Fərdi məlumatların oğurlanması ilə məşğul olan kibercinayətkarlar 2014-cü ildə çoxlu istifadəçiyə hücum ediblər. Lakin buna baxmayaraq istifadəçilərə əvvəlki illərlə müqayisədə az ziyan dəyib. Bu barədə Javelin Strategy & Research şirkətinin dərc etdiyi Identity Fraud Study 2015 hesabatında deyilir.
Şirkətin məlumatına görə, ötən il fərdi məlumatların oğurlanmasından zərərçəkənlərin sayı 2013-cü ilə nisbətən 3 faiz azalıb. Ümumilikdə bu növ cinayətkarlıqla 12,7 milyon ABŞ istifadəçisi qarşılaşıb, halbuki 2013-cü ildə cinayətkarların qurbanı 13,1 milyon olub. 2014-cü ildə dəymiş ziyanın həcmi də 2013-cü ildəki 18 milyard dollardan 16 milyard dollaradək azalıb.
ANN.Az ICTnews-a istinadən bildirir ki, yeni saxta hesabların yaradılması ilə əlaqədar hücumların sayı rekord minimum səviyyəyə enib. Digər kibercinayətkarlıq növləri əvvəlki səviyyədə qalıb. Qeyd olunur ki, yuxarıda göstərilən hücum növlərinin qurbanları akkauntları üçün mövcud təhlükə barədə digər fərdi məlumatların oğurlanmasından zərərçəkənlərlə müqayisədə bir il sonra xəbər tuturlar.
Bildirilir ki, hücumlar qurbanların gələcək həyatına və vərdişlərinə əhəmiyyətli təsir göstərir. Tədqiqata görə, rəyi soruşulan 5 min nəfərin 28 faizi onlara qarşı edilən hücumdan sonra internetdə alış-veriş etməkdən çəkinməyə başlayıb. Bundan əlavə, məlum olub ki, maliyyə məlumatlarına kütləvi müdaxilələr edilən insanlar yüksək risk qrupundadır (onların fərdi məlumatları digər istifadəçilərlə müqayisədə üç dəfə çox oğurlanır). Fərdi məlumatların oğurlanmasından daha çox tələbələr zərər çəksə də, məhz onlar belə mümkün hücumlardan az narahat olurlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !