Dələduzluq edən qadın məhkəmə qarşısında

19:01 | 21.04.2017
Dələduzluq edən qadın məhkəmə qarşısında

Dələduzluq edən qadın məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının rəyi açıqlanıb.

Rəyə görə, H.Allahverdiyevanın psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Zərərçəkmişlər ekspert rəyinə etiraz ediblər və onlar təqsirləndirilən şəxs barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilməsini istəyiblər.

Prokuror bildirib ki, zərərçəkmişlərin nümayəndəsinin qaldırdığı vəsatətdə H.Allahverdiyevanın anlaqsız olması barədə qeyd olunanlar mülahizələrdən ibarətdir: "Vəsatət əsaslandırılmayıb. Buna görə də təmin edilməməsini xahiş edirik”.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov bildirib ki, bu iş kifayət qədər araşdırılıb. Onun bildirdiyinə görə, təkrar ekspertizanın təyin edilməsinə əsas yoxdur: "Bu işin uzadılmasına xidmət edir. Buna görə də zərərçəkmişlərin nümayəndəsinin vəsatətinin təmin edilməməsini xahiş edirəm”.

Müşavirə keçirən hakimlər zərərçəkmişlərin nümayəndəsinin vəsatətini təmin edib və H. Allahverdiyevanın barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının təyin edilməsi barədə qərar açıqlayıb.

Ekspertiza rəyinin cavabı alınanadək proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM