"Quantenna Communications" şirkəti məlumatların saniyədə 10 qiqabit sürətlə ötürülməsini təmin edəcək ilk "Wi-Fi" çipsetinin hazırlanması ilə məşğuldur. Belə yüksək buraxılış qabiliyyətinin səkkiz antena konfiqurasiyası (8х8 MIMO) sayəsində əldə olunması nəzərdə tutulur. Mikrosxemin tədarükünə 2015-ci ildə başlamaq planlaşdırılır.Yeni işləmədə "8х8 MU-MIMO" (multi-user Multiple Input Multiple Output) – məlumat axınının qəbulu və göndərilməsi üçün eyni anda 8-dək axın və antenanı nəzərdə tutan çoxlu giriş və çoxlu çıxış texnologiyasından istifadə olunur. "MU-MIMO"-nun fərqləndirici cəhəti onun informasiyanı eyni vaxtda bir neçə qurğuya göndərmək üçün antenaları çoxlu müstəqil çıxış nöqtələrinə cəlb etməsindədir. Müqayisə üçün qeyd edək ki, "ASUS" şirkətinin yanvarda "CES" sərgisində nümayiş etdirdiyi yeni "RT-AC87U" marşrutlayıcısında məkan axınının maksimal sayı 4, məlumat sürətinin ötürülməsini 1,7 Qbit/saniyə təşkil edir. "Linksys WRT-1900AC" kimi müasir marşrutlayıcıların əksəriyyəti isə daha aşağı sürətlə işləyir. Onların çipsetlərində adətən "3x3 MIMO" konfiqurasiyasından istifadə edilir ki, bunun da sayəsində buraxılış qabiliyyəti 1,3 Qbit/saniyəni ötmür. "Quantenna" nümayəndələri bildiriblər ki, onların yeni texnologiyası "Wi-Fi 802.11ac" və ondan əvvəlki "802.11/a/b/g" və "802.11/a/b/n" standartlarını dəstəkləyəcək. Lakin çipsetlərin gələcək smartfon, planşet və batareya ilə işləyən digər qurğularda quraşdırılacağını gözləməyə dəyməz. Şirkət nümayəndələrinin sözlərinə görə, texnologiyanın tətbiq olunacağı sahə internet provayderlərinin infrastrukturu, korporativ şəbəkə, noutbuk və fərdi kompüterlərin ana plataları, PCIe-kartlar, marşrutlayıcı və digər avadanlıqlarla məhdudlaşacaq.//İctnews.az
Bizi sosial şəbəkələrdə izləyin !