Masallıda iki gün öncə baş vermiş dəhşətli cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə qisas zəminində törədilib. Xırmandalı kənd sakini, 16 yaşlı Nərminə Ağasəf qızı Şıxıyevanı bir müddət əvvəl rayonun Ərəb kəndində yaşayan xalasının oğlu qaçırıb. Onların yerini bilən Nərminənin digər xalası Hüsniyyə Vəliyeva bu barədə polisə məlumat verib və Nərminəni qaçıran oğlan yaxalanıb. Bundan qəzəblənən Nərminə yaxın qohumlarından qisas almaq məqsədilə onların evinə gedib. Həmin vaxt ailə torpaq sahəsində çalışırmış. Nərminə xalası ilə söhbət etdikdən sonra 9 yaşlı Həsəni götürərək çay kənarına aparıb və burada uşağa bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Həsənin anası Hüsniyyə Vəliyeva hadisəni belə danışıb.
"Yoldaşım dedi ki, arxasınca get, uşağa xəta yetirər. Dedim heç nə etməz, əlində nə varki? Dedi ki, düş uşağın arxasınca. O, elə-belə gəlməyib. Gəldim gördüm ki, uşağı o vəziyyətə qoyub. Gəlin qışqıra-qışqıra mənə tərəf gəlirdi. Dedi Mahirin uşağı al-qanın içindədir. Gəldim gördüm uşaq al-qanın içindədir. Vurulduğu yerdən10 metr sürünüb gəlib, yolun üstündə oturub".Uşağın öldüyünü zənn edən Nərminə onu kanala atıb. 4 aylıq hamilə olan Nərminə Şıxıyeva törətdiyi əməli mobil telefonunun yaddaşına köçürüb. Həsənin atası Mahir Vəliyev də hadisəyə münasibət bildirib."Ədavətin var, bıçağı soxub adamı öldürərlər. Daha bunu telefonla çəkib aparıb göstərmək!? Mənə bunun səbəbkarı lazımdır".Masallı Rayon Prokurorluğunun müstəntiq Elmar Əhmədli hadisənin təfərrüatlarını danışıb."Masallı rayonun Ərəb kənd sakini Nərminə Ağasəf qızı Şıxıyeva Ərəb kəndində yaşayan xalası Hüsniyyə Vəliyevadan qisas almaq məqsədi ilə onun oğlu 2005-ci il təvəllüdlü Həsən Vəliyevə yaşadığı kəndin kənarındakı əkin sahəsində özündə olan bıçaqla boğazının kəsilmiş yarası, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, sağ budunun kəsilmiş-deşilmiş və hər iki əlinin kəsilmiş yaralarından ibarət xəsarət yetirməklə, qəsdən onu öldürməyə cəhd edib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb".Nərminəni qaçıran xalası oğlunun isə azyaşlı qızı qaçırdığı üçün həbsdə olduğu bildirilir. ANN.Az