Bu ilin ikinci yarısında Bakının Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonun hissə-hissə söküntüsünə başlanılacaq.
ANN.Az lent.az-a istinadən xəbər verir ki, "Xruşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.
Artıq ərazidə müəyyən işlərə başlanılıb. Həmçinin mikrorayon ərazisində yerləşən yeganə məktəb olan Saleh Poladi adına 159 № -li tam orta məktəbin taleyinə də aydınlıq gəlib. Məktəbin direktoru Vahid Xəlilov sözügedən sayta açıqlamasında bildirib ki, müvafiq qurumların nümayəndələri məktəb binasında araşdırmalar aparıb: "Onlar bildirdilər ki, məktəbin söküntüsünə ehtiyac yoxdur və təhsil müəssisəsi söküntü-tikinti dövründə fəaliyyətini davam etdirəcək. Həmçinin ibtidai sinifərin yerləşdiyi yeni korpusun əsaslı təmir ediləcəyini qeyd etdilər".
Məktəb direktoru əlavə edib ki, hazırda orada 1100 nəfərdən artıq şagird təhsil alır. Lakin mikrorayon yenidən tikiləndən sonra burada mənzillərin artması səbəbindən əhalinin artması nəticəsində yaranacaq ehtiyacı da qarşılaya biləcəklər: "Hazırda məktəb birnövbəli fəaliyyət göstərir. Həm də məktəb çox genişdir və burada 1700 şagirdin təhsil alması üçün normal şərait var".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, "Pilot layihə" kimi, 1-ci mikrorayonda qəzalı vəziyyətdə olan, "Xruşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi üçün plan hazırlasın. Həmçinin işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin".
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib ki, 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub. Evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq. Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək.
E. Əsədov qeyd edib ki, ilk növbədə 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: "Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq".
Burada ümumilikdə 34 bina söküləcək, 1729 ailə köçürüləcək.
İşlər 3 ilə yekunlaşdırılacaq.
Layihənin bəzi fotolarını təqdim edirik.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !