Ekspertlərə görə, keçid mərhələli və tədqiqatlara əsaslanmış olmalıdırÖlkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin qurulması istiqamətində 12 illik təhsilə keçid mühüm yer tutur. Belə ki, ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3–6 faiz artımına gətirib çıxarır.Təhsil naziri Mikayıl Cabbarov 12 illik təhsil sistemi haqqında mətbuata açıqlamasında da təhsil sistemindəki bu modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu bildirib. Belə ki, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. “Ümumiyyətlə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir”.12 illik təhsil modelinə keçidin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcəyini vurğulayan nazir yeni modelə mərhələli şəkildə keçməyi planlaşdırdıqlarını qeyd edib: “12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır".Dünya ölkələrində artıq uğurundan danışılan 12 illik təhsil modelinin Azərbaycanda hansı effektləri verəcəyini öyrənmək üçün söhbətləşdiyimiz ekspertlər də yeni modelə təhsildə irəliləyiş kimi yanaşdılar.Dünyaya inteqrasiya baxımındanAzərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bizə açıqlamasında dünya ölkələrində təhsilin 12 və ya 15 il olduğunu və təhsil proqramlarının da bu çərçivədə ödənildiyini bildirib: “Təhsil proqramları ödənilməyəndə dünya ölkələrində buna natamam təhsil kimi baxırlar. Ona görə də təhsil sisteminin proqramları uyğunlaşdırılmalıdır. Artıq təhsilin 12-ci ilində dərinləşdirilmiş fənnlər olacaq. Tutaq ki, təbiət və riyaziyyat üzrə gələcəkdə ali təhsil almaq istəyənlər dərinləşdirilmiş istiqamətdə 12-ci sinifdə oxuyacaqlar. Və yaxud humanitar sahədə oxumaq istəyənlər o sahə üzrə təhsil alacaqlar”. Ə.Ağayevin fikrincə, gələcək peşə qazanmanın ilk özülü 12-ci sinifdə qoyulacaq istiqamətlərin müəyyənləşdirilməsidir: “Bu gün ali məktəblərin birinci kursunda oxuyan tələbələrlə söhbət edəndə görürsən ki, yarısı “mən bura daxil olmaq istəmirdim. Mənim arzum başqa ixtisas üzrə təhsil almaq idi. Ancaq balım bura çatdı” deyir. Bax, bu cür məsələlər aradan qaldırılacaq. Bu bir il ərzində onlar düşünüb-daşınıb, hazırlaşıb dəqiq istiqamət müəyyənləşdirəcəklər». Ə.Ağayevin sözlərinə görə, artıq ölkədə təhsil islahatının yeni mərhələsi gedir. Belə ki, təhsil sistemi dünya təcrübəsi əsasında yeni modellər istiqamətində qurulmalıdır. “Bu yeniləşmənin özü də 12 illik təhsilə keçid tələb edir. Hazırkı təhsil sistemimizin 12 illik təhsil sisteminə hazır olub-olmamasını cavablandıran ekspert qeyd edib ki, 11 illik təhsil sistemi sovet dönəmində tətbiq olunub və dərinləşdirilmiş siniflər üçün nəzərdə tutulub: “Artıq belə bir təcrübə var. 12 illik təhsilə keçid üçün fəaliyyət proqramı və digər proqramlar hazırlanmalıdır. Bir də keçid üçün vaxt lazımdır. Təkcə 12 illiklə məsələ həll olunmur. Amma keçid mümkündür. Hazırlığa qalsa, təhsil məktəblərinin vəziyyəti onsuz da bərbaddır. Ancaq söhbət təşkilatı hazırlıqdan gedir”. Ə.Ağayev ümid edir ki, dünyaya inteqrasiya baxımından 12 illik təhsilə keçid əhəmiyyətli olacaq.Professor Şahlar Əsgərov da bizimlə söhbətində 11 illik təhsillə müqayisədə 12 illik təhsilin daha yaxşı olduğunu bildirdi: “Yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin sayından çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Görünür, bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil. Təhsil müddətini bir az da artırmağın səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir. Bunu alqışlamaq lazımdır. Ola bilsin ki, gələcəkdə orta məktəbdə lap 13-14 il oxusunlar”. Ekspertin fikrincə, təhsildə 12 illiyə getdiyimiz təqdirdə, məsələn, dərsliklərin çoxu dəyişikliyə məruz qalmalıdır. “Bu, ən azı yuxarı sinif dərsliklərinə aiddir. Dərslikləri dəyəri olmayan mövzulardan uzaqlaşdırmaq lazımdır. Fəlsəfi mahiyyəti olan mövzulara üstünlük verilməlidir. Dərsliklər elə olmalıdır ki, şagird orta məktəbi qurtaranda dost və düşmənini tanıya, yaxşı və pisi seçə bilsin”.Tələskənliyə yol verilməməlidirAzad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də hesab edir ki, 12 illik təhsilə keçid Azərbaycan təhsil sisteminin, xüsusən də orta məktəb bölümünün Avropaya inteqrasiyasında yeni imkanlar açacaq. Belə ki, orta məktəblərdə təhsilin bu istiqamətdə aparılması məktəblər qarşısında geniş imkanlar yaradacaq. Bundan əlavə təhsil şagirdlərə bilik və bacarıqlar imkanı qazandıracaq. Proqramların dəyişdirilməsi, daha da modernləşdirilməsi, 21-ci yüzilliyin fənlərinin orta məktəbdə daha geniş tədris olunmasına imkan yaradacaq». AMB sədri hesab edir ki, 12 illik təhsilə keçid həmçinin hazırkı dövrdə çox məşhur olan repetitorluğun qarşısının alınmasına kömək edəcək. «Orta məktəb təhsilinin yuxarı pilləsində təmayüllər üzrə təlimin aparılmasına imkan yaradacaq. Uşaqların dərsə davamiyyəti bərpa olunacaq. Xüsusən yuxarı siniflərdə işləyən müəllimlərin sosial vəziyyətinin yaxşılaşması üçün şərait yaranacaq. İdarəetmədə yeni innovativ üsullardan istifadə olunması imkanlarına yol açacaq. Bu da Azərbaycan orta təhsilinin Avropaya inteqrasiyasına gətirib çıxaracaq». Ekspertin fikrincə, birdən-birə 12 illik təhsilə keçid mümkün deyil. Belə ki, bu işin mərhələlərlə aparılması lazımdır və əvvəlcə pilot məktəblərdə eksperiment kimi həyata keçirilməlidir. İqtisadi əsasları öyrənilməli, kənd məktəblərində hansı nəticəni verəcəyini ortaya çıxarmalıdır. Mərhələli keçid müəyyən tədqiqatlara əsaslanaraq həyata keçirilməlidir: «Ölkələr var ki, 12 illik təhsili tətbiq edir. Onların təcrübəsinin, mənfi və müsbət cəhətlərinin öyrənilməsi, Azərbaycan mühitinə adaptasiyası lazımdır. Biz müəyyənləşdirməliyik ki, Avropa, MDB ölkələrinin təhsil sistemindən hansı elementləri Azərbaycana tətbiq edə bilərik. «Köklü araşdırmalardan, 2-3 illik eksperimentlərdən sonra bu təhsil sisteminə keçid mümkün ola bilər. Təbii ki, bu prosesə keçid ibtidai sinifdən başlayacaq”. Qazaxıstan təhsil sisteminin təcrübəsindən danışan ekspert bildirib ki, ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. Belə ki, onlar bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Hazırda 45 məktəbdə həyata keçirilir. Gələn ildən artıq bu, bütün ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq. 2020-ci ildə onlar bu prosesi başa çatdıracaqlar. DeməkŞ proses üçün 17 il vaxt lazım olub. “Biz də birdən-birə deyə bilmərik ki, bu gün Azərbaycanın təhsil sistemi, onun proqramları, onu idarə və tədris edənlər bu keçidə hazırdır və gələn il bu prosesə başlaya bilərik. Bu, qeyri-mümkündür. Bu, sovet dönəmindəki 6 yaşlıların təhsilinə bənzəyəcək. Azərbaycan ittifaq respublikaları arasında bunu eksperimentsiz və hazırlıqsız birinci tətbiq etməyə başladı. Sonra da imtina etməli oldu. Eyni vəziyyəti yaşamamaq üçün düşünürəm ki, mərhələli, düşünülmüş bir addım olmalıdır. O cümlədən, Ukrayna da 12 illik təhsilə keçib. Onların təhsil sistemindən imtina etmək məsələləri müzakirə olunur. Təbii ki, bu prosesin tərəfdarları ilə bərabər əleyhdarları da var. Birbaşa təhsil naziri sual qoyur ki «12 illik təhsil bizə nə verdi? Biz bundan imtina etsək daha yaxşı olar. Bax bu, həmin tələskən keçidin nəticəsidir. Düşünürəm ki, bizim təhsil sistemində də 12 illiyə keçiləndə tələskənliyə yol verilməməlidir».Hər halda ümid edək ki, 12 illik təhsilə keçiddən sonra ukraynalıların dediyi kimi, «12 illik təhsil bizə nə verdi?” sualını təəssüflə verməyəcəyik.Təranə