açdılar. Yerdə tank minası var. İstəyirdim ki, onun üstün çıxım partlasın, hamı ölsün. Amma etmədim, fikirləşdim ki, bəlkə 100 metr o tərəfdə anam gözləyir. Neytral əraziyə çatdıq – dedilər keç. Bir dəfə güllələnmə verəndə bu hissi yaşamışdım, ikinci dəfə azad olunanda yaşadım bu hissi – möhkəm titrəyirdim. Elə bilirdim ki, arxadan məni güllələyəcəklər.

Vətəndə, 10 mart 1999-cu il

"UAZ-da uzanmışdım. Bərdənin içindən keçirdik, ətrafda insanlar, azərbaycanca afişalar, yazılar görürdüm. Maşını saxladıb düşdüm və nəfəs aldım dərindən. Məni aparan adamlardan soruşdum ki, mən yuxuda deyiləm ki, doğrudan azadlıqdayam? Bu insanlar məni döyüb, söyməyəcəklər ki?.... O qədər incidiblər məni əsirlikdə...

Mən 1 il 11 ay ərzində hansı ay, hansı gün olduğunu da bilmirdim. Yeni il, Novruz bayramı.... doğum günüm... heç nədən xəbərim yox idi. Yalnız xəstəxanaya gedəndə həyəti görürdüm. Gün işığından məhrum idim.

Mən qayıdandan sonra münasibət çox əla oldu. Hamı məni xoş qarşıladı. İlham Əliyev yaşadığım Zaqatala rayonuna gəlmişdi, Qarabağ əlillərinə mənzillər verirdi. Mənə də hər cür şəraiti olan ev verdi. Sonra avtomobil də verdilər.”

 "Səhhətimdə ciddi problemlər var.  Bugünədək ailə həyatı qurmamışam. Kaş, o vaxt mənə ev verəndə İlham Əliyevə deyərdim. Əminən ki, dərdimi desəydim çoxdan sağalmışdım.  Utandım deməyə. Doğrudur, deməzdim ki, peşimanam. Düşündüm ki, mənə mənzil verən ərəfədə başqa istəyimi dilə gətirsəm düzgün olmaz. Kaş ki deyərdim.”

Aqil Əhmədov 242 manat təqaüd alır.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb