“Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver”. 1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri atılırdı. “Axar.az” həmin vərəqələrdən bir neçəsini əldə edib. Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək Bakı səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın işləmədiyi, qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı öz maraqlarına görə yönləndirməyə çalışırdı. Həmin çağırış vərəqələrindən 2 bildirişi oxuculara təqdim edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində Sovet hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı deyilir. Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar saat 09:00-a kimi əllərində olan silahlarını aidiyyatı orqanlara təhvil vermələri istənilir və həmin şəxslərin heç bir məsuliyyətə cəlb olunmayacağı vəd edilir. Digər vərəqədə isə xalqa sakitləşmə çağırısı edilərək, hökumət qüvvələrinə bu barədə köməklik göstərmələri xahiş olunur. Vərəqədə Azərbaycanın müəyyən bölgələrindən əhalinin çeşidli miqdarda silah və sursatı hökumətə təhvil verdikləri iddia olunur. Xanlar rayonu (Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə qədər 1 zirehli maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1 əl pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir: “Bakı sakini, doğru qərar qəbul et və silahını təhvil ver”ANN.Az